Hz. Həsənin (ə.s.) şəhadəti

Mənbələrə görə Müaviyə, Mərvan ibn Hakimə İmam Həsənin (ə.s) yoldaşlarından olan Əşas b. Kays əl Kindinin qızı olan Cudə ilə görüşüb imamı zəhərləməsini tapşırdı. Cudəyə bu xidmətinə görə Həsənin ölümündən sonra Yezidlə evləndiriləcəyi vəd edildi və nağd olaraq min dirhəm pul verildi.

Cudənin atası Əşas müsəlmanlığı qəbul etdikdən sonra irtidad edən və sonra təkrar çətin şərtlər altında müsəlman olan məşhur bir münafiq idi.

İmam Cəfər (ə.s) belə buyurur: “Əşas İmam Əlinin qanına ortaq oldu. Onun qızı Həsəni zəhərlədi. Oğlu Məhəmmədin əli isə Hüseynin qanına bulaşdı”.

İmam Həsənin (ə.s) vəziyyəti ağırlaşıb ağrıları şiddətləndiyi zaman sancılardan qıvrılmağa başladı. “Məni evin damına çıxarın ki, səmanın mələklərini seyr edim”- dedi.

Onu dama çıxardılar. Başını göyə qaldırdı və Rəbbinə yalvarmağa başladı: “Allahım, canımı Sənə təslim edir və mükafatımı Sənin qatından ümid edirəm. Bu isə canlar arasında bənzərini görə bilmədiyim ən qiymətli şeydir. Allahım, ölüm anında munisim ol və məni məzarda tək buraxma!”

Ardından belə buyurdu: “Onun verdiyi zəhər bütün vücudumu tutdu. Allaha and içirəm ki, verdiyi heç bir sözə əməl etmədi və söylədiyi heç bir şeyi də doğru söyləmədi”.

Ardından Quran ayələri oxumağa və Allaha yalvarmağa başladı. Bu şəkildə ruhunu təslim etdi.

İbni Kutəybə belə rəvayət edir:

“Müaviyə Hz. Həsənin (ə.s) ölüm xəbərini alınca sevinərək səcdəyə getdi. Yanında olan kəslər də səcdəyə getdilər. Abdullah b. Abbas olanları xəbər alınca Müaviyənin yanına getdi və ona belə dedi:

“Eşitdim ki, Həsənin ölümünə görə sevinmisən. Allaha and içirəm ki, onun bədəni sənin qəbrini doldurmayacaq və onun ölümü sənin ömrünü uzatmayacaq. O, səndən daha yaxşı olduğu halda vəfat etdi. Bu gün onun yasını tuturuqsa, ondan əvvəl də ondan daha böyük birinin yasını tutmuşduq. Onun babası Peyğəmbərin (s.ə.v) yasını tutmuşduq. Lakin Allah Peyğəmbərindən (s.ə.v) sonra bizi təsəlli etdi və ən gözəl şəkildə bizi şərəfləndirdi”.

Peyğəmbərimizin (s.ə.v) reyhanəsi, cənnət gənclərinin iki əfəndisindən biri, Cənabı Haqqın bəyanıyla hər cür günah çirkindən təmizlənmiş və tərtəmiz olan Hz. Həsən (ə.s), qırx doqquz illik mübarizə və əziyyət dolu bir həyatın sonunda Haqqın rəhmətinə qovuşdu.

Hz. Hüseyn (ə.s) məzarın başında dayanaraq böyük qardaşına bunları söylədi:

“Ey Əbu Muhamməd! Allahın rəhməti üzərinə olsun. Əgər sən yaşasaydın, haqqı ola biləcək yerlərində görüb tanıyardın. Təhlükə nöqtələrini gözəl üsullarla aşaraq Allahı seçərdin. Dünyanın böyük nemətlərinə kiçik hesab edən gözlə baxardın. Dünyaya ətrafı təmiz və ailəsi pak bir əl uzadardın. Az bir dəstəklə düşmənlərindən gələn təhlükələri geri püskürdərdin. Edəcəyin bu işlərdə təəccüblü bir şey yoxdur, çünki sən peyğəmbərlik soyunun övladı, hikmət südüylə əmizdirilmişsən. Bu vəziyyətdə sən rahatlıq, gözəl ruzi və nemətlərlə təchiz edilmiş cənnətin yolçususan. Allah ona görə bizə və sizə böyük əcr versin. Bizə və sizə Onun böyük təsəllisini və səbrini bağışlasın!”

Allah şəfaətlərindən məhrum etməsin!

Mənbə: İmam Hasan, Prof. Dr. Haydar Baş