10 Ramazan Hz.Xədicə validəmizin vəfatı günüdür

Məkkəlilərin tacirə (tacir qadın) və tahirə (təmiz qadın) adını verdikləri Hz. Xədicə, Məkkədən olan zəngin bir dul qadın idi.

Bir neçə il davam edən maddi vəziyyətin çətinliyi ilə əlaqədar olaraq Hz. Əbu Talib, qardaşı oğlunu iş istəməsi üçün Hz. Xədicənin yanına göndərdi. Hz. Xədicə, əxlaqının gözəlliyi və şöhrəti barədə tez-tez eşitdiyi Hz. Muhəmmədə məmnuniyyətlə karvanını əmanət etdi və ona, köləsi Məysərəni də qoşaraq Qüds yaxınlığındakı Busra deyilən bir yerə göndərdi. Hz. Muhəmmədin burada Nəstura adlı bir keşişlə qarşılaşdığı tarixçilər tərəfindən qeyd olunur. Hər an onun başının üzərində dolaşan bulud keşişin diqqətini cəlb edir və onunla tanış olmağa həvəsləndirir. Əvvəlcə tanış olduğu Məysərəni yanına çağırtdıraraq, ona Hz. Muhəmməd haqqında bəzi suallar vermişdir. Aldığı cavablardan həyəcanlanan keşiş: «O peyğəmbərdir, özü də peyğəmbərlərin sonuncusudur» deməkdən özünə gələ bilməmişdir.

Hz. Muhəmməd (s.ə.v) ticarət işlərini bitirdikdən sonra Məkkəyə qayıtdı. Məysərə səfər boyunca rahibdən eşitdiklərini yəni Hz. Peyğəmbərin üzərində bir buludun davamlı olaraq onu öz kölgəsində saxladığını, onun ticarət işlərində doğruluğunu və şəxsiyyətini Hz. Xədicəyə bir-bir anlatdı. Hz. Xədicənin Peyğəmbərimizə olan hörmət və sevgisi daha da artmışdır. O, iş bəhanəsiylə Hz. Muhəmmədi tez-tez evinə dəvət edir, hədiyyələr göndərir və Allah Rəsulu ilə evlənmək istəyirdi. Nəhayət, məsələni dostu Nüfəysəyə açdı və onun vasitəsiylə 25 yaşında olan Hz. Muhəmməd (s.ə.v.) ilə 40 yaşında olan Hz. Xədicə evləndilər.

Hz. Muhəmməd (s.ə.v.), başladığı mübarizəylə və Cənabi-Haqqın təqdiri ilə əlaqədar olaraq bir çox qadınla evlənmişdir. Lakin, İslama təcavüz etməyi özlərinə borc bilənlər bu məsələdən sün’i şəkildə istifadə edərək Rəsuli-Əkrəmin şəhvət düşkünü olduğunu (Allah qorusun!) iddia edirlər. Rəsulullah (s.ə.v.) 50 yaşına qədər bütün gənclik dövrünü Hz. Xədicə ilə keçirmiş və onunla evli olduğu müddətdə heç bir qadınla maraqlanmamış, ikinci dəfə evlənmək haqqında düşünməmişdir. Şəhvət düşkünü olan insan nəyə görə bu arzusunu təmin etmək üçün 50 yaşına qədər gözləməli idi? Etməli olduğunu gənclik dövründə edərdi. Rəsulullahın (s.ə.v.) mövqeyi, yaşı, sosial statusu yenidən evlənməyə və ya bir cariyə almağa imkan verirdi. Qadınların əşya və ya mal mübadiləsi kimi istifadə olunduğu o dövrün Ərəbistanında bu adi bir hal kimi qəbul olunurdu. Düşünən bir insan üçün heç bir şübhəyə əsas verməyən Cənabi-Haqq, onu hər cür çirkin iddiaya qarşı məhz Hz. Xədicə ilə olan bu evliliyi sayəsində qorumuşdur.

Kainatın Ağası, Hirada aldığı peyğəmbərlik vəzifəsini ilk dəfə xanımı Hz. Xədicəyə anlatmışdır. Yoldaşı belə ağır bir vəzifənin məsuliyyətini zərrədən kürrəyə vücudunda və könlündə yaşadığı an, Cənabi-Haqqın, Hz. Xədicəyə yaşatdığı hal da çox böyük bir məna kəsb edir. O böyük qadın, «Mənə nələr olduğunu bilmirəm» – deyərək narahat olan Allah Rəsuluna: «Müjdələr olsun, möhkəm ol. Canımı qüdrət əlində tutan Allaha and içirəm ki, sən bu ümmətin Peyğəmbərisən. Allah səni əsla tərk etməz. Sən rəhm edən, sözün düzünü danışan, məşəqqətə səbr edən, fəlakətə uğrayanların yardımına çatan və qonaqpərvərsən. Allah belə quluna zamindir» – deyərək, ona dayaq olmuş və könlünü açmışdır. Bu sözlər onun nə qədər uca ruhlu, fəzilətli və inanclı bir qadın olduğunu göstərir. Cənabi-Haqqın mübarək Peyğəmbərinə verdiyi böyük lütflərdən biri də, ona Hz. Xədicə kimi bir zövcəni nəsib etməsidir. Hz. Xədicə bu təcəlliylə İslam tarixində Xədicətü`l-Kübra (Böyük Xədicə) kimi tanınmışdır.

Hz. Xədicə – «möminlərin anası» sifətiylə xatırlanan bu qadın, yalnız yaxşı bir həyat yoldaşı, sadiq bir dost olmaqla kifayətlənməmiş, eyni zamanda islam mübarizəsində çox mühüm xidmətlər göstərmişdir. İslama girmədən öncə və müsəlman olduqdan sonra sərvətini kasıblara paylamaqdan həzz alan bu zəngin qadın, yaradılışı etibarı ilə mərd idi. Onun bu xeyirxahlığı, yayılmış şöhrəti və qazandığı hörmət islam mübarizəsində çox böyük bir əhəmiyyət kəsb edirdi. Peyğəmbərimizə görünən mələklə və ilahi vəzifənin ağırlığı ilə əlaqədar narahatlıq keçirən yoldaşına ilk təskinlik verən və ona ilk iman edən Hz. Xədicə, xristian dininə mənsub olan əmisi Varakanın və mənbələrə görə Abbas adlı birisinin islama gəlməsinə vəsilə olmuş, qadın-kişi, qoca-gənc, kölə və ya azad olan hər bir kəsə İslamı təbliğ etməkdən çəkinməmişdir.

Hz. Əbu Talibin vəfatından üç gün keçdikdən sonra Hz. Peyğəmbər, xanımı Hz. Xədicəni də itirdi. Təslimiyyəti, itaəti, məhəbbət və mərhəmətiylə Allah Rəsulunun qəlbində taxt quran, ona ən böyük dəstək və təsəlli olan Hz. Xədicəni itirmək, ona qarşı xüsusi bir sevgisi olan Allah Rəsuluna çox ağır gəldi. Vəfatından sonra onu heç bir zaman unutmadı və rəhmətlə xatırladı. Allah Rəsulunun bu sözü, Hz. Xədicənin möminlərin könlündə nə qədər ülvi bir yer tutduğunu göstərir: «Öz dövründə olan qadınların xeyirlisi İmran qızı Məryəm idi. Bu ümmətin qadınlarının xeyirlisi də Xədicədir».

Allah şəfaətlərindən ayırmasın!

“RƏHMƏTƏN LİL ALƏMİN HZ. MUHƏMMƏD (S.Ə.V.)”, Prof. Dr. Haydar Baş