Hz. İbrahimin (ə.s) soyu, dünyaya gəlişi və yaşadığı cəmiyyət #4

Rəvayətə görə hökmdar, qoyduğu qanunu aradan qaldıraraq, Sara Xatunun gətirilməsini istəmişdir. Küfrün və zülmün məntiqə zidd olduğu göz önündədir. Nəhayət, Sara xatun hökmdarın hüzuruna gətirilir. Hökmdar, ona pis niyyətlə yaxınlaşan zaman, Sara xatun dərindən Rəbbinə yalvararaq, onu bu zülmdən qurtarmasını istəmiş və Allah Təala onun bu duasını eşitmişdir. Dərhal hökmdar üç dəfə epilepsiya xəstəliyinə tutulub, dəlilik səviyyəsinə gələn zaman Sara Xatun onun ölümündən qorxaraq təkrar Allaha yalvarır və hökmdar yenidən özünə gələrək deyir: «Siz mənə bir qadın deyil, bir şeytan gətirmisiniz. Bunu dərhal aparıb, sahibinə qaytarın və yanında da bir qadın hədiyyə edin». Beləliklə, hökmdarın əmriylə Sara Xatun, digər bir qadınla yəni Hz. Hacər validəmizlə Hz. İbrahimin yanına qayıtdılar. Bundan sonra Hz. İbrahimin iki həyat yoldaşı olur. Onlar Peyğəmbərlik vəzifəsinin yerinə yetirilməsində bir-birinə yardım edirlər.

Hz. İbrahimin təbliğ vəzifəsi Misirdə tamamlandıqdan sonra, yenidən ikinci ilahi köç əmriylə Şam ərazisinə dönməsi əmr olunur. Çox çətin imtahanları təslimiyyət və sədaqətiylə keçən o böyük peyğəmbər, dərhal itaət edərək, Şama doğru istiqamətlənir. Fələstin sahillərindən keçərkən, gözü dəniz kənarında qağayıların didişdirib parçaladığı bir leşə sataşır. Quşlar leşi parçaladığı zaman onun bəzi hissələri dənizə qarışırdı. Hz. İbrahim, əsla şübhə etmədiyi diriltmək hadisəsinə qəlbinin bir daha əmin olması üçün, Allah Təalanın ölüləri necə diriltdiyini özünə göstərməsini xahiş edir:

«Xatırla ki, İbrahim: «Ey Rəbbim, ölüləri, nə cür diriltdiyini mənə göstər!» dedikdə Allah: «Məgər inanmırsan?» – buyurmuşdur. İbrahim: «Bəli, inanıram, lakin ürəyim sakit olmaq üçün soruşdum»- deyə cavab vermişdir. Allah ona buyurmuşdur: Dörd cür quş götürüb, onlara diqqətlə bax (onları parçalayaraq bir-birinə qatandan), sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəkdir. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir!» (Bəqərə, 260).

Yoluna davam edən İbrahim (ə.s) nəhayət, Şamın ətrafına gələrək, burada təbliğ vəzifəsini yerinə yetirir. Bu ərəfədə Hz. Hacər validəmizdən bir oğlan uşağı dünyaya gəlir. Adını İsmail qoyurlar. Sara validəmizin hələ uşağı olmamışdır.

Bundan iki il sonra yenidən cənuba doğru bir köç əmri gəlir. Bu köç, əkinsiz bir vadiyə, Məkkəyədir. Artıq xanımların bir-birindən ayrılması əmr olunmuşdur. Hz. İbrahim, bu böyük imtahanı da sədaqət və təslimiyyətiylə keçir. Çətin imtahanların qalibi və qəhrəmanı olan bu böyük peyğəmbər, yaşının çoxluğuna baxmayaraq, yanında Hz. Hacər, qucağında oğlu İsmail ilə birlikdə ilahi əmrin həyata yetirilməsi üçün uzun bir çöl səfəri edir.

Sara xatun, Şam ətrafında qalmışdır. Min bir hikmət daşıyan bu çətin imtahanların qəhrəmanı Hz. İbrahim, xanımı Hacər və oğlu İsmail ilə bərabər bu günkü Məkkə vadisinə çatır.

Mənbə: Prof. Heydər Baş “Rəhmətən lil Aləmin” cild 1, səh 34-35