Allah tərəfindən seçilmiş imamlardan yeddincisi İmam Musa ibn Cəfər, yəni İmam Museyi Kazımdır. İmam Museyi Kazım, İmam Cəfər əs-Sadiqin oğlu və İmam Rzanın atasıdır.
İmamın məşhur ləqəbi olan Kazım, qarşılaşdığı əziyyətlərə və pis rəftara baxmayaraq qəzəbini ram edən mənasını daşıyır.
İmam Kazım dörd yaşında ikən süqut edən Əməvi dövlətindən sonra hakimiyyətə gələn Abbasilər, din simasına bürünmüş, xilafəti əllərinə keçirmiş və Əhli-Beyt soyuna hər cür maddi-mənəvi təzyiq etməkdən çəkinməmişdilər.
Əhli-Beytin dəyişməz qədəri olan əziyyət və məşəqqət, həyatları boyunca onları öz kölgələri kimi daima təqib etmişdir. Belə ki, İmam Musa ibn Cəfər ömrünün on ilə yaxın dövrünü heç bir əsaslı səbəb göstərilmədən həbs olunaraq zindanda keçirtmişdir.
Zindanda keçən günləri də daxil olmaqla, ömrünün mübarək zamanlarını hər an ibadətlə və insanları Haqqa (C.C.) dəvətlə keçirtmiş, zindanda yanına gələnləri maarifləndirmiş və Ona verilən sualları cavablandırmışdır.
İmamın zindana atılması, İmamın qardaşı oğlu Əli ibn İsmayılın xəlifəyə çatdırdığı məlumatlar əsasında icra edilmişdir.
İmam, Əli ibn İsmayılın Ona xəyanət edəcəyini bilirdi və əvvəldən xəbərdarlıq etmişdi.
Harun Rəşid İmamın haqqında xüsusi olaraq maraqlanmış və Əli ibn İsmayıl da ona belə bir hesabat vermişdi:”Şərqdən və qərbdən ona çoxlu pul gəlir, bu yaxınlarda isə 30 min dinar ödəyərək Mədinədə bir ferma satın almış, ferma sahibi dinarları bəyənməmiş, İmam da başqa dinarlarla ona olan borcunu ödəmişdi”.
Bu hesabatın əvəzində Harun Rəşid, Əli ibn İsmayıla 200 min dinar verilməsini əmr etmiş, lakin Əli ibn İsmayıl bu pulları əldə etmədən canını tapşırmışdı.
Xəlifə Harun Rəşid, xilafət məqamının əlindən çıxacağından qorxaraq Onun həbsinə məhz bu hesabatdan sonra qərar vermişdir.
Rəvayətə görə Harun Rəşid, Hz. Peyğəmbərin qəbrinin üstündə, “Onu həbs etmək istəyirəm. Çünki O, sənin ümmətin arasında ayrıseçkilik salıb qanlarını tökmək istəyir “- demişdir.
İmam Kazımın zindandakı illəri barəsində şəxsi şərhi isə belədir:
“Allahım! Sən də bilirsən ki, mən daha yaxşı ibadət edə bilmək üçün Səndən uyğun bir yer istəmişdim. Mənə bunu nəsib etdiyin üçün Sənə şükürlər olsun”.
Zindanda İmam o qədər uzun səcdələrdə olardı ki, hətta səhər namazından günorta əzanına qədər səcdədə dua edərdi.
Xilafətlə iqtidarın bir-birindən ayrıldığı dövr kimi səciyyələnən İmam Kazımın dövründə Harun Rəşid məhz iqtidarı uğrunda Onu həbs etdiyini heç də gizlətmirdi. Belə ki, İmama nəzarət edən gözətçilər xəlifə Harundan:’Sənin barəndə Onun heç bir bəd duası və şikayəti yoxdur, niyə hələ də zindanda saxlayırsan? ‘ – soruşduqları zaman Harun Rəşid:”Onu buraxa bilmərəm. Belə lazımdır, bundan başqa çarə yoxdur” – etirafını etmişdir.
Allah tərəfindən seçilmiş imama beyət etmək əvəzinə xəlifəyə inanmağın yanlış bir yol olması, məsum imamlar tərəfindən daima dilə gətirilmiş və bu barədə davamlı olaraq xəbərdarlıq edilmişdir.
Ancaq aşağıdakı örnək hadisə xəlifə ilə münasibətdəki incə ölçünü də ortaya qoymaqdadır.
Səfvan ibn Mahrani-Camal, İmam Kazımın hüzuruna gəldiyi zaman İmam belə buyurdu:
“Ya Səfvan, bir işin müstəsna, digər işlərin yaxşı və gözəldir”.
“O nədir, Ey Rəsulullahın oğlu?”- deyə Səfvan soruşdu.
İmam belə buyurdu: “Dəvələrini Haruna icarəyə verməyin”.
Səfvan: “Onun gəzintiyə çıxması, ova getməsi və bu kimi işləri üçün icarəyə verdim. Hətta özüm belə işə qarışmadım. Bu iş üçün bir xidmətçi tutdum” -dedi.
İmam buyurdu: “Dəvələrini ona icarəyə verməyin səncə doğrudurmu?”
Səfvan ‘bəli’ dedi.
İmam: “İcarə müddəti bitənədək, dəvələrin sənə geri verilənədək onun yaşamasını istəyirsənmi?” – deyə soruşdu.
Səfvan yenə ‘bəli’ dedi.
İmam: “Onların yaşamasını, həyatda qalmasını istəyən hər kəs onlar kimidir” – deyə cavab verdi.
Ataları İmam Muhəmməd Baqir və İmam Cəfərin (ə.s.) meydana gətirdiyi Əhli-Beyt məktəbi Onun dövründə qorunmuş və inkişaf etdirilmişdir.
İmamiyyə fiqhinin bir çox mövzudakı görüşü İmam Kazımdan gələn hədislərə və rəvayətlərə əsaslanır.
İmam Musa ibn Cəfər, Əhli-Beyt məktəbində bir çox qiymətli insan yetişdirdiyi kimi, özündən sonrakı nəsillərə də nəhəng bir mədəniyyət mirası qoyub getmişdir.
Təxminən min səhifəlik və üç cüzdən ibarət Müsnədində əqidə, tarix, təhsil, əxlaq, şəriət hökmləri, dualar və ziyarətlər haqqında məlumatlarla yanaşı, elmi mübahisələri və tələbələrinin dəyərləndirmələri də yer almışdır.
Əməvilər və ondan sonra qurulan Abbasilərin Əhli-Beyt imamlarını və onların davamçılarını əziyyətlə, zülmlə təzyiq altında saxlamaq ilə yalan hədis uydurma səyləri, əsasən Əhli-Beytin və vəhyin mənbəyindən yayılan İslam nurunu gizlətmək məqsədi daşıyırdı. Ancaq buna baxmayaraq İmam Museyi Kazım ilə başlayan və sonra da davam edən Əhli-Beyt məktəbinin qarşısı alına bilinməmişdir.
Bugünkü Anadolu torpaqlarının İslamla şərəflənməsi, bu mübarək İmamın nəslindən olan Hünkar Hacı Bektaş Vəli vasitəsilə olmuşdur.
Allah şəfaətlərindən ayırmasın.
(Geniş məlumat üçün baxın: İmam Musa Kazım-Prof. Dr.Haydar Baş)