Əhli-Beyt imamlarından doqquzuncusu İmam Muhamməd ət-Təqidir (ə.s).
Allahdan çox çəkindiyi və hər zaman Ona sığındığı üçün Təqi ləqəbini almışdır. Onun əl-Murtəza (Bəyənilmiş); ər-Razi (Məmnun olan) və əl-Cavad (İnsanlara böyük yaxşılıqlar edən) ləqəbləri da vardır.
Çox ibadət edən İmam Cavadın (ə.s) iki rükət nafilə namaz qıldığı zaman, hər rükətində Fatihə surəsi ilə İxlas surəsini yetmiş dəfə oxuması rəvayət edilir.
Tarixi mənbələrdə qeyd edilir ki, İmam Cavad (ə.s) doğulduqdan 3 gün sonra dil açaraq kəliməyi-şəhadət gətirmiş, 7 yaşında imamət vəzifəsi ilə şərəflənmişdir.
Rəvayət edilir ki, atasının şəhid edilməsindən sonra Əbu Cəfər əl-Cavad hələ çox kiçik bir uşaq ikən Rəsulullahın (s.ə.v) məscidinə gətirilir. Minbərin yanına gəlir və bir pillə çıxaraq belə danışmağa başlayır: “Mən Məhəmməd ibn Əli ər-Rzayam. Mən əl-Cavadam. Mən insanların sülblərindəki soylarını bilirəm. Sizin aşkar və gizli olan sirlərinizi ən yaxşı bilən mənəm. Son aqibətinizi də ən yaxşı mən bilirəm. Bu, bütün məxluqatın bizə bəxş etdiyi bir elmdir və bu elm göylərin və yerin yox olmasına qədər davam edəcəkdir”.
Seyyid Murtəza (r.a) Uyunul-Mucizat adlı əsərində bunları qeyd edir: “İmam Rza vəfat etdiyi zaman, Əbu Cəfər yeddi yaşında idi. Bağdadda və digər şəhərlərdə insanların Onunla əlaqədar fikirləri bir-birindən fərqli idi. Həcc mövsümü olduğundan Bağdad və digər bölgələrdən alimlərdən ibarət 80 adam bir yerə toplaşıb həccə getmək üçün yola düşdülər. İlk olaraq məqsədləri Mədinəyə getmək və Əbu Cəfəri görmək idi.
Şəhərə çatanda Cəfər Sadiqin evinə gedib içəri girdilər və geniş bir xalçanın üzərində oturdular. Abdullah ibn Musa onların yanına gəlib baş tərəfdə oturdu. Bir nəfər onu göstərərək ‘Bu Rəsulullahın oğludur. Sual vermək istəyən varsa versin’ dedi.
Bəziləri sual verdi, ancaq o verilən suallara səhv cavablar verdi. Bunu görən Əhli-Beyt dostları kədərlənib çaşqınlığa düşdülər. Hətta bəziləri qalxıb oradan getmək istədi. Öz-özlərinə dedilər: ‘Əgər Əbu Cəfər suallara cavab verəcək yetkinlikdə olsaydı, Abdullah sullarımıza səhv cavablar verməyə cürət etməzdi’.
Bu zaman otağın qapısı açıldı. Əbu Cəfər içəri girdi və ‘Bu Əbu Cəfərdir’ dedi. Oturanlar birlikdə ayağa qalxaraq Onu salamladılar. İmamın əynində iki köynək, başında iki qotazlı bir sarıq, ayağında da bir çüt taxta ayaqqabı var idi. Məclisdəkilərin hamısı susdu. İmam verilən suallara cavablar verməyə başladı. Dinləyənlər aldıqları cavablardan sonra Onu birdaha tanıdılar və dua etdilər. Ona “əmin Abdullah bu suallara belə cavab verdi” dedikləri zaman İmam Cavad (ə.s), “Lə İlahə İlləllah, əmi! Bu hərəkətin Allah qatında böyük bir günahdır. Sabah Allahın hüzuruna çıxanda sənə ‘ümmətin arasında səndən daha alim bir kimsə olduğu halda, nə üçün qullarıma bilmədiyin mövzularda fətva verdin’ desə halın necə olar?” -deyə tənbeh etdi.
İmamın hələ uşaq yaşında ümmətə imam təyin edilməsi böyük bir kəramətdir.
İmam Cavad (ə.s), Abbasi xəlifəsi Məmunun daimi təzyiqi altında onun qızıyla evlənmək məcburiyyətində qalmışdır.
Məmun, bu evliliklə həm imamın atası İmam Rzanın (ə.s) xəlifə tərəfindən öldürülməsi barədə yayılan şayiələri ört-basdır etmək, həm də Əhli-Beyt tərəfdarlarının qiyamlarının qarşısını almaq məqsədi güdürdü. Bundan başqa, xəlifə bu evliliklə İmamın evində Onun hər an yanında olan və Ona nəzarət edəcək bir casus qazanmış olurdu. Abbasi xəlifəsi Məmunun qızı Ümmül-Fəzlin bu evlilikdəki vəzifəsi məhz casusluq idi.
Məmunun İmam Cavada (ə.s) 1 milyon dirhəm göndərməsi tarixi əsərlərdə yazılmışdır. Onun imamətinə iman gətirənlər də şəriətlə onlara düşən haqlarını Ona təhvil verərdilər. Bundan başqa Qum şəhərində və başqa yerlərdə İmamın vəqfləri də var idi. İmam Cavad (ə.s) isə Ona gələn vəsaitdən şəxsi mənfəəti üçün xərcləməz, daima kasıblara və ehtiyacı olanlara paylayardı.
İmam Təqi təfsir, fiqh, tarix mövzularında böyük bir elmə malik idi. Eyni zamanda tibb elmindən də çox geniş məlumatı vardı. Sarılıq, qızdırma, sidik kisəsi xəstəlikləri, ürək döyüntüsü və xüsusilə qan aldırmaq mövzusunda dövrünün ən qabaqcıl alimi idi.
Bağdadda yaşadığı müddətdə alimlər ətrafında toplanaraq, elmindən istifadə edərdilər. Onun dövründə Quran elmləri, hədis, fiqh, kəlam elmi, kimya, memarlıq, astronomiya sahəsində böyük alimlər yetişmişdir.
İmam Muhəmməd Təqi (ə.s) zamanında Mədinə şəhəri Əhli- Beyt hədislərini özündə cəmləyən böyük elmi mərkəz olaraq birinci yer tuturdu. Bununla yanaşı Kufədə, Bağdadda və Bəsrədə də böyük mədəniyyət ocaqları fəaliyyət göstərirdi.
Tarixi mənbələrdə İmamın Məmunun (ə.s) qızı tərəfindən hicri 220-ci ildə hələ 25 yaşında ikən zəhərlənərək şəhid edildiyi qeyd edilmişdir.
Allah şəfaətlərindən ayırmasın!
Mənbə: Prof. Dr. Haydar Baş, İmam Muhəmməd ət-Təqi əsəri