Hz. Fatimə (ə.s) evlilik yaşına çatanda məşhur səhabələr və varlı Qureyşlilər ona elçi düşdülər. Hz. Fatimə (ə.s) Rəsulullah’ın (s.ə.v) birbaşa tərbiyəsini alan əsl-nəcabətli və gözəlliyi ilə ətrafdakıların diqqətini çəkən bir xanım idi. Hz. Peyğəmbər (s.ə.v) səhabə arasında onun fəzilətlərindən bəhs etməkdən çəkinməzdi.
Büreydə Əsləmi rəvayət edir: “Hz. Fatimə’yə (əvvəlcə) Əbu Bəkr və Ömər b. Xəttab elçi düşdülər. Allah Rəsulu (s.ə.v) ‘O hələ uşaqdır’ buyurdu. Daha sonra Əli (ə.s) onu istəyəndə, onunla tez evləndirdi.”
İlk elçilərdən olan Əbu Bəkr Rəsulullah’ın (s.ə.v) yanına gələrək Fatimə (ə.s) ilə evlənmək istədiyini söylədi. Hz. Peyğəmbər cavabında “Mən Allah’ın əmrini gözləyirəm” demişdir. Başqa bir vaxt Ömər b. Xəttab Fatimə ilə evlənmək niyyətini Rəsulullah’a (s.ə.v) bildirəndə ona da “Fatimə hələ uşaqdır və onun həyat yoldaşı Allah’ın əmri ilə təyin olunacaqdır” buyurmuşdur.
Diqqət etsək görərik ki, Hz. Fatimə’nin (ə.s) doğumu, evlənməsi və bütün həyatı Cənab-Haqq’ın birbaşa əmriylə formalaşır. Rəsulullah’ın (s.ə.v) soyunu davam etdirən bu böyük qadın hər an Allah’ın (c.c) nəzəri altında olmuşdur.
Hz. Əli’nin (ə.s) evlənmə niyyətini bildirməsi:
“Anam, atam sənə fəda olsun! Məni uşaqlıqdan əmin Əbu Talib və Əsədin qızı Fatimədən alıb yediyinlə yedirtdin, ədəbinlə ədəbləndirdin. Sən Əbu Talib və Əsədin qızı Fatimədən daha yaxşı və daha şəfqətli oldun. Allah sənin vasitən və əlinlə məni doğru yola yönəltdi. Ey Rəsulallah! Allah’a and olsun ki, sən dünyada, axirətdə xəzinəm və zahirəmsən. Allah səninlə qoluma güc verir. Həm də istədim ki, evimdə onunla rahatlıq tapdığım bir xanımım olsun! Sənə qızını istəmək üçün gəldim. Qızın Fatimə’ni səndən istəyirəm. Ey Rəsulallah! Məni Fatimə ilə evləndirərsənmi?”
Rəsulullah’ın (s.ə.v) üzü sevinc və məmnunluqdan parladı. Fatimə’nin yanına gedərək belə dedi: “Əli səni istəyir. Sən onu tanıyırsan.” Hz. Fatimə (ə.s) susdu. Peyğəmbərimiz (s.ə.v) buyurdu: “Allahu Əkbər! Susmaq razılıq əlamətidir.” Çölə çıxdı və Fatimə’ni Əli ilə evləndirdi.”
Hz. Əli (ə.s) Rəsulullah’ın (s.ə.v) bu qərarı qarşısında bir kənara çəkilərək şükür səcdəsi etmişdir.
Rəsulullah (s.ə.v) belə buyurdu: “Mən səni yer üzündə Fatimə ilə evləndirmədən əvvəl Allah göydə səni onunla evləndirdi. Sən mənim yanıma gəlmədən əvvəl göydən bir mələk burada mənə yaxınlaşıb belə dedi: ‘Ey Muhamməd! Uca Allah yer üzünə nəzər etdi. Məxluqatı içində səni seçərək elçi göndərdi. Sonra ikinci dəfə yer üzünə nəzər etdi. Orada sənin üçün bir qardaş, bir vəzir, bir yoldaş və bir kürəkən seçdi. Qızın Fatimə’ni onunla evləndirdi. Göydəki mələklər bu hadisəni qeyd etdilər. Ey Muhamməd! Allah mənə əmr etdi ki, Əli’nin yer üzündə Fatimə ilə evlənməsi əmrini sənə çatdırım və onları tərtəmiz, seçilmiş, arınmış, xeyirli, dünyada və axirətdə kəramət sahibi iki oğul ilə müjdələyim.’ Ey Əli! Allah’a and olsun ki, mələk qeyb olmamış sən qapını döydün.”
Allah şəfaətlərindən ayırmasın!
Mənbə: Prof.Dr. Haydar Baş, Hz. Fatıma, s. 159.