…Daha sonra belə səsləndi:
‘Ey Hüseyn! Necə cavab verə bilərsən ki, bütün damarların doğranmış, boğazın kəsilmiş və qanlara bulanmısan! Çünki başını bədənindən ayırmışlar. Təbii cavab verə bilməzsən. Ey Hüseyn! Şəhadət edirəm ki, Sən Peyğəmbərin vasisi və Əli’nin oğlusan. Al-i Əbanın beşincisi və iki cahan xanımlarının ağası Hz. Fatimə’nin (ə.s) oğlusan.’ Cabir belə davam etdi: ‘Niyə belə olmayasan ki, Sən Rəsulullah’ın əlindən yemək yedin, vəlayət qucağında yetişdin, imanın köksündən süd içdin. İslam ilə böyüdün! Sən tərtəmiz yaşadın və haqqın rəhmətinə qovuşdun. Ancaq Səndən ayrılarkən, möminlərin qəlbləri qəm və kədərlə doldu.
Üstünlüyün, təmizliyin və ucalığın barədə heç kimin zərrə qədər şübhəsi yoxdur.
Allah’ın salamı və rəhməti Sənin üzərinə olsun! Ey Hüseyn! Şəhadət edirəm ki, qardaşın Yəhya b. Zəkəriyyənin təqib etdiyi yolda şəhid oldun.’ Cabir Hz. Hüseyn’in qəbrini ziyarət etdikdən sonra, Kərbəlada şəhid olan digər qəhrəmanların məzarlarına da yönələrək belə dedi: ‘Allah’ın salamı üzərinizə olsun! Təmiz və pak Hüseyn’ə canınızı fəda etdiniz və O’nun məzarının yanında dəfn edildiniz. Şəhadət edirəm ki, qanınızla namaz və zəkatı verdiniz. Əmri-məruf və nəhyi-münkəri ən gözəl şəkildə əməlinizlə göstərdiniz. Kafirlərə qarşı cihad etdiniz. Qulluq vəzifənizi ən gözəl şəkildə yerinə yetirdiniz və itaətdə səhv etmədiniz. Hz. Muhamməd’i Peyğəmbər kimi göndərən Allah’a and olsun ki, biz də bu səadət yolunda etdiklərinizə ortağıq.’
Cabirə dedim ki, ‘Ey Cabir, nə demək istəyirsən? Bizlər bu qəhrəmanların əməllərinə necə ortaq ola bilərik? Onlar evlərini, yurdlarını tərk edərək Allah yolunda cihad etdilər və Kərbəlada canlarını Hüseyn’in yolunda fəda etdilər. Qadınları əsir düşdü, övladları yetim qaldı. Biz onların bu əməllərinə necə ortaq ola bilərik?’ Cabir belə cavab verdi: ‘Rəsulullah’ın belə buyurduğunu eşitdim: “Hər kəs pis ya da yaxşı, sevdiyi adamla birgə həşr olunur. İnsan sevdiyi adamın pis ya da yaxşı əməlinə razı olursa onun əməllərinə ortaq sayılır.” Allah’a and olsun ki, mən də Kərbəlada Hüseyn ilə şəhid olmaq istərdim. Mənim və dostlarının arzusu bu idi. Biz də buna görə onların savablarına ortağıq.’
Geriyə dönəndə yolda mənə belə dedi: “Ey Atiyyə! Sənə bir vəsiyyət edəcəm. Ola bilər ki, məni son dəfə görürsən. Ey Atiyyə! Əhl-i Beyt’in düşmənləri namaz qılıb, oruc tutsalar belə, onlara düşmən ol! Əhl-i Beyt’in dostları günahkar olsalar belə, onlarla yaxşı rəftar et! Çünkü Əhl-i Beyt’in dostları cənnət, düşmənləri də cəhənnəm əhlidirlər.”
Mənbə: Prof. Heydər Baş, “İmam Ali” səh. 265