İmam Muhamməd Baqir (ə.s) Hicrətin 57-ci ilində (Rəcəb ayının sonu və ya Səfər ayının 3-ü) Mədinə şəhərində dünyaya təşrif gətirmişdir.
Atası Əhli-Beyt İmamlarının dördüncüsü olan İmam Zeynalabidindir (ə.s.).
Anası Hz. Həzrət Həsənin (ə.s) qızı Fatimədir (s.ə).
Cənabi-Haqq tərəfindən seçilmiş imamlardan beşincisi İmam Muhamməd ibn Əlidir (ə.s). Ən məşhur ləqəbi Baqirdir. Baqir adının mənası ‘elmi yaran’ deməkdir. Onun dövrünə qədər böyük təzyiqlər altında gizlicə yayılan Əhli-Beyt elmi onun vasitəsilə geniş kütlələrə qədər gəlib çatmış və böyük Əhli-Beyt məktəbi tam mənasında inşa edilmişdir.
İmam Muhamməd Baqir (ə.s), cəddi Rəsulullahın (s.ə.v) salamına nail olmuş böyük bir imamdır.
İbn Mədinədən belə nəql edilir: “Baqir daha kiçik yaşlarda ikən Cabir onun yanına gələrək, “Rəsulullah (s.ə.v.) sənə salam söylədi” dedi.
Cabirdən: “Bu necə oldu?” – deyə soruşuldu. O belə cavab verdi: “Rəsulullahın (s.ə.v) yanında oturmuşdum. Hüseyn (ə.s.) qucağında idi və Onunla oynayırdı. Buyurdu: Ey Cabir! Onun bir oğlu dünyaya gələcək, adı Əli olacaq. Qiyamət günü bir xəbərçi belə səslənəcək: “Seyyidül Abidin” (ibadət edənlərin əfəndisi). Bu zaman onun oğlu ayağa qalxacaq. Sonra onun Muhamməd adında bir oğlu olacaq. Ey Cabir, Onu gördüyün zaman ona məndən salam söylə!”.
İmam Muhamməd ibn Əlinin (ə.s) dövrü, atası İmam Zeynəlabidinin (ə.s) dövrünə görə təzyiqlərin daha az olduğu bir yumşalma dövrü idi.
Xüsusilə xəlifə Ömər ibn Əbdüləziz imama hörmət göstərmişdir.
Məlumdur ki, Rəsulullahın (s.ə.v) Hz. Fatiməyə (ə.s) hədiyyə etdiyi Fədək xurmalığı Əhli-Beyt nəslinin əlindən alınmışdı. Ömər ibn Əbdüləziz bu ərazini Muhamməd Baqirə (ə.s) geri qaytarmışdır.
Ancaq xəlifə Ömər ibn Əbdüləziz öldüyü zaman, haqqı olan imaməti əhlinə vermədiyi üçün İmam Baqir (ə.s) onun haqqında, “Yer əhli ona ağlayır, lakin göy əhli ona lənət edir” buyurmuşdur.
Hədis yazılışının da təkrar başladığı Ömər ibn Əbdüləziz dövründə İmam Muhamməd Baqir (ə.s) və silahdaşlarının topladığı hədislər təməl mənbə təşkil etmişdir.
Müvəqqəti rahatlıqlar olsa da, xilafət və iqtidarın bir-birindən ayrıldığı hər dövr, iqtidarda olanların xilafətin Əhli-Beyt nəslindən uzaqlaşdırma oyunlarıyla keçmişdir. Ümməti Əhli-Beytə qarşı təhrik etmə, Əhli-Beyt sevənlərini qılıncdan keçirmə və Əhli-Beyti gözdən salma səyləri bu dövrdə də sona çatmamışdır.
Xəlifə Əbdülməlik, öz xilafətini möhkəmləndirmək üçün İmam Muhamməd Baqirin (ə.s) həbs olunmasına qərar vermiş, lakin daha sonra qərarından imtina etmişdir. Bundan başqa onun xəlifəliyi dövründə Roma İmperiyası ilə Əməvilər arasında əmələ gələn anlaşılmazlıqdan sonra İmam Baqirin (ə.s) tövsiyyələri nəticəsində ilk İslam axçası dövriyyəyə buraxılmışdır.
Qısaca İmam Baqirin (ə.s) dövrü, elmin və ağılın Əhli-Beyt soyundan olan imamlar tərəfindən yayıldığının xəlifələr tərəfindən də etiraf edildiyi bir dövrdür.
Böyük bir Əhli-Beyt hədis külliyatını yazan İmam Muhamməd Baqir (ə.s), imamətin gerçək sahibləri və təyin edilmiş imamın əhəmiyyəti haqqında hədislər rəvayət etmişdir. Bundan əlavə imamın vəzifəsi haqqında aşağıdakı hədis və ayənin də dəlil olması, Cənabi-Haqqın imamlara verdiyi vəzifənin və dəyərin göstəricisidir: “Cabir, Əbu Cəfərdən (İmam Baqir) (ə s) belə rəvayət etmişdir: “Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq” (İsra 71) ayəsi nazil olduqda, müsəlmanlar soruşdular: Ya Rəsulullah (s.ə.v.) Sən bütün insanların imamı deyilsənmi? ”
Rəsulullah (s.ə.v.) buyurdu: “Mən Allah tərəfindən bütün insanlara göndərilmiş bir peyğəmbərəm, lakin məndən sonra Allah tərəfindən insanlara mənim Əhli-Beytimdən olan imamlar göndəriləcəkdir.
Bunlar insanlar arasından ortaya çıxacaqlar və insanlar tərəfindən təkzib olunacaqlar. Küfrün, pozğunluğun öndərləri və onların tərəfdarları, onlara haqsızlıq edəcəklər. Kim Əhli-Beyt imamlarını özünə dost qəbul etsə, onlara tabe olsa və onları təsdiq etsə o Məndəndir. Mənimlə bərabərdir və Mənimlə qarşılaşacaqdır. Xəbəriniz olsun! Kim onlara haqsızlıq etsə, onları təkzib etsə, o Məndən deyil, Mənimlə birlikdə ola bilməz və Mən ondan uzağam”.
İmam Baqir (ə.s), iman mövzusunun qəlb məsələsi olduğunu və İslam əsaslarından ayrı tutulması lazım olduğunu buyurmuşdur. İslam zahirdir, ancaq iman qəlbdədir.
Bu şərhləri Hücurat surəsinin 14-cü ayəsinin təfsirində bəyan etmişdir.
Humran ibn Ayən belə rəvayət edir: “Əbu Cəfərin (İmam Baqir) (ə.s) belə dediyini eşitdim:
İman qəlbdə yerləşən inancdır, qulu Allaha yönəldər. Allaha itaət etmək və əmrinə təslim etmək şəklindəki əməl isə onu təsdiqləyər. İslam zahiri söz və hərəkətlərdən ibarətdir. İnsanlar bütün qrupları ilə bu zahiri vəziyyət üzrədirlər. Onunla bir adamın qanı toxunulmazlıq qazanar, müsəlman bir qadınla evlənmək caiz olar.
Cəmiyyət namaz, zəkat, oruc və həcc üzərində ittifaq etdilər. Bununla küfrdən çıxıb, imana girdilər.
İslam imana ortaq deyil. Bunun əksinə olaraq isə iman İslama ortaqdır. Bu ikisi söz və hərəkətdə bir-birilə birləşirlər. Eynilə Kəbənin məsciddə olması, bunun əksinə məscidin Kəbədə olmaması kimi …
İman İslama ortaqdır, amma İslam imana ortaq deyil. Allah belə buyurmuşdur: “(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: ‘Biz iman gətirdik!’ – dedilər. (Ya Peyğəmbər! Onlara) de: ‘Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: ‘Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!’ – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, İslamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir)”. (Hucurat, 14). Bu barədə Allahın sözü ən doğru dəlildir”.
Tərəfindən minlərlə hədis nəql edilən böyük imam İmam Baqir (ə.s.), atası İmam Zeynəlabidin (ə.s.) kimi vəzifə sevdası dalınca qaçanların ehtirasları üzündən zəhərlədilərək şəhid edilmişdir. Mübarək qəbri Mədinədə Bəqi qəbiristanlığındadır.
Allah şəfaətlərindən ayırmasın! Prof. Dr. Haydar Baş