Rəsulullahın (s.ə.v) hicrəti (m. 622) #2

Yola düşdükləri gecə müşriklər mühasirəyə başlamışdılar. Hz. Peyğəmbər Hz. Əliyə (ra): «Yatağımda uzan yat. Üstün örtülü olsun! Qətiyyən qorxma. Sənə heç bir zərər verə bilməyəcəklər» buyuraraq öz yatağında yatmasını və ona verilmiş əmanətlərin sahiblərini də tanıdaraq, onları sahiblərinə çatdırmadan Məkkədən çıxmamasını əmr etdi.

Məkkəlilər «Muhammədül-Əmin» dedikləri Hz. Peyğəmbərə çox etibar etdiklərinə görə qiymətli əşyalarını ona əmanət edərdilər. Ona ölüm qərarı çıxaranların da Allah Rəsulunda əmanətlərinin olması, insanlığa yaraşmayan nə qədər kədərli bir haldır. Bir yanda ona ölüm hökmü verənlərin əmanətini geri qaytarmaqla əlaqədar əmanətin hər zərrəsində Allah qorxusunu hiss edən uca bir ruh, digər yanda isə, öz nəfslərindən çox etibar etdikləri insanın ölüm fərmanını imzalayan bir yığın qoxumuş nəfs, insanın mələklərdən üstün və heyvandan da aşağı bir varlıq olduğunu ortaya qoyur.

Gecə saatlarında evi mühasirəyə alan təqribən 200 nəfər əli qılınclı adam havanın işıqlaşmasını və Allah Rəsulunun çölə çıxmasını gözləyirdilər. Adətə görə, evinin içində adam öldürməyi adi qorxaqlıq sayan müşriklərin 200 adamla oraya yığışmalarına qorxaqlıqdan başqa nə ad vermək olardı. Nəhayət evindən çıxan Rəsulullah, Yasin surəsinin ilk səkkiz ayəsini oxuyub üzərinə üfürdüyü torpağı başına səpdikdən sonra aralarından keçib getmişdir. Onların Peyğəmbərimizi görməmələri, tamamilə mənəvi bir hadisədir. Gözlərinə bir pərdə və ya ağır yuxu verilmiş və dolayısıyla onlar Hz. Rəsulu görə bilməmişdilər. Onlar sübh çağı yataqdan qalxanın Hz. Əli olduğunu görəndə, özlərini tam itirmişdilər.

Müşriklərin arasından keçib getdikdən sonra Allah Rəsulu Hz. Əbu Bəkrin evinə getmiş və hər ikisi birlikdə Səvr dağına tərəf yollanmışlar.

Mənbə: Prof. Heydər Baş, “Rəhmətən lil Aləmin” cild 1, səh. 179-180