Züheyr İbn Qəynin talehini dəyişdirən görüş

ZÜHEYR İBN QƏYNİN TALEHİNİ DƏYİŞDİRƏN GÖRÜŞ

Fəzari belə nəql edir: “Züheyr ibn Qəyn ilə birlikdə səfərə çıxmışdıq. Məkkədən ayrıldıqdan sonra Hüseyn ibn Əlinin (ə.s) karvanı ilə eyni vaxta yol gedəcəyimizi bildikdə əhvalımız pozuldu. Hüseyn (ə.s) yoluna davam etdikdə Züheyr dala qalır, Hüseyn (ə.s) dincəlmək üçün dayandıqda Züheyr yoluna davam edirdi. Nəhayət elə bir yerə yetişdik ki, gecələmək üçün Hüseynin (ə.s) düşdüyü karvansaraydan başqa birini tapa bilmədik. Hüseyn (ə.s) karvansarayın bir tərəfində, biz isə o biri tərəfində yerləşdik. Çadırımızda əyləşib yemək yediyimiz vaxt Hüseynin (ə.s) elçisi salam verib içəri daxil oldu. Üzünü Züheyrə tutub dedi: “Əbu Abdullah Hüseyn ibn Əli (ə.s) məni sənin yanına göndərdi və istədi sənə çatdırım ki, bir azdan səni görmək üçün özü bura gələcək. Hamının əli yanına düşdü. Sanki başımızın üzərinə qonan quşu uçurtmaqdan qorxuruqmuş kimi hərəkətsiz halda düşüncəyə dalmışdıq. Züheyr ibn Qeynin xanımı Dilhəm bint Əmr ərinə dedi: “Peyğəmbər övladı sənin ziyarətinə gəlmək istəyir, sən isə “gəlməsin” deyirsən. Sübhanallah! Qalx özün onun ziyarətinə get, dəyərli sözlərini dinlə!” Züheyr ayağa qalxıb Hüseyni (ə.s) görməyə getdi. Çox keçmədi ki, Züheyr şad halda geri qayıtdı. Gözlərindən müjdələndiyi və sevindirici xəbər aldığı bəlli idi. Çadırını və bütün yüklərini Hüseynin (ə.s) yanına daşımalarını əmr etdi.”
Sonra xanımına doğru dönərək belə dedi: “Səni boşadım. Çünki mənim üzümdən başına müsibətlər gəlməsini istəmirəm.” Dostlarına isə belə buyurdu: “Mənimlə qalmaq istəyənlər qala bilərlər, getmək istəyənlər isə bilsinlər ki, bu bizim son görüşümüzdür. Sizə bir hadisəni nəql edim. Bir dəfə bir dəniz səfərinə çıxmışdıq. Uca Allahın lütfü sayəsində zəfər qazanıb çoxlu qənimət əldə etdik. Salman Farsi dedi: “Allahın sizə nəsib etdiyi qələbədən və qənimətlərə görə sevinirsiniz?” “Bəli” deyə cavab verdik. Salman buyurdu: “Ali Məhəmməd (ə.s) gənclərinin seyyidini gördüyünüz zaman onunla birlikdə döyüşmək nəsibinə görə bu gün qazandığınız qənimətdən daha çox sevinin.” Mən sizi Allaha əmanət edirəm.”
Züheyr son nəfəsinə qədər İmam Hüseynin tərəfində vuruşmuş və nəhayət o Həzrətin (ə.s) yanında şəhadət şərbətini içmişdir.

Mənbə: “İmam Hüseyn” prof. Heydər Baş 24-cü fəsil