Cənabi-Haqq tərəfindən seçilmiş imamlardan beşincisi İmam Muhamməd ibn Əlidir. Ən məşhur ləqəbi Baqirdir. Baqir adının mənası ‘elmi yaran’ deməkdir. Onun dövrünə qədər böyük təzyiqlər altında gizlicə yayılan Əhli-Beyt elmi, onun vasitəsilə geniş kütlələrə qədər gəlib çatmış və böyük Əhli-Beyt məktəbi tam mənasında inşa edilmişdir.
İmam Muhamməd ibn Əlinin dövrü təzyiqlərin daha az olduğu bir yumşalma dövrü idi. Məlumdur ki, Rəsulullahın (s.ə.v) Hz. Fatiməyə hədiyyə etdiyi Fədək xurmalığı Əhli-Beyt nəslinin əlindən alınmışdı. Xəlifə Ömər ibn Əbdüləziz bu ərazini İmam Muhamməd Baqirə (ə.s.) geri qaytarmışdır. Ancaq haqqı olan imaməti əhlinə vermədiyi üçün İmam Baqir onun haqqında: “Yer əhli ona ağlayır, lakin göy əhli ona lənət edir” – buyurmuşdur.
Bu dövrdə İmam Muhamməd Baqir və silahdaşlarının təkrar topladığı hədislər təməl mənbə təşkil etmişdir.
Xəlifə Əbdülməlik öz xilafətini möhkəmləndirmək üçün İmam Muhamməd Baqirin həbs olunmasına qərar vermiş, lakin daha sonra qərarından imtina etmişdir. Bundan sonra İmam Baqirin tövsiyyələri nəticəsində ilk İslam axçası dövriyyəyə buraxılmışdır.
Qısaca, İmam Baqirin dövrü, elmin və ağlın Əhli-Beyt soyundan olan imamlar tərəfindən yayıldığının xəlifələr tərəfindən də etiraf edildiyi bir dövrdür.
Böyük Əhli-Beyt hədis külliyatını yazan İmam Muhamməd Baqir (ə.s.), imamətin gerçək sahibləri və təyin edilmiş imamın əhəmiyyəti haqqında hədislər rəvayət etmişdir: “Cabir, Əbu Cəfərdən (İmam Baqir) belə rəvayət etmişdir: “Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq” (İsra 71) ayəsi nazil olduqda, müsəlmanlar soruşdular: “Ya Rəsulullah (s.ə.v.), Sən bütün insanların imamı deyilsənmi?” Rəsulullah (s.ə.v.) buyurdu: “Mən, Allah tərəfindən bütün insanlara göndərilmiş bir peyğəmbərəm, lakin məndən sonra Allah tərəfindən insanlara mənim Əhli-Beytimdən olan imamlar göndəriləcəkdir. Bunlar insanların arasından ortaya çıxacaqlar və insanlar tərəfindən təkzib olunacaqlar. Küfrün, pozğunluğun öndərləri və onların tərəfdarları onlara haqsızlıq edəcəklər. Kim Əhli-Beyt imamlarını özünə dost qəbul etsə, onlara tabe olsa və onları təsdiq etsə, o Məndəndir, Mənimlə bərabərdir və Mənimlə qarşılaşacaqdır. Xəbəriniz olsun! Kim onlara haqsızlıq etsə, onları təkzib etsə, o Məndən deyil, Mənimlə birlikdə ola bilməz və Mən ondan uzağam”.
İmam Baqir, iman mövzusunun qəlb məsələsi olduğunu və İslam əsaslarından ayrı tutulması lazım olduğunu buyurmuşdur. Humran ibn Ayən belə rəvayət edir: “Əbu Cəfərin (İmam Baqir) belə dediyini eşitdim: İman qəlbdə yerləşən inancdır, qulu Allaha yönəldər. Allaha itaət etmək və əmrinə təslim olmaq şəklindəki əməl isə onu təsdiqləyər. İslam zahiri söz və hərəkətlərdən ibarətdir. İnsanlar bütün qrupları ilə bu zahiri vəziyyət üzrədirlər. Onunla bir adamın qanı toxunulmazlıq qazanar, müsəlman bir qadınla evlənmək caiz olar. Cəmiyyət namaz, zəkat, oruc və həcc üzərində ittifaq etdilər. Bununla küfrdən çıxıb, imana girdilər. İslam imana ortaq deyil. Bunun əksinə olaraq isə iman İslama ortaqdır. Bu ikisi söz və hərəkətdə bir-birilə birləşirlər. Eynilə Kəbənin məsciddə olması, bunun əksinə məscidin Kəbədə olmaması kimi… İman İslama ortaqdır, amma İslam imana ortaq deyil. Allah belə buyurmuşdur: “(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: ‘Biz iman gətirdik!’ – dedilər. (Ya Peyğəmbər! Onlara) de: ‘Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: ‘Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!’ – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, İslamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir)”. (Hucurat, 14). Bu barədə Allahın sözü ən doğru dəlildir”.
Allah şəfaətlərindən ayırmasın! Prof. Dr. Haydar Baş
Mənbə: Prof. Dr. Haydar Baş, “İmam Muhammed Bakır”