Hz. Hüseynin (ə.s) elm sahibi olması
1-ci hissə
“Məhəmməd ibn Hənəfiyyə belə deyir: Bizim içimizdə ən elmli və helmli olan, qohumluq baxımından Allah Rəsuluna (s.a.a.s) ən yaxın olan şəxs Hüseyndir (ə.s). O, dində dərin düşüncə sahibi olan fəqih bir imam idi.”
Hüseyn ibn Əli (ə.s) belə deyir:
“Mən, qardaşım Məhəmməd ibn Hənəfiyyə və əmim oğlanları Abdullah ibn Abbas, Qusəm və Fəzl bir süfrə ətrafında yemək yeyirdik. Bu zaman süfrənin üstünə bir çəyirtkə qondu.
Dərhal çəyirtkəni götürən Abdullah ibn Abbas Hüseyndən (ə.s) soruşdu: Ey mənim ağam! Çəyirtkənin qanadının üstündə nə yazıldığını bilirsiniz?
Hüseyn (ə.s): Mən bu sualı atam Əmirəl-mömininə verdikdə o, belə cavab verdi. Mən də bu sualı sənin baban Rəsulullaha (s.a.a.s) verdim. O (s.a.a.s) isə cavabında dedi: o qanadların üzərində “Həqiqətən mən Allaham. Allah yalnız mənəm və məndən başqa heç bir ilah yoxdur! Mən çəyirtkənin Rəbbi və ona ruzi verənənm! İstədiyim zaman onu bir qövmə ruzi olaraq, istədiyim zaman da bəla olaraq göndərirəm” yazılıb.
Bunu eşidən Abdullah ibn Abbas qalxıb Hüseyn ibn Əlini (ə.s) qucaqladı və dedi: “And olsun Allaha ki, bu gizli elmlərdəndir.”
Allahın birliyinə aid olan bu hikmətli sözlər dərin düşüncə və geniş təfəkkürə sahib olan Hz. Hüseynin (ə.s) dilindən nəql edilmişdir:
“… Vəsf edənlər Onun əzəmətinin əslini vəsf edib qurtara bilməz. Cəbərrutunun əhatə etdiyi nöqtəni qəlblər dərk edə bilməz. Çünki varlıqlar içərisində Ona tay olan yoxdur.
Alimlər ağılları ilə Onu qavraya bilməz. Düşüncə əhli düşüncəsi ilə Onu dərk edə bilməz. Sadəcə qeybə inanmaqla Onun həqiqət olduğunu bilirlər. Çünki O, xilqətə aid olan sifətlə vəsf edilə bilməz.
O təkdir, mütləq sərvət sahibidir. O, Onu təsəvvür edənlərin təsəvvüründən çox ucadır. Yoxdan var edən, varı yox edəndir. Ondan qeyrisi iki sifəti eyni anda daşıya bilməz.
Düşünməklə Onun varlığına iman edilir, fəqət varlığı təsəvvür edilə bilməz. Sifətlər Onunla vəsf edilir, O sifətlərlə deyil.
Xəbərlər Onunla aşkara çıxar, O xəbərlərlə deyil.
Bax, Allah budur, Onun tayı-bərabəri yoxdur. O, hər cür nöqsanlardan münəzzəhdir. Onun bənzər yoxdur. Eşidəndir, görəndir.”