Ən böyük müsibət İmandan məhrumiyyətdir…

Bir insanın doğru ilə yanlışı ayırd etməsi çox önəmlidir. Bu məsələdə bizim bir fikir sahibi olmağımız üçün Qurani-Kərimə müraciət etmək lazımdır. Bildiyimiz kimi, Quranın furqan cəhəti var. Furqan nə  deməkdir? Furqan batili haqqdan, haqqı batildən ayıran deməkdir. Buna görə də bu bir həqiqətdir ki, mömin bu sifəti Allaha (c.c.) itaət,  ibadət və  təqva ilə qazanır.

Bu mövzuda bir ayəti kərimə oxuyaq: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən bir nur (furqan) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir”. Dəbdəbəli sözlər, bəzəkli kəlmələrlə insanlara bəzi şeylər söylənilə bilər. Bunun doğru və ya  səhv olduğunu hardan biləcəyik? Əgər təqva sahibi olsaq, Allah (c.c.) bizə bütün bunların hansı mahiyyətdə oduğunu ayıracaq bir ölçü verər, yəni bizə furqan nəsib edər.

Buna görə də hər bir müsəlman təqva sahibi olmalıdır. İman edən hər bir insan müsəlmandır. Amma özünü də ciddi səhvlərdən, imani təhlükələrdən qorumalıdır. Bu təhlükələrdən qorunmaq üçün də furqan sahibi olmalıdır. Yəni hikmət sahibi olmalıdır, Allahın (c.c) muradını qavramalıdır. Əgər bunu qavramazsaq, kimlərsə gəlib bizə bəzəkli qabda zəhəri verər və biz də “Aman Allah, necə də mükəmməl yeməkdir” deyib yeyər və zəhərlənib ölərik. Xüsusilə də bu məsələdə çox diqqətli olmalıyıq və təqvalı olmağa çalışmalıyıq.

Təqva əhli olmaq Allahdan (c.c.) qorxmaqdır. Allahı (c.c.) sevməkdir. “Birdən Onun sevgisini itirərəm” qorxusunu insanın öz içində, ruhunda, nəfsində yaşaması deməkdir. Bunu yaşadığımız zaman Allah(c.c.) bizim qəlb gözümüzü, bəsirətimizi açar. Doğrunu yanlışdan, haqqı batildən ayırd etmə ölçülərini bir-bir öyrənərik. Beləcə yanlışa düşməkdən, Allah (c.c.) tərəfindən lütf edilən ölçü ilə özümüzü qoruyarıq.

Amma sadəcə “Mən bu məsələni anladım, ağıl yolu ilə qavradım, həll edərəm” deyərək itaət və ibadətdən uzaqlaşsaq,   çox ciddi sınaqlara düçar olarıq. O sınaqlara düçar olduğumuz zaman  – Allah qorusun –  etiqadımızı, imanımızı itirə bilərik. “Haqqı əldə edəcəyəm” deyərək əksinə, bu dəfə məyus olarıq. Dönub geriyə baxan zaman, dünən etibar etdiyimiz İslami dəyərlərə, Allahın gözəl qayda-qanununa bu səfər etiraz edərik, onları rədd edərik. Çünki biz o qaydaları yaşamadıq. Yaşamadığımız üçün də hikmətini, Allahın məqsədini anlaya bilmədik. Əslində bu böyük bir müsibətdir. Əsl müsibət, bəla insanın iman kimi çox böyük bir lütfdən məhrum olmasıdır.

Yoxsa Cənabi-Haqq bizi xeyir – şərlə imtahan edir. Xəstəlik verir, zənginlik verir, övlad verir, vəzifə verir. Bütün bunlar bizi sınamaq üçündür. “Baxaq görək qullarım bu halda necə davranır”– deyə Allah bizi bu hallarla imtahana çəkir.

Lütf hallarında, yəni xeyir hallarında bizə düşən vəzifə Allaha (c.c.) çox-çox şükr etmək, müsibət hallarında da səbr edib Allaha (c.c.) üsyan etməməkdir. Bütün bu müsibətlər çəkilib gedir. Amma əsl müsibət və ən böyük bəla Allah ilə olan könül birliyini itirdikdən sonra Onun ayətlərinə, Qurana etiraz etmək və alternativ yol icad etməkdir. Əsl bəla məncə budur.

Buna görə də hikmət sahibi olmağa, hikmət sahibi olmaq üçün də təqva əhli olmağa çalışaq ki, Allah (c.c.) bizə bu ilahi duyğunu ehsan etsin və aqibətimizi də xeyir etsin.

 

Mənbə: Prof. Dr. Heydər Baş.  “Hikmetin Sırları” səh.160