Hz. Xədicə, Hz. Cəbrayılın Rəsulullah (s.ə.v) vasitəsilə Hz. Fatimə (s.ə) haqqında gətirdiyi müjdəni heç vaxt unutmadı və övladına həmişə böyük diqqət və qayğı ilə yanaşırdı.
Rəsulullah’ın (s.ə.v) soyunu davam etdirəcək olan Hz. Fatimə (s.ə) qadınların mal kimi alınıb satılmasına, qız uşaqlarının diri-diri torpağa basdırılmasına səbəb olan cahiliyyə adətləri ictimai münasibətləri müəyyənləşdirdiyi şəraitdə dünyaya gəlmişdir. Onun südəmər dövrü İslamın ən ağır illərinə təsadüf etdiyi üçün çox çətin keçmişdir.
Qüreyşlilər İslam dininin möhkəmlənməsindən qorxduqları üçün Peyğəmbərimizi (s.ə.v) öldürmək istəyirdilər. Ancaq Peyğəmbərimizin (s.ə.v) əmisi Əbu Talib Rəsulullahın (s.ə.v) başına gələcək təhlükələri görüb onu Haşimoğullarından ibarət (Əbu Talib Məhəlləsi) adlanan yerdə yerləşdirdi. Buradakı insanlar İslama olan imanını çəkinmədən etiraf etdikləri üçün üç il mühasirədə aclığa və qıtlığa məruz qaldı. Süddən kəsilən Hz. Fatimə (s.ə), Rəsulullah’ın (s.ə.v) can təhlükəsizliyi üçün gecələri Onun başının üstündə keşik çəkən müsəlmanları şəxsən öz gözləriylə görmüşdür.
Peyğəmbərimiz (s.ə.v) başda olmaqla, əmisi Əbu Talib və Hz. Xədicə anamız bu dövrdə böyük fədakarlıqlar göstərmişlər. Bu ağır dövr bitəndə Hz. Fatimə (ə.s) beş yaşında idi. Hz. Fatimə’nin (s.ə) beş yaşınadək olan uşaqlıq dövrü müsəlmanların ağır mücadilə dövrü ilə üst-üstə düşmüşdür. O, bu dövrdə atasının, anasının və digər müsəlmanların əziyyətinə, aclığına, yoxsulluğuna və eyni zamanda onların inancları uğrunda hər şeyə dözdüklərinə şahid olmuşdur. Hz. Fatimə (ə.s) Atasından İslamın yayılması yolunda hər şeydən keçməyin vacib olduğunu öyrənmiş və bu düşüncə onun gələcək həyatını istiqamətləndirmişdir.
Peyğəmbərliyin 10-cu ili “Hüzn İli” adlanır və bu ildə Hz. Xədicə anamız ilə Əbu Talib vəfat etmişdir. Bu, Hz. Fatimə (s.ə) üçün çətin bir dövrün başlanğıcı idi, çünki anasına ən çox ehtiyacı olduğu bir dövrdə, yəni beş yaşında onu itirmişdi. Hz. Peyğəmbər (s.ə.v) dəfn işlərini həll edib Hz. Fatimə’nin yanına dönəndə “Atacan! Anam haradadır?” deyə soruşdu. Ona necə cavab verəcəyini düşünəndə Cəbrayıl (ə.s) nazil oldu və dedi: “Ya Muhamməd! Fatimə’yə cavabında de ki, anan zümrüd daşından olan bir sarayda tam dinclik və rahatlıq içində yaşayır.”
Rəsulullah (s.ə.v) Hz. Fatimə’ni (s.ə) bağrına basaraq sevgi və mərhəməti ilə anasının yoxluğunu unutdurmağa çalışdı. O, üç il evlənmədi və bütün diqqətini Hz. Fatimə’yə (s.ə) yönəltdi. Mənbələrdə göstərilir ki, Rəsulullah (s.ə.v) daima səfərdən dönəndə və yatmamışdan əvvəl Hz. Fatimə’nin (s.ə) saçlarından və üzündən öpərdi. Rəsulullah (s.ə.v) evləndikdən sonra da Hz. Fatiməni (s.ə) öz şəfqət və qayğısından məhrum etməmişdir. Bu, İslamın qız uşaqlarına verdiyi dəyərin canlı bir nümunəsidir.
Mənbə: Prof. Dr. Haydar Baş, Hz. Fatıma, s. 43-47;
Hazırlayan: Eyvazlı Fatimə.