Hz. Əli (ə.s) oğullarına bu vəsiyyəti yazdırdı: “Rahmən və Rahim olan Allah’ın adı ilə. Bu, Əli b. Əbu Talib’in vəsiyyətidir. O, Allah’dan başqa ilah olmadığına, O’nun şəriki olmadığına, Hz. Muhamməd’in də O’nun qulu və elçisi olduğuna şəhadət edər. Müşriklərin xoşuna gəlməsə də dinini bütün dinlərdən üstün edərək, Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Allah’dır. Namazım, ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. O’nun heç bir ortağı yoxdur. Mən belə əmr olundum. Mən müsəlmanların ilkiyəm.
Ey Həsən! Ey bütün oğullarım və ailəm! Təqvalı olmağınızı, ancaq müsəlman kimi ölməyinizi sizə vəsiyyət edirəm. Hamınız birlikdə Allah’ın ipinə sarılıb dağılmayın. Çünki Mən Əbu’l Qasım’ın (s.ə.v) belə buyurduğunu eşitdim: ‘İnsanları bir-birinə yaxınlaşdırmaq, onları barışdırmaq, namazdan da, orucdan da daha fəzilətlidir.’
Qohumlarıza baxın! Namazınızı qılın ki, Allah hesabınızı yüngülləşdirsin. Yetimlərə haqsızlıq etməkdən çəkinin və səslərinə səs verin. Yanınızda onlara haqsızlıq edilməsin. Qonşularınıza haqsızlıq etməyin. Çünki onlar Peyğəmbərinizin sizə əmanətidir. Onlar barədə o qədər vəsiyyət etdi ki, biz onları bizə varis edəcəyini düşündük. Quran’ın əmrlərindən çıxmayın. Sizdən başqaları sizdən əvvəl Quran ilə əməl etməsin. Əvvəl siz əməl edin. Namazınıza diqqət edin. Çünki o, dininizin dirəyidir. Rəbbinizin Beytindən (Kə’bə) uzaqlaşmayın ki, kimsəsiz qalmasın. Sağlığınızda onu ziyarət edin. Onu tərk etsəniz, sizə rəhmət nəzəriylə baxılmaz. Ramazan ayına diqqət edin. Çünki o ayda tutulan oruc Cəhənnəm atəşinə qarşı bir qalxandır. Allah yolunda mallarınız və canlarınızla cihad etməyə çalışın. Zəkatdan boyun qaçırmayın. Çünki zəkat Rəbbin qəzəbini söndürür. Peyğəmbərinizin əshabını himayə edin. Çünki Rəsulullah (s.ə.v) onlara yaxşılıq edilməsini vəsiyyət etmişdir. Yoxsullara və müflislərə kömək edin. Onları dolanışığınıza ortaq edin. Kölə və cariyələrinizə haqsızlıq etməyin. Namaza diqqət edin. Allah yolunda qınayanın qınağından qorxmayın. Allah sizə pislik etməz və sizə haqsızlıq etmək istəyənlərə qarşı sizə yetər. İnsanlara Allah’ın əmr etdiyi şəkildə gözəl sözlər söyləyin. Yaxşılığı əmr etməkdən və pisliyi yox etməkdən əl çəkməyin. Əks təqdirdə, pis adamlarınız iş başına gələrlər. Sonra siz dua etdikdə duanız qəbul olunmaz. Mömin qardaşlarınızla əlaqələrinizi pozmayın. Bir-birinizə yaxşılıq edin. Bir-birinizə arxa çevirməkdən və aranızdakı əlaqələri pozub bölünməkdən çəkinin. Günah və düşmənlik ilə deyil, yaxşılıq və təqva ilə bir-birinizə kömək edin. Allah’a qarşı çıxmaqdan qorxun. Çünki Allah’ın əzabı çox ağırdır. Allah sizi Əhl-i Beyt’in şikayətindən qorusun. Peyğəmbəriniz onları sizin üzərinizə gözətçi qoymuşdur. Sizi Allah’a əmanət edirəm. Sizə salam söyləyirəm. Allah’ın salamı üzərinizə olsun!”(421.c.6.s.705)
Bundan sonra Hz. Əli (ə.s), “La ilahə illallah” sözündən başqa heç nə demədi. O, hicrətin 40-cı ili (b.e. 662) Ramazan ayının 21-də 63 yaşında şəhidlik mərtəbəsinə yetişdi. Ölmədən əvvəl Hz. Həsən’ə (ə.s) belə tövsiyə etdi: “Ey Əbdülmuttəliboğulları! “Möminlərin Əmiri öldürüldü” deyərək insanların qanını axıtmaqdan və qisas almaqdan çəkinin. Mənə görə qatilimdən başqasını öldürməkdən çəkinin. Öldürdükdən sonra cəsədinə əziyyət etməyin. Mən Rəsulullah’ın belə dediyini eşitdim: “Öldürdüyünüz quduz köpək belə olsa, cəsədini ibrətverici bir görkəmə salmaqdan çəkinin!” ” (731.c.5.s.148)
Hz. Əli’ni (ə.s) Hz. Həsən (ə.s), Hz. Hüseyn (ə.s) və Abdullah b. Cafər birlikdə yudular. Namazını Hz. Həsən (ə.s) qıldırdı.(721.c.3.s.337) Hz. Əli (ə.s) Kufə ətrafındakı Nəcəf adlı yerdə dəfn edildi. Bütün dəfn işləri gecə yerinə yetirildi.(49.c.42.s.290)
Mənbə: İmam Əli, Prof. Dr. Haydar Baş