HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Əbu Əyyub əl-Ənsari (Xalid b. Zeyd Hazrəci) #3

Əbu Əyyubun Hz. Osmana etirazları:

Əbu Əyyub Mədinədən digər şəhərlərdə yaşayan səhabələrə belə bir məktub yazdı:

“Sizlər öz bölgələrinizdə çalışıb cihad edirsiniz. Lakin İslam’ın əsil mərkəzi olan Mədinədə İslam dini xəlifənin səhv işləri ilə əlaqədar ələ salınır. Mədinəyə gəlin və Hz. Məhəmməd’in  dinini xilas edin!”. (222.c.9.s.161) 

Əbu Əyyub Hz. Əli dövründə üç böyük döyüşdə sərkərdə qismində iştirak etmişdir. (494.c.1.s.13) 

Cəməl və Siffin döyüşlərində iki nəfər Əbu Əyyubun yanına gələrək etiraz etdilər:

“Rəsulullah’ı evində qonaq etmək şərəfi sənə nəsib olmuşdur. İndi Əli’nin yanında dayanaraq müsəlmanlarla döyüşürsən?”

Əbu Əyyub belə cavab verdi:

“Allah’a and içirəm ki, bir gün Rəsulullah’ın yanında idim. Əli O’nun sağ tərəfində, mən də qarşısında oturmuşdum. Birdən qapının tərpəndiyini gördük. Rəsulullah Ənəsə, ‘Bax, qapıda kimdir?’ buyurdu. Ənəs qapını açdı və ‘Ammar b. Yasir’ dedi. Bundan sonra Rəsulullah, ‘Qapını soyu təmiz və pakzadə Ammara aç!’ dedi. Ənəs qapını açdı və Ammar içəri girərək salam verdi. Rəsulullah Ammarın salamını aldı və ona, ‘xoş gəldin’ dedi. Sonra buyurdu ki: “Ey Ammar! Yaxın zamanlarda Məndən sonra ümmətin arasında fikir ayrılığı yaranacaq, çəkişmələr meydana gələcəkdir. Hətta qılınclarla bir-birilərinə hücum edib, bir-birlərini öldürəcək və bir-birilərindən uzaq duracaqlar. Bu vəziyyətdə, sən sağ tərəfimdəki bu adamla, yəni Əli ilə birlikdə ol! O zaman insanların hamısı bir yolda, Əli təkbaşına başqa bir yolda hərəkət etsə, bütün insanların yolunu buraxıb Əli’nin yolundan get! Ey Ammar! Bil ki, Əli səni hidayət yolundan ayırmaz. Ey Ammar! Əli’yə itaət Mənə itaətdir, Mənə itaət də Allah’a itaətdir. (49.c.32.s.315,316) 

Əbu Əyyub Cəməl döyüşündə də böyük qəhrəmanlıqlar göstərmişdir.

Siffin döyüşündən dönərkən bir dəstə müsəlman Əbu Əyyubun yanına gələrək belə dedi:

“Sən Allah Rəsulu’nu evində qonaq etmək şərəfinə nail oldun. İndi gəlib “lailahə illəllah” deyənlərlə döyüşürsən?”.

Əbu Əyyub belə dedi:

“Bir rəhbər xalqını aldada bilməz. Rəsulullah bizə Əli’nin yanındakı Naqisin, Qasidin və Mariqin adlı üç dəstəylə döyüşməyi əmr etdi. Naqisin (verdiyi səsdən imtina edənlər), Bəsrədə Cəməl döyüşünü meydana gətirən Təlhə və Zübeyrdir. Qasidin (haqq və ədalətdən uzaqlaşanlar) indi onlarla döyüşdən döndüyümüz Muaviyə və Amr b. Asdır. Mariqin isə indi kim olduqlarını bilmədiyimiz xurmalıq, kölgəlik və çayların sahibləridir. Lakin Allah’ın izni ilə onlarla da döyüşməliyik.

Rəsulullah’ın Ammara belə buyurduğunu eşitdim:

“Ey Ammar! Zalım bir dəstə səni öldürəcəkdir. Sən həmin anda Haqq ilə və Haqq da səninlədir. Ey Ammar! O zaman insanların hamısı bir yolda, Əli təkbaşına başqa bir yolda hərəkət etsə, bütün insanların yolunu buraxıb Əli’nin yolundan get! Ey Ammar! Bil ki, Əli səni hidayət yolundan ayırmaz. Ey Ammar! Kim qılıncı belinə bağlayaraq Əli’nin düş- mənlərinə qarşı çıxarsa, Allah qiyamət günündə onun boynuna mirvaridən bir gərdanlıq asar. Kim də qılıncı ilə Əli’nin düşməninə yardım edərsə Allah qiyamətdə onun boynuna atəşdən bir gərdanlıq asar. (49.c.38.s.38,39) 

Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 243-244