Salavat və salam Peyğəmbərimizə (səv) və onun Əhli-Beytinə olsun.
Canlı Quran olan Peyğəmbərimiz, Vida Həccindən dönərkən ümmətinə bu xəbərdarlığı etmişdir:
“Sizə iki əmanət buraxıram: Biri Allahın kitabı Quran, digəri Əhli-Beytim. Bunlara sarıldığınız müddətcə hidayətdəsiniz.”
Elə isə hidayət qaynağı Əhli-Beytdir.
Əhli-Beyt, Qurani Kərimdə Cənabı Haqqın doğru, təmiz, sevilməsi şərt olaraq buyurduğu Peyğəmbər ailəsidir.
Şura surəsinin 23.ayəsində Cənabı Haqq, “(Ya Peyğəmbər!) De: ‘Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-Beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!’ Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)” buyururlar.
Demək ki, Əhli-Beytin sevilməsi fərzdir.
Hz. Peyğəmbərin Vida Həccindən dönərkən irad buyurduğu Qədiri-Xum Xütbəsi, Peyğəmbərdən sonra Hz. Əli Əfəndimizin Öz yerinə xəlifə, qəyyum və imam olduğunu elanı üçündür.
Peyğəmbərin Maidə surəsi 67. ayəsinin yəni ” Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq.” ayəsinin nazil olmasının ardından Hz. Əli Əfəndimizi yerinə xəlifəsi və qəyyumu elan etdiyi İslam aləmində qəbul edilən bir həqiqətdir.
Yəni Maidə 67. ayəsinin ardından edilən bu xəlifə elanı Allahın əmridir.
Orada olan səhabələr Hz. Əlinin xəlifə elanına şahid olmalarına baxmayaraq, bu elandan təxminən 2.5 ay kimi bir müddət sonra baş verən rihlətin ardından Hz. Əlinin xəlifəliyini unutmuşlar.
Hz. Əlinin ilk şiələrindən olan Hz. Səlman Səqifə hadisəsindən sonra Allah Rəsulunun gerçək xəlifəsinin Hz. Əli olduğunu hər fürsətdə bəyan edirdi.
Eyni günlərdə Hz. Əli gecələri xanımı Hz. Fatiməni, oğulları Hz. Həsən və Hz. Hüseyni yanına alaraq mühacir və ənsarın evlərini gəzir və qəsb edilmiş haqqlarını geri almaq üçün onlardan kömək istəyirdi. Ətrafına 40 adam yığaraq onlardan canları bahasına söz aldı və şəfəq vaxtı saçlarını qırxıb, qılınclarını qurşanaraq hüzuruna gəlmələri üçün əhd aldı.
Səhər olduğunda yalnız Səlman, Zübeyr, Mikdad və Əbuzər olmaq üzrə 4 adam saçlarını qırxıb, qılınclarını qurşanaraq onun yanına gəldilər.
Ertəsi axşam Hz. Əli Əfəndimiz yenə eyni evləri gəzdi və 40 adamdan təkrar söz aldı, çox təəssüf ki səhər olduğunda o dörd adamdan başqa kimsə hazır olmadı. Hz. Əli üçüncü gecə təkrar eyni kəslərin evlərini ziyarət etdi. Onlar yenə eyni sözləri verdilər. Ancaq eyni 4 adamdan başqa sözünə sadiq qalan kimsə çıxmadı.
O zaman Hz. Əli, xalqın vəfasızlığını görüncə haqqından imtina edib evinə qapandı. Amma boş dayanmadı. Bu müddət içində Quranı toplamağa başladı.
Səlman Farisi, hər fürsətdə Hz. Əlinin xəlifə olduğu ilə əlaqədar çıxış edirdi: “Allaha and olsun ki, Peyğəmbərin vəsiyyəti və əhdinizə vəfasızlığınızda hər keçən gün daha da pisləşirsiniz. Bəni İsrail qövmünün aqibətinə düçar olacaqsınız. Əgər Hz. Əlinin vəlayət və xilafətinə sarılsanız, Allaha and olsun ki, yer üzünün və səmanın nemət qapılarını sizə açar. Mən sizi xəbərdar edirəm, bu andan etibarən sizlərlə olan yoldaşlıq və dini qardaşlıq bağlarımı qoparıram.”
İmam Cəfər-i Sadiq, Səlman haqqında belə buyurdu: “İmanın on dərəcəsi vardır. Mikdad səkkizinə, Əbuzər doqquzuna və Səlman isə tamına malikdir.”
Səlmanın ən böyük fəzilətlərindən biri, Hz. Əlinin möcüzəvi bir şəkildə Mədinədən Mədainə gələrək Səlmanın qüsl və kəfən işlərini görüb, onu dəfn etməsidir.
Cabir b. Abdullah Ənsari belə izah edir: “Bir gün Hz. Əli, Mədinədə bizimlə səhər namazını qıldıqdan sonra camaata belə xitab etdi: Ey camaat! Uca Allah qardaşınız Səlmanın vəfatında səbirlərinizdən ötəri sizlərə mükafat versin. Sonra Allah Rəsulunun sarığını və cübbəsini geyib, qılıncını götürdü. Və dəvəsinə minərək Qəmbərlə birlikdə Mədainə doğru hərəkət etdi. Yolda gedərkən Qəmbərə saymasını söylədi. Qəmbər hadisəni belə izah edər: Saymağa başladım və on dediyim sırada Səlmanın evinin qarşısında olduğumuzu gördüm.”
Səlmanın dostlarından Zadan belə deyir: “Ey Səlman! Sənə kim qüsl verəcək? deyə soruşdum. Səlman, Rəsulullaha qüsl verən şəxs” dedi. Zadan: “Söylədiyin adam İmam Əli-dir amma o indi Mədinədədir, bu necə mümkün ola bilər? Min fərsahlıq yoldan gəlib sənə necə qüsl verə bilər?”
Səlman: “Mən öldükdən sonra çənəmi bağladığında Onun ayaq səslərini eşidəcəksən çünki Allahın Elçisi bunu mənə xəbər vermişdi.”
Zadan belə deyir: “Səlman öldüyündə çənəsini bağlayıb çölə çıxdığımda Hz. Əlinin Qəmbərlə evin qarşısında dəvədən endiklərini gördüm. Hz. Əli, Səlmanı qüsl və kəfənlədikdən sonra dəfn etdi.” (Qaynaq, İmam Əli əsərimiz)
Allah ayətlə sevilməsi fərz olan Əhli-Beyti sevməyi, yolundan getməyi və sahib çıxmağı nəsib etsin.
Prof.Dr. Haydar Baş