O, Hz. Peyğəmbərin (s.ə.v.) tam bənzəri idi

O, Hz. Peyğəmbərin (s.ə.v.) tam bənzəri idi

Hz. Aişə anamız belə nəql edir:

“Mən, Fatimə  qədər   davranışında   və söhbətində Rəsulullaha (s.a.a) daha çox  bənzəyən başqa  heç birini   görmədim.Hz. Fatimə  Rəsulullahın yanına  gələndə  Peyğəmbər ona “xoş gəldin”  deyər,  (sonra) ayağa qalxıb Fatiməyə tərəf gedər, əlini tutub  öpər və onu öz yerində otuzdurardı”.

Hz. Peyğəmbərlə (s.ə.v.) Hz.Fatimə (s.ə) anamız arasında olan incə münasibət, qayğı,  mehribanlıq və məhəbbət  heç  kim arasında görünməmişdir.  “Mən həmişə Fatimədən cənnət  qoxusunu  alıram”  buyuran Hz. Peyğəmbərin (s.ə.v.) evdən çıxarkən ən son görüşdüyü, evə girərkən  isə ilk görüşdüyü şəxs Hz.Fatimə (s.ə) anamız idi.  Uşaqlıqdan həm maddi, həm də mənəvi cəhətdən Allah Rəsulunun (s.ə.v.) ardınca sanki bir kölgə kimi gedən Hz. Fatimə (s.ə), Hz. Peyğəmbərin (s.ə.v.) sevgi və məhəbbətini zirvə nöqtəsində  yaşayanlardan idi…

Hz. Peyğəmbər (s.ə.v.) həmişə onun əlini  öz əllərinin arasına alar və əvvəlcə əlinin içini, sonra isə əlinin  üstünü öpərdi. Fatimə (s.ə) Onun ziyarətinə gələrkən Allah  Rəsulu (s.ə.v.) həmişə ayağa qalxar və yerini ona verərdi. O, atasının anası idi. Hz. Peyğəmbər (s.ə.v.) anaya  göstərilən dərin hörmət və  ehtiramı həmişə mübarək qızı Fatiməyə göstərmişdir. Onların bir-birlərinə göstərdikləri bu ehtiram  dünyada misli görünməmiş  və  hər kəsi  qısqandıran  gözəllikdəydi…

 

Əziz oxucular, Hz. Peyğəmbərin (s.ə.v.) kəlam və vəsflərinə  bir daha diqqət edin: “Qızım Fatimə (s.ə) keçmiş və gələcək   bütün qadınlardan üstündür. O, bədənimin bir parçası, gözümün nuru və qəlbimin meyvəsidir. O, mənim ruhumdur. O, insanlardan olan  bir huridir. Fatimə   Rəbbinin hüzurunda ibadət etdiyi zaman ulduzlar  yer əhli üçün parıldadığı  kimi, onun nuru da  səmadakı  mələklər  üçün parlayar və uca Allah mələklərinə belə xitab edər:

 

– Ey mələklər, bəndəm Fatiməyə baxın; qorxudan titrəyərək mənim hüzurumda  dayanmışdır  və  bütün qəlbiylə  mənim ibadətimə yönəlmişdir. Sizi şahid tuturam ki, Mən onun tərəfdarlarını atəşdən  qoruyacağam”.

O, Rəsulullahın (s.ə.v.)  gözünün nuru, qəlbinin meyvəsi, vücudunun  bir parçası və bütün dövrlərdə yaşayan qadınların ən üstünü  idi.

 

Hz. Fatimə  anamız  Rəbbimizə və Rəsulullaha açılan könül  qapısının adıdır. O, Peyğəmbər  Əfəndimizin (s.ə.v.) mənəvi   sirlərinin  açıqlanma   məqamıdır. Əgər Hz. Əli (ə.s) elmin qapısıdırsa, Hz. Fatimə (s.ə) də könül    qapısıdır.

 

Hz. Fatimədən (s.ə) icazət almayan, Onun  könlünə   girə bilməyən  heç kim   könül  əhli   ola bilməz,  imanın dadını ala bilməz,  sevə bilməz,  mərhəmət  və  şəfqət göstərə bilməz. Bütün şəfqətlərin, mərhəmətlərin, səxavətin, ibadət və itaətin sirri Hz. Fatimədən (s.ə) keçir. Hz. Peyğəmbərin (s.ə.v.) könlünə keçid  qapısı Fatimə anamızın könlüdür.

Peyğəmbərimizin (s.ə.v.) sirrinin kainata əks olunduğu məqam Fatimə (s.ə) anamızın qəlbidir. İki cahan  Sərvəri belə buyurmuşdur: “Allah özünü məndə,  mən də özümü Fatimədə seyr etdim”.

 

O, sonsuzluğun və əbədiliyin sirridir… Bolluğun,  bərəkətin  mənbəyi və  Kövsərdir…

 

Kövsər surəsində belə buyrulur: “Sənə Kövsəri (Fatiməni) verdik; buna görə də namaz qıl və qurban kəs”…

Fatimə (s.ə) anamızın sirlərindən biri də Kövsər sirridir. Kövsər, Hz. Fatimə (s.ə)  anamızdır. Çünki Kövsər əbtərin əksidir. Əbtər – kötük, soyu  kəsilmiş   deməkdir. Kövsər, əbtərin  ziddi –   Hz. Fatimədir (s.ə). Hz. Fatimə (s.ə)  anamız sonsuzluq,  bolluq, bərəkət, hikmət və rəhmət  dəryasıdır.

 

Hz. Peyğəmbər (s.ə.v.) və Onun Əhli-Beyti, Allahın  öz nurundan yaratdığı  və onları hər kəsin sevməyi vacib buyurduğu  xüsusi  seçilmiş  şəxslərdir. İman onları sevməkdən başqa bir şey deyil… İmanın sirri, dadı, ləzzəti və nəşəsi  Əhli-Beyti sevməkdir…

 

Peyğəmbərimizin (s.ə.a) 23 illik  dəvətinin müqabilində  bizdən istədiyi şey onun Əhli-Beytinə olan sevgimiz və bağlılığımızdır. “(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-Beytə sevgidən) başqa bir şey istəmirəm” (Şura, 23).

 

İbn Abbasdan  belə rəvayət olunur: “Ümmü  Sələmə  buyurdu:

 

“Allah Rəsulu ilə evlənərkən  Onun qızının tərbiyəsini öz üzərimə götürdüm, lakin Allaha and olsun ki, Fatimə (s.ə) məndən daha ədəbli  idi və hər şeyi məndən daha yaxşı bilirdi”.

 

Əmmarın rəvayət etdiyi bir hədisdə belə deyilir: “Bir gün Hz. Fatimə Hz.  Əliyə  belə dedi:

 

“Gəl, sənə keçmişdə olanları, hal-hazırda   baş verənləri  və  qiyamətə qədər nə olacağını danışım”.

Bu hədisdən  Hz. Zəhraya (s.ə) Allah tərəfindən böyük bir elm verildiyi  aydın olur.  Hətta bəzi rəvayətlərə görə, Cəbrail (ə.s) özü bunları Hz. Fatiməyə (s.ə)  nəql etmiş,  Hz. Əli (ə) isə  bu məlumatları kağıza köçürmüşdür. Bu kitab  İslam ədəbiyyatında “Fatimənin  Müshəfi”  kimi tanınır. Beləliklə, o böyük xanımın fəzilətlərindən biri də “mühəddisə” olmasıdır. O, Quranı bütün təfərrüatları ilə anlayan, bilən və yaşayan ilk müfəssirdir. O, elmin və könlün qapısıdır. Quranın  daxili sirlərini  ağılla və məntiqlə dərk etmək  mümkün deyil, çünki  könül yoluyla  ediləcək  bütün sirli təfsirlərin mərkəzi  yalnız  Hz. Fatimədir (s.ə).

 

Allah bizlərə Fatimənin (s.ə) sirrində imanın   dadını  yaşatsın,  bizi Onun nuru ilə bəzəsin. Çünki  Fatimənin  könlü  Hz. Rəsulullaha (s.ə.v.)  çıxış  qapısı  və  Rəsulullah vasitəsilə də Allaha  gedən  yoldur. Qəlbində  Hz. Fatimə (s.ə) və Əhli-Beytə   xüsusi  yer  verməyən    heç  kimin  Allah Rəsuluna və beləliklə də   Allaha  getməsi   mümkün deyil.

Duamız böyüklərin duası olsun:

Ey Allahım!   Gecə və gündüz bir-birini izlədikcə, səhər və axşam bir-birini əvəzlədikcə  və  iki  qardaş   ulduz (Qütb ulduzu və onun yoldaşı) bir-birinin ardınca doğduqca  Peyğəmbərimiz   Hz. Muhəmmədə  (s.a.a) və onun Əhli-Beytinə  salavat  eylə! Bizim  salavat və salamlarımızı Onun və Əhli-Beytinin ruhlarına  çatdır!  Həşr  və qərar gününə qədər Ona və Əhli-Beytinə mərhəmət,  bərəkət ver və bol  salam göndər!

 

Türkiyəli Araşdırmaçı-Jurnalist Adəm Birinci (Türk dilindən tərcümə)