İmam Cəfər Sadiqdən (ə.s) nəqlən rəvayət edilir ki, bir gün Rəsulullah (s.ə.v) əsr namazını qıldıqdan sonra Hz. Əlinin yanına gəldi. O hələ əsr namazını qılmamışdı. Allah Təala (c.c) Rəsuluna (s.ə.v) vəhy etdi və Rəsulullah (s.ə.v) başını Hz. Əlinin dizinə qoyaraq yuxuya getdi. Başını qaldıranda Günəş artıq batmışdı. Rəsulullah (s.ə.v): “Ey Əli! Əsr namazını qıldınmı?”- deyə soruşdu. Hz. Əli (ə.s), “Xeyr” deyəndə, Rəsulullah belə dua etdi: “Allahım, Əli Sənin itaətinlə məşğuldur. Günəşi Onun üçün geri göndər”. Bundan sonra Günəş Hz. Əli (ə.s) üçün geri göndərildi.
Əsma bint-i Üməysdən belə nəql olunur: “Vallahi mən Günəşin qürubunu gördüm. O duanın ardından günəşin yenidən çıxdığını və bütün dağlara, yerə şəfəq saçdığını gördüm. Bundan sonra Əli (k.v) qalxıb dəstəmaz aldı və namazını qıldı. Ardından Günəş yenidən batdı”.
Abdullah İbni Məsuddan belə rəvayət edilir: “Biz Hz. Peyğəmbər (s.ə.v) ilə birlikdə olduğumuz ərəfədə Hz. Əli (ə.s) içəri girdi. Rəsulullah (s.ə.v) Ona belə buyurdu: “Ey Əbal Həsən! Allah qatındakı dəyərini Sənə göstərimmi?” Hz. Əli (ə.s), “Bəli, ya Rəsulallah!” – dedi. Rəsulullah (s.ə.v) buyurdu: “Sabah sübh çağında Mənimlə birlikdə Günəşin qarşısına çıx! O, Uca Allah’ın izniylə Səninlə söhbət edəcəkdir”.
İbni Məsud belə nəql edir: Qüreyş və ənsarın bütün əhalisi toplandı. Rəsulullah (s.ə.v) sübh namazından sonra Hz. Əlinin (ə.s) əlindən tutdu və bərabər bayıra çıxdılar. Bayırda oturub Günəşin çıxmasını gözlədilər. Günəş doğanda Rəsulullah (s.ə.v): “Ey Əli! Günəşlə danış! O məmurdur və Səninlə danışacaqdır” –deyə buyurdu. Hz. Əli (ə.s) Günəşə dedi: “Allahın salamı, rəhmət və bərəkəti sənin üzərinə olsun, ey Allahın söz dinləyən, itaətkar məxluqu!”. Günəş də belə cavab verdi: “Və
əleykəssalam və rəhmətullahi və bərəkətuh. Ey vasilərin ən üstünü! Allah Sənə dünya və axirətdə heç bir gözün görmədiyi və heç bir qulağın eşitmədiyi xüsusiyyətləri vermişdir.”
Hz. Əli (ə.s), “Mənə verilən nədir ki?”- deyə soruşanda, Günəş bu cavabı verdi: “Onları söyləmək üçün mənə izn verilməmişdir, yoxsa insanlar fitnəyə düşərlər. Amma dünyada elm və hikmət sahibi olduğun üçün xoş halına! Axirətdə isə Sən Allahın Quranda öydüklərindən olacaqsan: “Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz! Məgər mömin kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!” (Səcdə, 17-18). Bəli, Sən Allahın iman sahibi etdiyi möminsən”.
Günəşin Hz. Əli (ə.s) ilə üç dəfə danışdığı rəvayət edilmişdir.
Mənbə: Prof. Heydər Baş – “İmam Əli” səh.45