Qədr-i Xum bayramınız mübarək

     

    logo

    “Ya Peyğəmbər! Rəbb’in tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allah’ın) risalətini yerinə yetirmiş olmazsan. Allah Səni insanlardan qoruyacaq.” (Maidə, 67). Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslam’ı bəyənib seçdim.” (Maidə, 3).

    Əbu Səid Hudridən belə nəql edilmişdir:

    Hz. Peyğəmbər (s.ə.v.) Zilhiccə ayının onsəkkizi, Cümə axşamı günündə Qədr-i Xum deyilən yerə endiyində, insanları Əliyə dəvət etdi və Onun iki qolundan tutaraq yuxarı qaldırdı; belə ki insanlar Allah Rəsulunun qoltuqlarının bəyazlığını gördü. Ondan sonra belə buyurdu:

    “Allahu əkbər! Dinin təkmil olması, nemətin tamamlanması və Mənim risalətimə və Məndən sonra Əlinin vəlayətinə Rəbbin razı oluşundan ötəri, Allaha həmd olsun. Mən kimin mövlası (vəlayət sahibi) isəm, Əli də onun mövlasıdır.”

    Cərirdən belə nəql edilmişdir:

    Vida Həccində, həcc mərasimi üçün Rəsulullah (s.ə.v.) ilə birlikdə idik. Dönüşdə “Qədr-i Xum” deyilən bir yerə çatdıq. Allah Elçisi (s.ə.v.) namaz üçün toplanmamızı əmr etdi. Bizlər (Mühacirlər və Ənsar) toplandığımızda, Allah Elçisi (s.ə.v.) aramızda ayağa qalxaraq belə buyurdu: “Ey insanlar, nəyə şahidlik edirsiniz?” Onlar da, “Allahdan başqa ilah olmadığına şahidlik edirik” dedilər. Təkrar soruşdu: “Sonra nəyə şahidlik edirsiniz?” Bu cavabı verdilər: “Məhəmmədin (s.ə.v.) Allahın qulu və Elçisi olduğuna.”

    “Yaxşı bəs sizin vəliniz kimdir?” deyə soruşduğunda, “Allah və Onun Elçisi bizim mövlamızdır” dedilər.

    Ravi deyir ki, Allah Elçisi (s.ə.v.) daha sonra Əlinin çiyninə vurdu və Onu ayağa qaldırdı. Daha sonra da qollarından tutdu və belə buyurdu:

    “Allah və Rəsulu kimin mövlası isə bu (Əli) da onun mövlasıdır. Allah’ım, O’nu sevəni sev və O’na düşmən olanın düşməni ol! Allah’ım, insanlardan kim O’nu sevərsə, Sən də O’nun sevgilisi ol və kim O’na nifrət edərsə Sən də ona nifrət et!”

    Sa’d tərəfindən belə nəql edilmişdir: “Məkkə yolunda Rəsulullah (s.ə.v) ilə birlikdə idik. “Qədr-i Xum” deyilən yerə çatanda, insanların durmasını əmr etdi. Sonra irəli gedənləri geri çağırdı və arxada qalanlar da yanına tələsdilər. Hər kəs yanına gələndə, onlara belə müraciət etdi: “Ey insanlar! Sizin vəliniz kimdir?” Üç dəfə, “Allah və Rəsulu’dur” dedilər. Sonra Əli’nin əlindən tutub, ayağa qaldırdı və belə buyurdu: “Kimin vəlisi Allah və Rəsulu isə bu (Əli) da onun vəlisidir. Allah’ım, O’nu sevəni sev və O’na düşmən olana düşmən ol!”

    İmam Əhməd b. Hanbəlin “Müsnəd” əsərində belə söylənilir: “Abdullah bizə atasından, o da Affandan, o da Hammad b. Sələmədən, o da Əli b. Zeyddən, o da Adiy b. Sabitdən, o da Bəra’b. Azıbdən belə nəql etmişdir: “Biz bir yolçuluqda Rəsulullah (s.ə.v) ilə birlikdəydik. “Qədr-i Xum” deyilən yerdə dayandıq. Hamımızın toplanması üçün elan oxundu. İki ağacın altı Allah Rəsulu (s.ə.v) üçün təmizləndi. Allah Rəsulu (s.ə.v) zöhr namazını qıldıqdan sonra Əli’nin əlini tutdu və belə buyurdu: “Məgər Mənim hər möminin öz nəfsindən daha əvla olduğumu (üzərində vəlayət və hökm haqqına sahib olduğumu) bilmirsiniz?” (Müsəlmanlar) “Bəli bilirik” – dedilər. Bundan sonra Əli’nin əlini tutduğu halda belə buyurdu: “Mən kimin mövlası isəm Əli də onun mövlasıdır. Allah’ım, onu sevəni sev, ona düşmən olana düşmən ol!” Sonra Ömər (b. Xəttab) Əli’nin qarşısına keçib O’na belə dedi: “Xoş Sənin halına ey Əbu Talib’in oğlu! Hər mömin kişi və qadının mövlası oldun!” Bu hədislərin doğru olduğunu, bütün mühəddis və tarixçilər təsdiq etmişdir.”

    Sənədlə əsaslanmış bir şəkildə İmam Cəfəri Sadiq’in (ə.s.) atasından, onun da atalarından Rəsulullah’ın (s.ə.v.) belə buyurduğu rəvayət edilmişdir: “Ümmətimin ən fəzilətli bayramı Qədr-i Xum günüdür. Qədr elə bir gündür ki, onda Uca Allah Mənə zikri, qardaşım Əli b. Əbu Talib’i, ümmətim üçün Məndən sonra özü ilə doğru yolda olanları bir nişanə ələm olaraq bildirməyimi əmr etmişdir. Bu elə bir gündür ki, onda Allah (c.c.) dini kamilləşdirdi, ümmətim üçün o gündə neməti tamamladı və artıq İslam’ın onların dini olmasına razılıq göstərdi.” Sonra belə davam etdi: “Ey camaat! Şübhəsiz, Mən Əli’dənəm, Əli də Məndəndir. O, Mənim xəmirimdəm yaradılmışdır. Məndən sonra xalqın imamı da O’dur. Mənim sünnətimdə fikir ayrılığına düşdüklərini onlara izah edəcəkdir. O, möminlərin əmiri, ağüzlülərin rəhbəri, möminlərin rəisi, vasilərin ən yaxşısı, dünya qadınlarının ağasının həyat yoldaşı və hidayət imamlarının atasıdır. Kim Əli ilə xoş əlaqə qurarsa, Mən də O’nunla xoş əlaqə yaradaram. Kim Əli ilə əlaqəsini kəsərsə, Mən də O’nunla əlaqəmi kəsərəm. Əli’ni incidəni incidərəm, sevəni sevərəm, düşməninə düşmən olaram.”

    Sənədli bir başqa hədisdə Qasım b. Yahya, babası Həsən b. Rəşid tərəfindən belə söyləmişdir: “İmam Cəfər Sadiq’ə (ə.s.) dedim ki: “Canım Sənə fəda olsun, müsəlmanlar üçün iki (Qurban və Ramazan) bayramından başqa bir bayram varmı?” Buyurdu ki: “Bəli, ey Həsən, o ikisindən daha böyük və daha fəzilətli bir bayram vardır!” “O, hansı gündür?”- deyə soruşanda, belə buyurdu: “Əmirə’l-möminin Əli’nin (ə.s.) insanlara rəhbər olaraq seçildiyi gün.” Təkrar, “Canım Sənə fəda olsun, tarixdə o hansı gündür?” – deyə soruşdum. Belə davam etdi: “Günlər dönüb durmaqdadır. O gün, zilhiccə ayının on səkkizinci günüdür!” Dedim ki: “Qurbanın olum, o gün nə etmək məsləhətdir?” Buyurdu ki: “O günü oruc tutarsan. Hz. Məhəmməd və Əhl-i Beyti’nə çoxlu salavat gətirib, onlara zülm edənlərdən və haqlarını inkar edənlərdən üz döndərərsən. Keçmiş peyğəmbərlər vasilərinə, vasinin seçildiyi günü bayram etmələrini əmr edərdilər.” Sonunda, “O gündə oruc tutanın nə qədər savabı vardır?” deyə soruşanda, “Altmış ayın orucunun savabı”buyurdu.

    Mufazzal İmam Cəfər Sadiq’dən (ə.s) belə nəql etmişdir: “Qədr-i Xum günü oruc tutmaq altmış ilin kəffarətidir!” Əli b. Hüsəyni’l-Abdi, İmam Cəfər Sadiq’dən (ə.s) belə eşitdiyini söyləmişdir: “Hər il Qədr-i Xum günü oruc tutmaq Allah yanında qəbul olmuş yüz həcc və yüz ümrəyə bərabərdir. O, Allah’ın ən böyük bayramıdır.”

    Əhməd b. Məhəmməd b. Əbu Nasr belə deyir: “Biz İmam Əli Rza’nın (ə.s.) yanında idik. Məclis insanla dolmuşdu. Qədr günündən söz açıldı. Bəziləri onu inkar edəndə İmam Rza (ə.s.) belə buyurdu: “Atam Mənə atasından belə nəql etdi: “Heç şübhəsiz, Qədr günü göydə yerdən daha məşhurdur. Firdövs-i A’la’da (Cənnətində) Allah’ın bir sarayı vardır ki, kərpiclərinin hər biri sırayla qızıl və gümüşdəndir.” Sonra bu sarayın xüsusiyyətlərini və Qədr günündə mələklərin orada toplanıb, o günün gözəlliklərini dilə gətirmələrindən bəhs etdi və sonra belə davam etdi: “Ey İbn Əbu Nasr! Harada olursan ol, Qədr günündə Əmirə’l-mömininin (ə.s.) (türbəsinin) yanında hazır ol! Çünki heç şübhəsiz Allah, (o gündə) hər kişi və qadın möminin, hər kişi və qadın müsəlmanın, altmış illik günahını bağışlayar. Ramazan ayında, Qədr Gecəsi’ndə və Fitr Bayramı gecəsində olanların iki qatı qədər insan (Cəhənnəm) atəşindən azad olar. O gün arif və mömin qardaşlarına verdiyin bir dirhəm (başqa günlərdə verilən) min dirhəmə bərabərdir. O halda, bu gündə qardaşlarına (ehsanını) artır və hər mömin kişi və qadını sevindirməyə çalış!”

    Sənədli bir şəkildə Əlkamə b. Məhəmməd Hazrəmi vasitəsilə İmam Məhəmməd Baqir (ə.s.) tərəfindən belə söylənmişdir: “Rəsulullah (s.ə.v.) həcc vəzifəsini Mədinədən (Məkkəyə) gedərək yerinə yetirmişdir. O vaxta qədər həcc və vəlayətdən başqa bütün şər’i hökmləri insanlara təbliğ etmişdi. Cəbrail (ə.s.), Rəsulullah’a (s.ə.v.) gələrək, “Ya Məhəmməd” dedi, “Allah Sənə salam söyləyir və belə buyurur: “Mən canını alacağım hər Peyğəmbərimin və hər Rəsulumun canını, ancaq dinimi kamilləşdirdikdən və hüccətimi tamamladıqdan sonra alaram. Bu dindən də Sənin üzərində təbliğ etməli olduğun iki fərz qalmışdır: həcc fərzi və Səndən sonrası üçün vəlayət və xilafət fərzi. Mən yer üzünü hüccətsiz buraxmadım və əsla buraxmayacağam.” Cəbrail (ə.s.) belə davam etdi: “Allah (azzə və cəllə) Sənə həcci qövmünə təbliğ etməyini əmr edir. Səninlə birlikdə Mədinə və ətrafından, bədəvilərdən kimin getmək imkanı varsa onlar da Səninlə həcc ziyarəti etsinlər ki, onlara da namazı, zəkatı və orucu öyrətdiyin kimi həcc ziyarətini də öyrədəsən.” Bundan sonra Allah Rəsulu’nun (s.ə.v.) carçısı insanlara belə səsləndi: “Allah’ın Rəsulu həcc ziyarəti etmək istəyir və əvvəlki şər’i hökmlərdə olduğu kimi, həccin də hökmlərini sizə öyrətməyi qarşısına məqsəd qoyur.” Beləcə Rəsulullah (s.ə.v.) yola çıxdı və O’nunla birlikdə bir çox insan da yola düzəldi. Rəsulullah’ın (s.ə.v.) nə etmək istədiyini görmək üçün O’na diqqət yetirdilər. Bu səfərdə Mədinə və ətrafından, bədəvilərdən Rəsulullah (s.ə.v.) ilə həcc ziyarətinə çıxanların sayı yetmiş mindən artıq idi.

    Rəsulullah (s.ə.v.) həcc ziyarətini bitirib, Mədinəyə doğru yola çıxdı. Cuhfəyə yetişmədən Qədr-i Xum deyilən yerə çatdı və bu anda Cəbrail (ə.s.) nazil olub, “Ey Məhəmməd!” dedi, “Allah (azzə və cəllə ) Sənə salam edir və belə buyurur: “Ya Peyğəmbər! Rəbb’in tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, (Allah’ın) risalətini yerinə yetirmiş olmazsan. Allah Səni insanlardan qoruyacaq.” (Maidə, 67).

    Bir ucu Cuhfəyə yaxınlaşan müsəlmanların öndə gedənlərinin geriyə çağrılmalarını və geridə qalanlarının da orada toplanmalarını əmr etdi. Ardından Allah Rəsulu (s.ə.v.) namaza toplanma əmri verdi. Oradakı ağacların altının təmizlənməsi və minbər şəklində daşların üst-üstə qoyulmasını əmr etdi. İnsanları yaxşı görmək üçün onların üzərinə çıxdı və Allah’a (c.c.) həmdü-səna edərək sözə başladı: “Həmd və səna birliyində uca, təkliyində yəqin, hakimiyyətində cəlalətli və rütbəsində əzəmətli olan Allah’a məxsusdur. Allah’ın elmi yerlərində qaldıqları halda hər şeyi əhatə etmişdir. O, bütün yaratdıqlarını qüdrət və elmi ilə hakimiyyəti altına almışdır. Allah həmişə şükr edilmiş və həmişə də tərif ediləcəkdir. O, yox olmayan bir əzəmətin sahibidir. Yaradan O’dur. Yenidən dirildən də O’dur. Hər iş O’na dönməkdədir. Yüksəldilmişləri (məcazi mənada göylərə və göy cismlərinə işarə edilir) yaradan, sərilənləri (məcazi mənada yer üzünə işarədir) sərən, yerlərin və göylərin Hökmdarı, pak, saflaşmış mələklərin və ruhun Rəbbi, yaratdığı hər şeyə xeyirxahlıq edən, özünə yaxınlaşan hər kəsə lütf edən O’dur. Hər göz O’nun nəzarətindədir. Amma gözlər O’nu görə bilməz. Allah yardım edən, helm sahibi və səbr edəndir. Rəhməti hər şeyi əhatə etmiş, neməti ilə hamıya yardım edəndir. İntiqam almağa tələsməz və qazanılan əzabını dərhal yerinə yetirməz. Batinləri və gizlilikləri anlar, daxildən xəbərdardır. O’nun üçün gizli bir şey yoxdur və gizliliklər O’na gizli qalmaz. Hər şeyi əhatə edən O’dur. Hər şeyə qələbə çalan O’dur. Hər şeydə qüvvət O’dur. Hər şey üzərindəki qüdrət O’dur. O’nun tayı-bərabəri yoxdur. Heç bir şey yox ikən, heçdən var edən O’dur. Əbədidir. Ədalət ilə daimdir. İzzət və hikmət sahibi O’dur. O’ndan başqa ilah yoxdur. O, gözlərin idrakından ucadır. Amma Özü gözləri dərk edər və görər. O, lütf sahibi və biləndir. Heç kəs görməklə sifətlərinə yetişməz. Əziz və Cəlil olan Allah’ın Özünün yönəltdiyindən başqa heç kəs, şəxsən gizli və açıq olanlar barədə bir şey əldə edə bilməz. Şəhadət edirəm ki, O, qüdsiyyəti ilə zamanı dolduran bir Allah’dır. O’nun nuru əbədiyyəti əhatə etmişdir. O, əmrlərini, istişarə (məsləhət) edilən kəslərlə istişarə etmədən yerinə yetirər. Təqdirində ortağı, tədbirində heç bir yardımı yoxdur. Yaratdığı hər şeyi nümunə və misal kimi deyil, heç kimdən yardım almadan, zəhmət çəkmədən, fikir və çarə axtarışına ehtiyac duymadan yaratmışdır. Allah yaratdıqlarını icad etdi və onlar da vücuda gəldilər. Yaratdı və onlar da zahir oldular. Bəli O, Özündən başqa ilah olmayan Allah’dır. O’nun etdiyi sağlam, gördüyü iş gözəldir. Zülm etməyən bir Adil və işlərin özünə döndüyü bir kərəm sahibidir. Şəhadət edirəm ki, hər şeyin əzəməti qarşısında itaət etdiyi, hər şeyin izzəti qarşısında zəlil olduğu, hər şeyin qüdrəti qarşısında təslim olduğu, hər şeyin heybəti (möhtəşəmliyi) qarşısında boyun əydiyi ilah O’dur. Padşahların padşahı, Fələkləri (qalaktikaları) döndürən, Günəş və Ayı ram edən də O’dur. Hər şey təyin edilmiş bir zamanla hərəkətdədir. Sürətlə bir-birlərini təqib edən gecəni gündüzə, gündüzü də gecəyə geydirir. Hər inadcı zalımı aşırıb yıxan və hər üsyankar şeytanı həlak edən O’dur. O’nun ziddi və O’nunla birlikdə olan yoldaşı mövcud deyildir. O, təkdir və möhtac olmayandır. O, nə doğulmuş, nə də doğmamışdır. O’nun heç bir bənzəri yoxdur. Tək olan Allah əzəmət sahibi olan Rəbb’dir. İstəyən və istədiyini dərhal yerinə yetirən, iradə edən və iradə etdiyini dərhal müqəddər edən (qədərə yazan), bilən və bildiyini dərhal sayan, öldürən və dirildən, yoxsul edən və zənginləşdirən, güldürən və ağladan, yaxınlaşdıran və uzaqlaşdıran, əsirgəyən və bağışlayan O’dur. Hökmdarlıq, həmd və səna O’na məxsusdur. Xeyir O’nun əlindədir. O, hər şeyə qadirdir. Gecəni gündüzə, gündüzü gecəyə geydirir. O’ndan başqa ilah yoxdur. Allah izzət və bağışlanma sahibidir. Duaları qəbul edən, çox ehsanda olan, nəfəsləri sayandır. Cinlərin və insanların Rəbbidir. Heç bir şey O’na çətin deyildir. Yardım istəyənlərin fəryadı, israr edənlərin israrı O’nu bezdirməz. O, salehlərin (haqq yolda olanların) qoruyucusu, nicat tapanların uğur gətiricisi, möminlərin ehtiyac sahibi və aləmlərin Rəbbi’dir. Hər halda yaratdığı hər şeyə görə şükr edilməsi vacib olan Allah’dır. O’na həmd edirəm. Davamlı olaraq şükr edirəm. Sıxıntı və rahatlıq, çətinlik və əmin-amanlıq halında O’na şükr edirəm. O’na, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman edirəm. O’nun əmrini dinləyir və sadəcə O’na itaət edirəm. O’nu razı edən şeylərə təşəbbüs göstərirəm. İtaətində rəğbət bəslədiyimə və cəzasından qorxduğuma görə O’nun müqəddəratı qarşısında təslim oluram. Çünki edilən hiylələrin vaxtında qarşısını alan və əsla zülm etməyən Allah O’dur. Allah üçün nəfsimlə əlaqədar qulluğumu etiraf edir və O’nun Rəbb olduğuna şəhadət edirəm. Mənə vəhy etdiyi hər şeyi yerinə yetirirəm. Belə etməsəm, Mənə verəcəyi əzabından qorxuram. Şübhəsiz, qurulan heç bir böyük hiylə və qurmalar, hətta səmimi dostluq belə, O’nun əzabını dəf edə bilməz. Allah’dan başqa ilah yoxdur. Allah Mənə endirdiyini təbliğ etmədiyim təqdirdə, risalətimi yerinə yetirməmiş olacağımı elan etdi. Məni insanların şərrindən qoruyacağına zəmanət verdi. Allah kifayət edən və ucalıq sahibidir. Allah Mənə belə vəhy etmişdir: “Ya Peyğəmbər! Rəbb’in tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, (Allah’ın) risalətini yerinə yetirmiş olmazsan. Allah Səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (Maidə, 67). Ey insanlar! Allah’ın Mənə endirdiyini heç bir səhv buraxmadan olduğu kimi sizə çatdırdım. Mən bu ayənin enmə səbəbini sizlərə bildirirəm: “Cəbrail üç dəfə Mənə nazil oldu və ismi Salam olan salam sahibi Rəbb’im tərəfindən bu yığıncaq yerində ayağa qalxaraq, ağ və qara (irqdən) hər kəsə bunu elan etməyimi əmr etdi: “Əli bin Əbu Talib Mənim qardaşım, vasim, xəlifəm və Məndən sonra imamdır. Harun Musa’ya görə kimdirsə, O da Mənə görə O’dur. Fərq ondadır ki, Məndən sonra peyğəmbər gəlməyəcəkdir. O, Allah və Rəsulu’ndan sonra sizin vəlinizdir (vəlayət və iqtidar sahibidir)” – deyə elan etməyimi əmr etdi. Allah bununla əlaqədar Kitabından Mənə bir ayə endirdi:‘Şübhəsiz, sizin vəliniz Allah Rəsulu, iman edib namaz qılanlar və rüku halında zəkat verən möminlərdir.’ (Maidə, 55). Namaz qılaraq, rüku halında zəkat verən və hər halında Əziz və Cəlil olan Allah’a yönələn kəs Əli İbn Əbu Talib’dir.

    220 Sünni aliminin əsərində iştirak edən və heç bir şübhəyə yer buraxmayacaq dərəcədə açıq olan mövzu Əhli-Beyt dünyası üçün bir iman şərtidir. İmanın və İslamın şərtlərində bir olan Şiələr ilə Sünnilər xilafət bəhsində ayrılırlar. Halbuki Qədr Günü enən ayələr diqqətə alındığında onların inandığı şəkildə xilafət həqiqətən bir iman şərtidir. Hz. Əlinin imamətinin bilinməsi ilə İslam dini tamamlanmışdır və bu Allahın əmridir. İmamətin Hz. Əlinin və onun övladlarının haqqı olduğu ilə əlaqədar İmam Əli Əfəndimizin və Hz. Fatimə anamızın bəyanları göz qabağındadır. Qısaca Qədr hədisində iştirak edən Hz. Əlinin xəlifə elanı inkarı mümkün olmayan bir həqiqətdir.

    Qədr Günü, Rəsulullahın yerinə xəlifəsi təyin etdiyi İmam Əli Əfəndimiz, Əhli Beytdir; kişilərdən ilk iman edən adamdır; haqqında 300-dən çox ayənin nazil olduğu mübarəkdir; minlərlə hədisdə Hz. Peyğəmbərin təriflədiyi mömindir.