Şaban ayının 3-cü günü Hz. Hüseynin (ə.s.) mövlüdudur

Hz. Hüseyn (ə.s) Hicrətin 4-cü ilində Şaban ayının 3-də Mədinədə dünyaya gəlmişdir.

Hz. Fatimə (s.ə) və Hz. Əlinin (ə.s) ikinci övladıdır.

HZ. HÜSEYNİN (Ə.S) DOĞULACAĞI BARƏDƏ
RƏSULULLAHIN (S.Ə.V) ÖNCƏDƏN XƏBƏR VERMƏSİ

Onun doğulması ilə əlaqədar məşhur olan hadisələrdən biri Ümmü Əymənin gördüyü yuxudur.

“İmam Sadiqin (ə.s) belə dediyi rəvayət edilir:

Ümmü Əymənin qonşuları Rəsulullahın (s.ə.v) yanına gələrək dedilər:

“Ey Allah Rəsulu! Ümmü Əymən dünən gecədən yatmayaraq sabahadək durmadan ağlayıb.”

Bu səbəbdən Rəsulullah (s.ə.v) Ümmü Əyməni çağırıb soruşdu:

“Ey Ummü Əymən! Allah nəsibinə ağlamaq yazmasın. Qonşuların yanıma gələrək gecə boyu durmadan ağladığını mənə xəbər verdilər. Allah səni ağlatmasın, ağlamağının səbəb nə idi?”
Ümmü Əymən dedi:

“Ey Allah Rəsulu! Çox qorxulu bir yuxu gördüm. Buna görə də sabaha qədər durmadan ağladım.”

Rəsulullah (s.ə.v) ona dedi: “Yuxunu Allah Rəsuluna söylə. Çünki Allah və Rəsulu daha yaxşı bilir.”

“Gördüyüm yuxunu söyləmək çox ağırdır.”

Rəsulullah (s.ə.v) buyurdu:

“Yuxunun anlamı sənin gördüyün kimi deyil. Sən yenə də gördüyün yuxunu Rəsulullaha anlat”

Ümmü Əymən dedi: “Dünən gecə yuxumda sənin vücudunun bir parçasının mənim evimə atıldığını gördüm.”

Rəsulullah (s.ə.v) ona buyurdu:

“Rahat yata bilərsən Ümmü Əymən! Fatimə Hüseyn adlı oğlan dünyaya gətirəcək və sən də onu əmizdirib yetişdirəcəksən. Beləcə mənim vücudumun bir parçası sənin evində olacaq.”

İMAM HÜSEYN (Ə.S) SÜD ƏMMƏMİŞ, ƏTİ
RƏSULULLAHIN (S.Ə.V) ƏTİ İLƏ QARIŞMIŞDIR

Üməyyə əl-Xüzzainin qızı Bərənin belə dediyi rəvayət edilir:

“Fatimə (s.ə) Hüseynə (ə.s) hamilə qaldıqda, Rəsulullah (s.ə.v) ona dedi:

“Ey Fatimə! Sən bir oğlan dünyaya gətirəcəksən. Cəbrayıl buna görə məni təbrik etdi. Əgər bir ay da davam etsə, mən gəlməyənə qədər onu əmizdirmə.”

Fatimə (s.ə) dedi:

“Sənin dediyin kimi olsun.”

Allah Rəsulu (s.ə.v) bəzi işləri ilə əlaqədar səfərə çıxdı. Fatimə (s.ə) Hüseyni dünyaya gətirdi və Allah Rəsulu (s.ə.v) geri dönənə qədər onu əmizdirmədi.

Rəsulullah (s.ə.v) qayıdıb Fatimənin (s.ə) yanına gələrək “Nə etdin?” deyə buyurdu.

Fatimə (s.ə) dedi:

“Onu əmizdirmədim.”

Bundan sonra Rəsulullah (s.ə.v) körpəni qucağına alaraq dilini onun ağzına qoydu. Hüseyn (ə.s) Rəsulullahın (s.ə.v) dilini əmməyə başladı. Və Rəsulullah (s.ə.v), “Yetər” deyənədək əmdi.

Sonra Rəsulullah (s.ə.v) belə buyurdu:

Allahın iradəsinin əksinə getmək mümkün deyil. O, səndə və sənin uşaqlarındadır.”

Süd əmmə hadisəsi barədə başqa bir rəvayət də belə nəql edilir:

“İmam Hüseyn (ə.s) dünyaya gəldikdə Hz. Fatimə xəstələndi və südü qurudu. İmam Hüseyn (ə.s) üçün süd axtardılar, amma tapa bilmədilər.

Hz. Peyğəmbər (s.ə.v) işarət barmağını onun ağzına qoydu. Beləcə İmam Hüseyn (ə.s) babasının barmağını əmərək qidalanardı.

Rəsullulah (s.ə.v) qırx gün bu işə davam etdi. Beləliklə də, İmam Hüseynin əti Rəsulullahın (s.ə.v) ətindən formalaşmağa başladı.”

“Hüseyn (ə.s) nə Fatimənin (s.ə), nə də başqa bir qadının südünü əmib. Onu Allah Rəsulunun (s.ə.v) yanına gətirər, Allah Rəsulu (s.ə.v) da baş barmağını körpənin ağzına qoyar, o da üç gün onu tox tutacaq qədər Allah Rəsulunun (s.ə.v) barmağını əmərdi.

Beləcə Hüseynin (s.ə) əti Peyğəmbərimizin (s.ə.v) əti ilə, qanı Peyğəmbərimizin (s.ə.v) qanı ilə bəslənərək inkişaf etdi.

Məryəmin oğlu İsadan (ə.s) və Hüseyndən (ə.s) başqa ana bətnində altı ay qaldıqdan sonra doğulan bir kəs olmayıb.

HZ. HÜSEYNİN (Ə.S) ADI CƏNABİ-HAQQ
TƏRƏFİNDƏN QOYULUB

Hz. Peyğəmbər (s.ə.v) Hz. Həsən (ə.s) və Hz. Hüseynin (ə.s) adlarını qoymaq üçün onlara getdikdə Cəbrayıl nazil olaraq Cənabi-Haqqın doğulan uşaqlara hansı adların qoyulmasını istədiyini bildirdi.

“Hz. Həsən (ə.s) və Hz. Hüseynin (ə.s) adlarının qoyulması ilə bağlı Əsma binti Amisdən belə bir rəvayət nəql olunur:

“Fatimə (ə.s) Həsəni dünyaya gətirdikdən sonra Rəsulullah (s.ə.v) mənə buyurdu ki, “Ey Əsma! Uşağımı mənə gətir.”

Mən də Həsəni (ə.s) sarı bez parçaya bükərək Ona verdim. Bunu görən Rəsulullah (s.ə.v) buyurdu:

“Mən sizə yeni doğulan uşaqları sarı parçaya bürüməyin deyə tənbeh etmədimmi?”

Mən də dərhal Həsəni ağ parçaya bükərək Rəsulullaha (s.ə.v) geri qaytardım. O, Həsəni götürüb sağ qulağına azan, sol qulağına isə iqamə oxudu.

Sonra Əliyə buyurdu:

“Oğluma nə adını qoyudun?”

Əli (ə.s) dedi:

“Ona ad qoymaqda səndən qabağa keçmək istəmədim.”

Bunu eşidən Rəsulullah (s.ə.v) belə buyurdu:

“Mən də körpəyə ad qoymaqda Rəbbimdən qabağa keçməyəcəm.”

Bu zaman Cəbrayıl (ə.s) onlara müjdə vermək üçün enərək:

“Ey Məhəmməd! Rəbbin sənə salam göndərir və belə buyurur:

Əlinin sənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Ancaq səndən sonra peyğəmbər yoxdur. Oğluna Harunun oğlunun adını ver.”

Peyğəmbər (s.ə.v), “Harunun oğlunun adı nə idi ey Cəbrayıl? – deyə soruşdu.”

Cəbrayıl (ə.s) cavabında: “Harunun oğlunun adı Şəbər idi” – deyə buyurdu.

Peyğəmbər (s.ə.v), “Mənim dilim ərəb dilidir, bu ad ərəbcə necə səslənir” – deyə soruşdu.

Cəbrayıl (ə.s) buyurdu: “Adını Həsən qoy.”

Rəsulullah (s.ə.v) da onun adını Həsən qoydu.

Hz. Hüseynə ad qoyan zaman da eyni hadisə təkrarlandı. Cəbrayıl (ə.s) enərək Hz. Harunun oğlu Şübeyrin adını ərəb dilində Hüseyn olaraq uşağa qoyulmasını emr etdi. Rəsulullah (s.ə.v) da uşağın adını Hüseyn qoydu.”

Prof. Dr. Haydar Baş, İmam Hüseyn, s. 3-9.