İslama beşik kimi Ərəbistanın seçilməsi #1

Zamanlar içindən yeddinci əsr, məkanlar içindən ərəb çölləri və insanlar içindən də Hz. Muhamməd (s.ə.v) seçilmişdir. İslama beşik kimi Ərəb yarımadasının seçilmə səbəbini, şəxsən Allah Rəsulunun şəxsiyyətində axtarmaq lazımdır. Burada, onun seçilmiş kadrlarını da gözdən qaçırmaq olmaz.

* Cənabi-Haqq, Mübarək Elçisini «aləmlərə rəhmət» olaraq seçmiş və onu xüsusi bir şəxsiyyət kimi yaratmışdır. Ona və əshabına, qiyamətə qədər davam edəcək olan əziz mübarizəsini yükləmiş, bu xeyir yolunun ən əzablı başlanğıcına onları rəhbər və nümunə etmişdir. Ümmətindən heç kimin əzab və məşəqqəti, nəfsi ilə olan mücadiləsi onlarınkı qədər çox və çətin olmamışdır. Məhz bu xüsusi kadrlar, ərəb yarımadasında doğulan və oradan dünyaya yayılan İslamiyyətin ilkin kadrlarıdırlar.

* Məkkə və onun ətrafını digər məkanlardan fərqləndirən odur ki, aləmlərə rəhmət olan xüsusi bir şəxs yəni Allah Rəsulu və onun müqəddəs kadrları buradan tarix səhnəsinə çıxmışdılar. Kainatın bəzəyi olan insanı ondan ayıranda, bütün gözəlliklərin mənası itdiyi kimi, Məkkə və onun ətrafını da Hz. Peyğəmbər və seçilmiş əshabı fövqündə düşünmək, o yerləri mənasız edir.

* Keçilməsi çətin olan çöllərlə əhatə olunan Ərəb yarımadası, dövrün İran və Bizans mədəniyyətinin çirkinliklərindən uzaq qalmış, fitnə, incə hesab və şeytani oyunlara səhnə olmamış pak bir məkan idi. Orada artıq demək olar ki, mədəniyyətin inkişafı üçün zəmin hazırlanmışdır. Burada yaşayan əhalinin dünya haqqında kobud təsəvvürləri formalaşmışdır. Dəvəsi üçün 40 il döyüşməyə hazır olan və bu sevgisinə sadiqliyi, fanatizm və mərdliyi ilə seçilən çöl insanı, aylı gecələrdə ulduzlarla danışır, qum fırtınasının gətirdiyi toz və torpaqdan başqa heç bir kənar ünsürlə rastlaşmırdı. Burada quş çölə taqət gətirmədiyi üçün uçmaz, karvan təsadüfi hallarda gözə görünərdi. Qəbiləsi, dəvəsi, gecələr söhbət etdiyi, dərdləşdiyi ulduzlar və sevgilisindən başqa heç bir şeyə sahib olmayan bu yerlərin insanı, ümid dolu gözlərlə öz qövmündən çıxacaq uca bir insanın nişanələrinə şahid olmaqda və həsrəti artmaqda idi.

Mənbə: Prof. Heydər Baş, “Rəhmətən lil Aləmin”, cild 1, səh. 50-51