Bu gün İslam dünyasının mübarək günlərindən biri, üçüncü imamımız İmam Hüseynin (ə.s.) oğlu Həzrət Əli Əkbərin (ə.s.) mövlud günüdür.
O mübarək insan imamın himayəsində böyümüş və Əhli-Beyt məktəbinin layiqli davamçılarından olmuşdur. O, atası ilə birgə Kərbəlaya yollanmış, İslam uğrunda canından keçmişdir. Onun şəhid olmazdan əvvəl atasından son istəyi bu olmuşdur:
“Ata, mən şəhid olanda ağlama, çünki istəmirəm düşmənlər sənin göz yaşlarını görsünlər”.
Hz. Əli Əkbərin (ə.s.) həyatı.
İslamın dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan şəxslərdən biri də Hz. Əli Əkbərdir (ə.s.). Hz. Əli Əkbər (ə.s.) Hz. İmam Hüseynin (ə.s.) övladlarındandır. Hz. İmam Hüseynin (ə.s.) üç oğlunun adı Əli idi. Hz. Əli Əkbər (ə.s) Hz. İmam Hüseynin (ə.s) böyük oğlu olduğu üçün ona Əli Əkbər, yəni böyük Əli deyilir. İkinci oğlu Hz. Əli Əvsət (İmam Zeynul-Abidindir (ə.s.) ). Üçüncü oğlu olan Hz. Əli Əsgər (ə.s) isə 6 aylıq olarkən Kərbəlada şəhid olmuşdur.
Hz. Əli Əkbərin (ə.s.) təvəllüdü
Tarixçilər arasında Hz. Əli Əkbərin (ə.s.) dəqiq anadan olmasının tarixi barəsində böyük ixtilaf mövcuddur. Bütün tarixçilər əsasən onun Kərbəlada başına gələn hadisələri nəql etdiklərinə görə, onun təvəllüdünə işarə etməmişlər. Belə ki, tarixçilərin bəzisi o həzrətin yaşını 18, digərləri 27 və bəziləri də 38 olduğunu yazmışlar. Amma tarixi araşdırmalar göstərir ki, Hz. Əli Əkbər (ə.s.) Şaban ayının 11-də dünyaya gəlmişdir.
Əllamə Əbdur-Rəzzaq belə yazır:
Hz. Əli Əkbər (ə.s.) Şaban ayının 11-də, üçüncü xəlifənin vəfatından iki il əvvəl anadan olmuşdur. Üçüncü xəlifə isə hicrətin 31-ci ilində vəfat etmişdir. Hz. Əli Əkbər (ə.s.) Xəlifə Osmanın xilafəti dövründə dünyaya gəlmişdir. Ulu babası Peyğəmbər (s.ə.v.), babası Hz. Əli (ə.s.), atası isə İmam Hüseyndir (ə.s.). Anası Əbi Mərvə ibni Urvə ibni Məsud Səqəfinin qızı Leyladır.
Hz. Əli Əkbərin (ə.s.) şəxsiyyəti.
1) Hz. Əli Əkbər (ə.s.) Peyğəmbərə (s.ə.v.) ən çox oxşayan kəsdir. Hz. Əli Əkbər (ə.s.) hər cəhətdən Peyğəmbərə (s.ə.v.) oxşayırdı. Bu oxşarlıq o dərəcədə idi ki, Kərbəlada meydana çıxanda qoşun elə hesab etdi ki, Peyğəmbər (s.ə.v.) özü meydana çıxıb. Belə ki, İmam Hüseyn (ə.s.), Əli Əkbəri (ə.s.) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu:
“Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s.ə.v.) ən çox bənzəyən bir cavanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s.ə.v.) üçün darıxsaydı, onun üzünə baxardıq!”
2) Hz. Əli Əkbər (ə.s) şəhadət məqamını arzu edir. İmam Hüseynin (ə.s.) karvanı Məkkədən İraqa yollandığı vaxt, yolda İmam Hüseyn (ə.s.) yuxuda qeybdən gələn bir səs eşitdi. O səs deyirdi:
– “Bunlar şəhadətə tərəf yola düşmüşlər”.
İmam Hüseyn (ə.s.) yuxudan ayıldıqdan sonra “İnnə lilləhi və innə iləyhi raciun” dedi. Əli Əkbər (ə.s.) onun səbəbini soruşduqda İmam yuxusunu danışdı. Əli Əkbər (ə.s.) soruşdu:
– “Haqq bizimlə deyilmi?”.
İmam buyurdu:
-“Bizimlədir”.
Əli Əkbər (ə.s.) buyurdu:
-“Əgər belədirsə, əsla ölümdən qorxumuz yoxdur”.
3) Hz. Əli Əkbər (ə.s.) öz qanı ilə İslamı dirçəltdi. Kərbəlada kəsilmiş qurbanların içində Əli Əkbərin (ə.s.) də adı qeyd olunmuşdur. O da öz qanı və bütün varlığı ilə İslamın dirçəlişi üçün qılınc çəkmiş və bütün müsəlmanların imamı olan İmam Hüseyni (ə.s.) müdafiə etmişdir və nəhayət İmamın qarşısında şəhid olmuşdur. İmam Hüseynin (ə.s.) vəfalı və qeyrətli səhabələrindən sayılan Əli Əkbər (ə.s.) Kərbəlada qanını axıtmaqla İslamın dirçəlişində mühüm rol oynadı.
4) Kərbəlada Əhli-Beytin himayəsində. Kərbəlada İmam hüseynin (ə.s.) qardaşı Əbülfəzl Abbas (ə.s.) və oğlu Əli Əkbər (ə.s.) Əhli-Beyti himayə edir və lazım gələndə suyun qarşısının alınmasına baxmayaraq, böyük şücaətlə gedib Əhli-hərəmə su gətirirdilər. Əli Əkbər (ə.s.) Kərbəlada Aşura günü Yezidin qoşunu tərəfindən qətlə yetirilərək şəhid oldu. İmam Zeynəl-Abidin (ə.s.) pak cəsədləri dəfn edərkən Əli Əkbərin (ə.s.) pak cəsədini İmam Hüseynin (ə.s.) ayaq tərəfində dəfn etdi. Hal-hazırda Əli Əkbərin (ə.s.) mübarək qəbri Kərbəla şəhərində yerləşir.
Allah şəfaətlərindən ayırmasın!