Hz. Fatimə’nin (ə.s) son anlarında Hz. Əli’yə (ə.s) vəsiyyətləri

Hz. Fatimə (ə.s) son anlarında Hz. Əli (ə.s) üçün ağlamışdır: “Fatimə (ə.s) can verərkən ağlayırdı. Əli (ə.s): ‘Niyə ağlayırsan?’ deyə soruşanda, Hz. Fatimə (ə.s) buyurdu: ‘Sənin gələcəkdə başına gələcək müsibətlərə ağlayıram.’ Hz. Əli (ə.s) dedi: ‘Ağlama, Allah’a and olsun ki, bunların Mənim üçün bir əhəmiyyəti yoxdur.

Hz. Fatimə (ə.s) ölümün yetişdiyini anladığı üçün Hz. Əli’yə (ə.s) bunları vəsiyyət etmişdir: “Ey əmim oğlu! Şübhəsiz, ölüm xəbərim mənə verilmişdir. Vəziyyətimin necə olacağını bilməsəm də, bir neçə saat sonra atama qovuşacağam. İçimdə saxladığım bəzi şeyləri sənə vəsiyyət edəcəyəm.” Əli (ə.s) Ona dedi: “İstədiyin şeyi mənə vəsiyyət et, ey Rəsulullah’ın qızı!” Əli (ə.s) Fatimə’nin (ə.s) baş tərəfində oturdu, evdə olan digər adamları çölə çıxardı. Sonra Fatimə (ə.s) danışmağa başladı: “Ey əmim oğlu! Səninlə bərabər olduğum gündən bəri sənə heç yalan söyləmədim və xəyanət etmədim, mənimlə yaşadığın müddətdə sənə qarşı çıxmadım.” Əli (ə.s) belə dedi: “Allah’a sığınıram. Sən Allah’ı ən yaxşı bilən, yaxşılıq və təqva sahibi, səxavətli, Allah’dan çox qorxan bir insansan. Allah’a and içirəm ki, heç zaman mənə qarşı çıxmamısan və buna görə də səni qınaya bilmərəm. Sənin ayrılığın və səni itirməyim mənə ağır gəlir. Ancaq bundan qaçmaq da mümkün deyildir. Allah’a and içirəm ki, Rəsulullah’ı (s.ə.v) itirməklə yaşadığım müsibətimi yenilədin. Sənin ölümün və səni itirməyim böyük bir müsibətdir. (Reyahin’üş-Şeriat, c. 1, s. 250, Biharü’l-Envar, c. 43, s. 218)

Biz Allah’dan gəldik və O’na dönəcəyik. Nə faciəvi, nə iztirablı, nə yaralayıcı, nə kədərləndirici bir müsibətdir bu! Bu müsibət qarşısında heç bir təsəlli məni sakitləşdirə bilməz, heç bir başsağlığı bu acını mənə unutdura bilməz. Bu, özündən sonra heç nə qoymayan bir fəlakətdir.”

Sonra birlikdə uzun müddət ağladılar. İmam Əli (ə.s) Fatimə’nin (ə.s) başını sinəsinə qoydu və dedi: “Mənə istədiyini vəsiyyət et! Görərsən, əmr etdiyin hər şeyi yerinə yetirəcəm. Sənin əmr və işlərini öz işlərimdən üstün biləcəyəm.” Hz. Fatimə (ə.s) bunları söylədi: “Mənə qarşı bu münasibətinə görə Allah səni xeyirlə mükafatlandırsın! Ey əmim oğlu! Əvvəlcə sənə tövsiyəm budur ki, məndən sonra evlən! Çünki kişinin bir qadını olmalıdır.” Sonra sözlərini belə davam etdirdi: “Mənə haqsızlıq edən bu adamlardan cənazəmi gizlət! Onlar Mənim və Rəsulullah’ın (s.ə.v) düşmənləridir. Onların və onlara tabe olanların cənazə namazımı qılmalarına izin vermə! Cənazəmi gözlər yuxuya daldığı və hər kəsin yatdığı gecə vaxtı dəfn et!”.

“Biharül-Ənvar” əsərində Hz. Fatimə’nin (ə.s) vəsiyyəti ilə bağlı yazılır: “Ey əmim oğlu! Başım üstündə ağladıqdan sonra məni yu, bədənimi açma! Çünki mən pakam və paklanmışam. Üstümə atam Rəsulullah’ın (s.ə.v) üstünə səpdiyiniz kafurdan qalanı səp! Namazımı qıl, sonra qohumlarım ard-arda gəlib qılsınlar. Məni gündüz deyil, gecə vaxtı; açıq deyil, kimsə görmədən gizlicə dəfn et! Qəbrimin izlərini yox et ki, yeri bilinməsin. Mənə zülm edənlərdən heç kimə cənazəmi göstərmə!

Ey əmim oğlu! Bilirəm ki, Məndən sonra evlənmək məcburiyyətindəsən. Bir qadınla evlənəndə, bir gün və gecəni ona, bir gün və gecəni də uşaqlarıma ayır! Ey Əbul-Həsən! Oğullarımın üstünə qışqırma! Qoy özlərini qanadı qırıq kimsəsiz yetimlər kimi görməsinlər! Çünki onlar dünən babalarını itirdilər, bu gün isə analarını itirəcəklər.”

“Dəlailül-İmamət” adlı sünni mənbəsində bildirilir ki, Hz. Fatimə (ə.s) Rəsulullah’ın (s.ə.v) xanımlarının və Bəni-Haşim qadınlarının hər birinə 12 vaqiyə verilməsini və bacısı qızı Ümaməyə də onu məmnun edəcək bir şeyin verilməsini vəsiyyət etmişdir. Bu əsərdə qeyd olunur ki, Onun vəfatından sonra aşağıdakı yazılı vəsiyyəti tapılmışdır:

“Zül-hüsna bostanı, Sakiyə bostanı, Dəllal bostanı, Giraf bostanı, Rakmə bostanı, Heysəm bostanı, Ümmü İbrahim bostanı məndən sonra Əli b. Əbi Talibə, ondan sonra da oğlum Həsənə, Həsən’dən sonra da Hüseynə, Hüseyn’dən sonra da Hüseyn’in ərşəd (vəlayət yolunun irşad rəhbəri olan) oğluna aid olsun! Yazan: Əli (ə.s). Şahid: Miqdad-Zübeyr.”

Məhəmməd Füzuli “Kərbəla Şəhidləri” adlı əsərində Hz. Əli’nin (ə.s) də Hz. Fatimə’nin (ə.s) son anlarında Ona etdiyi bir vəsiyyətdən bəhs edir: “Ey Fatimə! Sənin vəsiyyətlərini dinlədim və qəbul etdim. Amma  mənim də sənə deyiləsi üç vəsiyyətim var. Birincisi, sənə xidmətdə bir qüsurum varsa, Hz. Məhəmməd’ə (s.ə.v) şikayət etmə! (Ravzatu’l-Vaizin, c. 1, s. 151, Biharü’l-Envar, c. 43, s. 178, Delail’ul-İmamet, s. 42).

İkincisi, Rəsulullah’a (s.ə.v) salamımı çatdır! Üçüncüsü, Rəsulullah’a şükürlərimi bildirərsən!”

 

Prof. Heydər Paş – Hz. Fatimə əsərindən