Səhabənin Məkkədən Mədinəyə hicrətindən sonra Hz. Əbu Bəkr Peyğəmbərin (s.ə.v) yanına gələrək hicrət etmək üçün icazə istədi və Hz. Peyğəmbər ona buyurdu: «Tələsmə, yavaş ol! Ümid edirəm ki, Allah (cc) sənə bir yoldaş verər». Hz. Əbu Bəkr, Allah Rəsulunun nəinki gizli bir işarəsi, hətta onun baxışları və ya mimikalarından dərhal nə demək istədiyini anlayıb, ona inanar və əmr qəbul olunardı. Buna görə bu sözlərin nə məqsədlə deyildiyini anladı və iki minik heyvanı alıb hicrət üçün bəsləməyə başladı. Artıq ikisi də ilahi əmri gözləyirdilər.
Müşriklər sui-qəsd qərarını yerinə yetirmək istəyəndə, Hz. Cəbrail Peyğəmbərimizə hicrət əmrini gətirdi: «De ki: Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın yerdən (Məkkədən) xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!» (İsra, 80).
Bu ilahi əmri alan kimi Allah Rəsulu Hz. Əbu Bəkrin evinə gələrək ona: «Uca Allah mənə hicrət üçün izn verdi» buyurdu və Hz. Əbu Bəkr narahatlıqla: «Mən də sənə yoldaş olmaq şərəfinə nail ola biləcəyəmmi, ya Rəsulullah?» deyə soruşdu. Peyğəmbərimizin «Bəli» cavabını eşidəndə göz yaşlarını saxlaya bilmədi. Hz. Aişə: «O günə qədər bir insanın sevincindən belə ağladığını görməmişdim» deyərək atasının keçirdiyi hissləri dilə gətirmişdir.
Allah Rəsulu (s.ə.v) bu ilahi əmrdən sonra yol yoldaşıyla birlikdə yola hazırlıq görməyə başladı və bu işdə Hz. Əbu Bəkrin qızı Əsma onlara çox yardım etdi. Oğlu Abdullah onlara hər gecə xəbər çatdırmalı, qoyun sürüsünün çobanı da sürünü sığınacaqları mağaraya yaxınlaşdırıb, onları südlə təmin etməliydi. Hz. Peyğəmbər yola çıxmazdan əvvəl Hz. Əbu Bəkrin bəslədiyi iki minik heyvanından birini dəyəri mislində satın aldı. Onlar həmçinin Mədinəyə qədər onlara bələdçilik edən etibarlı bir bələdçi axtarırdılar. Bu şəxs müşrik olmasına baxmayaraq etibarlı bir insan olan Abdullah b. Ureykıt idi. Onlar öz aralarında razılaşıb, iki minik dəvəsini ona verdilər və üç gecə sonra Səvr dağı ətəyində görüşməyi qərara aldılar.
Mənbə: Prof. Heydər Baş, “Rəhmətən lil Aləmin” cild 1, səh. 179-180