…Qədərlə bağlı ona (Hz. Hüseynə) verilən sualı bu şəkildə cavablandırmışdır:
“Hər kim qədərə iman gətirməzsə, onun yaxşılığını və pisliyini qəbul etməzsə, kafir olar. Hər kim öz günahlarını Allahın hesabına qoyarsa, Allaha böyük bir iftira atmış olar.
Allah insanları Öz cəbrinə itaət etməyə məcbur etmir. Onları zorla günah işlətməyə ruhlandırmaz.
Bəndələrin hər nəyi varsa, Allah onların malikidir.
Əgər bəndələr Allahın itaətinə boyun əysələr, Allah heç bir zaman onların itaətinə mane olmaz. Əgər günah işlətsələr, Allah istəyərsə onlara minnət qoyar və onlarla günahları arasına sədd çəkər.
Əgər günahdan saxlamırsa, bu o demək deyil ki, Allah onları günah işlətməyə məcbur edir.
Allah onları hidayət etdikdən və höccətini onlara tamamldıqdan sonra hər bir əməldə onlara azadlıq vermişdir. Allah bəndələrinə güc və qabiliyyət əta etmişdir ki, əmrlərini yerinə yetirə bilsinlər. Qadağan etdiyi şeylərdən üz döndərsinlər.”
İmam Hüseyn (ə.s) əməlsiz alimlərin aqibəti barədə belə söyləmişdir:
“Siz ey elmlə məşğul olub xeyirlə anılan, nəsihət etməklə tanınıb Allahın lütfü sayəsində heybətləri insanların qəlbində qərar tutmuş alimlər toplusu!
(Bilin ki,) şərəfli insanlar sizdən çəkinir, zəiflər sizə ehtiram göstərir, öz səviyyənizdə olan yaxşılıq etmədiyiniz kəslər sizi özlərindən üstün bilərlər.
İnsanların ehtiyacları qarşılanmadıqda, siz onların qarşılanmasında vəsilə olmalısınız. Yol gedərkən padşahlar tək heybətli və böyüklər tək izzətlə yeriyirsiniz.
Məgər bütün bunlar sizdən gözlənilən ilahi vəzifəni yerinə yetirmək (haqqı hakim etmək) üçün deyil?
Amma siz vəzifənizin çoxunu yerinə yetirmir və ya qüsurlu şəkildə yerinə yetirirsiniz.
İmamların haqqını layiqincə tanımır, zəiflərin haqqını yeyirsiniz.
Ancaq öz haqqınıza gəlincə, onu dərhal tələb edirsiniz.
Siz Allah yolunda nə bir mal xərclədiniz, nə bir Onun yaratdığı nəfsi Ona görə sıxıb əziyyətə saldınız, nə də Onun razılığını qazanmaq üçün batil bir dəstə ilə düşmən oldunuz.
Bununla belə, Allahın cənnətinə getməyi, peyğəmbərləriylə qonşu olmağı və əzabdan qurtarmağı arzu edirsiniz.”
Mənbə: İmam Hüseyn, prof. Heydər Baş 43-44