ŞƏHİDLƏRİN ƏFƏNDİSİ İMAM HÜSEYN (Ə.S)

Əhli-Beyt imamlarının üçüncüsü, şəhidlərin əfəndisi Hz. Hüseyndir (ə.s).

Hz. Peyğəmbərin (s.ə.v) “əti mənim ətimdəndir” dediyi mübarək insan…

Cənnət gənclərinin əfəndilərindən olan Hz. Hüseyn (ə.s), xəlifəyə qarşı silahlı qiyama başlayan ilk imamdır.

Yezidin xəlifə olduğu dövr “şərab içən, meymunlarla yoldaşlıq edən, kişi və qadınlarla zina edən və bu halını xalqdan gizlətməyən” bir adamın dövrü idi. Sünnət artıq tamamilə tərk edilmiş, Qurandan uzaqlaşma gözlə görülən işlərə çevrilmişdi.

Bu şəraitdən narahat olan Kufəlilər, xəlifəsiz qaldıqlarını minlərlə məktubla Hz. Hüseynə (ə.s) bildirdilər. Məktubların sayı 15 minə çatanda xəlifə məqamına keçmək üçün addım atmaq xalqa qarşı məsuliyyətin bir göstəricisi olacaqdı.

Hz. Hüseyn (ə.s) də buna görə fəaliyyətə keçdi. Amma böyük qardaşı İmam Həsənə (ə.s) xəyanət edən Kufəlilər, “bizim xəlifəmiz ol” deyərək çağırdıqları Hz. Hüseynə (ə.s) də eyni xəyanəti etdilər.

Kufəyə doğru irəliləyərkən, Məkkə ilə Huneyn arasında Şair Fərəzdak ilə qarşılaşması və Fərəzdakın “Xalqın qəlbi sizinlədir, ancaq qılıncları əleyhinizədir” sözləri Kufəlilərdən görəcəyi rəftarı göstərirdi.

Hz. Peyğəmbər (s.ə.v), Hüseynin (ə.s) anadan olmasından etibarən şəhid ediləcəyini bir çox hədisdə xəbər vermiş, hətta harada və kimin tərəfindən şəhid ediləcəyini də bildirmişdir.

Buna baxmayaraq, Hz. Hüseyn (ə.s)  bir an belə qorxu hiss keçirtmədən şəhid ediləcəyi torpaqlara doğru yoluna davam etmişdir. Sanki bildiyi və gözlədiyi ölümə getməkdə idi.

Kərbəla hadisəsində əsas qayə isə Haqqı hakim qılmaqdır. Hz. Hüseyn (ə.s), İlahi-Kəlimətullah üçün ölümü belə əvvəlcədən nəzərə almışdır.

Öləcəyindən xəbərdar olması, yaşayacağı qədəri bilərək ona boyun əyməsi müdhiş bir təslimiyyətdir. Öldürüləcəyini bildiyi halda əl çəkmədiyi bu qətiyyətli qiyam, xəlifənin yanlışlarının ortaya çıxması, ümmətin oyanması və Quran əhkamına geri dönüşün başlanğıcıdır. Qiyamla başlayan bu proses qaranlıqların səhəridir ki, İmam canını bu yolda əsirgəməmişdir.