Kərbəla deyiləndə, Hz. İmam Hüseyndən (ə.s.) sonra ilk yada düşən isim, heç şübhəsiz Hz. Zeynəbdir (s.ə).
Əlbəttə, bu Zəhra (s.ə) və Əli (ə.s.) yadigarının Kərbəladakı bənzərsiz rolu, ömrünün digər illərini kölgə altında qoyduğu üçün həyatının Kərbəla faciəsindən əvvəli gündəliyə çox çıxarılmır. Halbuki onu Zeynəb edən və Kərbəladakı müstəsna roluna hazırlayan amillər və qısacası daşıdığı fəzilətlər fövqəladə əhəmiyyətli olmaqla yanaşı, Onun yaşadığı hər bir an bizlər üçün, xüsusilə də qadınlarımız üçün bir örnək xarakteri daşıyır.
Hz. Zeynəb (s.ə) məşhur rəvayətə görə Hicrətin 5-ci ilində, Cəmaziyələvvəl ayının 5-də Mədinədə dünyaya gəlmişdir. O, hicrətin 17-ci ilində əmisi oğlu Abdullah ibn Cəfər (Cəfər Təyyarın oğlu) ilə ailə həyatı qurmuş və bu izdivacdan Muhamməd, Avn, Əli və Ümmü Gülsüm adlarında dörd uşaq dünyaya gətirmişdir. Muhamməd və Avnın Kərbəla faciəsində İmam Hüseynlə (ə.s.) birlikdə şəhid edildiyi, həyat yoldaşı Abdullah ibn Cəfərin o zaman 72 yaşında olması və yaşlılığı səbəbindən Hz. Hüseynin (ə.s) ordusuna qatıla bilmədiyi rəvayət edilmişdir. Hz. Zeynəb (s.ə), evlənmədən əvvəl nikah aktında “İmam Hüseyndən ayrı qalmağa dözə bilmədiyi üçün o harada olsa bacısının da onunla olması lazım olduğuna” dair Abdullahın qarşısına bir şərt qoymuş, o da bu şərti qəbul etdikdən sonra onunla evlənmişdir.
Hz. Zeynəb qardaşları İmam Həsən (ə.s.) və İmam Hüseynə (ə.s.) inanılmaz dərəcədə məhəbbət və sevgi bəsləyirdi. Hətta Abdullah ilə olan evliliyi belə Onlara olan bu sevgi və məhəbbəti zərrə qədər belə azaltmamışdı. O hər gün onları ziyarət edər, qucaqlaşar, söhbət edər, sağ-salamat olduqlarını görüb sevinər, Allaha şükr edərək evinə qayıdardı. Cəddi Rəsuli-Əkrəmin (s.ə.v.), atası İmam Əlinin (ə.s.), anası Hz. Fatimənin (s.ə) və qardaşı İmam Həsənin (ə.s.) şəhadətlərindən sonra yeganə təsəllisi İmam Hüseyn (ə.s.) idi.
Kərbəla hadisəsi Ona da böyük acılar yaşatmış və O, əsirlər karvanıyla Kufəyə gətirilmişdir. Burada qardaşı oğlu İmam Səccad (ə.s.) ilə birlikdə əsir olmalarına baxmayaraq, Kərbəla həqiqətlərini qorxmadan insanlara təbliğ etmişdir. Şamdakı söhbətləriylə Əhli-Beyti tanımayan xalqı maarifləndirmiş, Mədinəyə qədər əsirlikdə olduğu səfəri əsnasında keçdiyi hər yerdə fövqəladə xütbələriylə Kərbəla qiyamını, İmam Hüseynin (ə.s) məzlumiyyətini, Yezid və yezidilərin zülmünü çəkinmədən insanlara çatdırmışdır. Bu xütbələriylə Əhli-Beytin haqlı olduğunu insanlara çatdırmış, Yezid və tərəfdaşlarının gerçək üzlərini ifşa etməyi bacarmışdır.
O, Kərbəla faciəsinin ardından şəhadətinə qədər gözyaşı tökmüş, babası Rəsuli-Əkrəmdən (s.ə.v.) sonra səbir gözyaşları tökən anası Hz.Fatimə (s.ə) kimi, O da “Səbrli Qəhrəman” olaraq tarixdə müstəsna yerini almışdır. Hz. Zeynəb (s.ə) Hicrətin 62-ci və ya 64-cü ilində vəfat etmişdir. Zeynəbiyyə adı verilən türbəsi, Suriyanın paytaxtı Şamdadır (Dəməşq).
Allah (c.c.) Onun və Hz. Fatimənin (s.ə) şəfaətlərindən ayırmasın.
Mənbə: Hz. Zeynep ve Hz. Mesume”, Prof. Dr. Haydar Baş