Böyük alim, mütəfəkkir prof. Heydər Başın vəfatının 4-cü ildönümüdür.
Bu gün Türk dünyasının dəyərli övladı, böyük alim prof. Heydər Başın vəfatından 4 il keçir. Onun bu dünyadan köçməsi bütün sevənlərini məyus etdi. Prof. Heydər Baş haqqında keçmişdə danışmaq çox çətin, onu bir məqalə çərçivəsində anlatmaq isə mümkün deyildir. Heydər Baş hocanın islam elmləri, iqtisadiyyat, sənaye, mediya, siyasət, tarix, fəlsəfə, cəmiyyətin maariflənməsi və digər sahələrdə fəaliyyəti o qədər geniş olmuşdur ki, bunları anlatmaq üçün ciddi əsərlər yazılmalıdır. Onun həqiqi İslam tarixinin və Əhli Beyt irsinin araşdırıcısı, aşiqi və davamçısı kimi ərsəyə gətirdiyi 15 cilddən ibarət Əhli Beyt külliyatı, iqtisadiyyat elmini nəzəri və praktiki əsl mənasında izah edən Milli İqtisadi Model əsəri, Türk düşmənlərinin məqsədli olaraq haqqında yanlış fikirlər formalaşdırdığı böyük Atatürkü anladan və hər kəsimdən olan insanlara sevdirən “Xoş gəldin, Atatürk” adlı tarixi araşdırması, insanları birlik və bərabərliyə, Haqqa dəvət edən çıxışları prof. Heydər Başın fəaliyyətinin ana istiqamətləri olmaqla, damarında Türk-Müsəlman qanı daşıyan və haqbilən bütün insanların sevgisini qazanmışdır.
Azərbaycana və xalqımıza dərin sevgisi olan, ölkəmizi də öz doğma vətəni hesab edən, Azərbaycanla bağlı bütün söhbətlərində Ümummilli lider Heydər Əliyevi ehtiram və rəhmətlə xatırlayan prof. Heydər Başa Uca Allahdan rəhmət, ailəsinə və bütün sevənlərinə səbr diləyirik.