Hz. Fatimə (s.ə)

Hər şeyin sahibi və aləmlərin Rəbbi olan Allaha sonsuz şükürlər, Onun aləmlərə rəhmət olaraq göndərdiyi son elçisi Hz. Muhamməd Mustafaya (s.ə.v) sonsuz salamlar olsun.
Uca Allahdan gələrək iman və həqiqətin mənbəyi olan Hz. Peyğəmbərin Əhli-Beytinə və İslamın ilk günündən qiyamət gününə qədər onları sevən gəlib-keçmiş bütün möminlərə də salam olsun.
Şübhəsiz ki, hər dinin və hər ideologiyanın real həyatda özünəməxsus canlı örnəkləri vardır. Son və yeganə haqq din olan İslamın real həyatda canlı örnəkləri isə Əsri-Səadətdən günümüzə qədər İslamı yaşayan və yaşadanlardır. Başqa sözlə, hər hansı bir iddia, prinsip və mücərrəd həqiqətlər yalnız insanların şəxsi təcrübəsi sayəsində həyata keçirilə bilər.
Ona görə də iddia edilərək irəli sürülən hər hansı bir nəzəriyyə və ya din, onun canlı örnəkləri olmadan mövcud ola bilməz.
Əhli-Beyt İslam dininin yaşanılan və yaşanan canlı örnəyidir. Bu baxımdan Əhli-Beyti tanımadan İslam dinini tam olaraq nə başa düşmək, nə də yaşamaq mümkündür. Belə ki, Qurani-Kərimdə Əhli-Beyt haqqındakı ayələr və Rəsulullahın (s.ə.v) hədisləri bu həqiqəti bütünlüklə bir daha təsdiq etməkdədir.
Əhli-Beyt Qurani-Kərimin aynası və Hz. Rəsulullahın (s.ə.v) “canlı Quran” olaraq yaşadığı ailə həyatıdır. Yəni Əhli-Beyt, Qurani-Kərimin Hz. Muhammədin (s.ə.v) timsalında bir modelidir. Bu, Allah sevgisinin və Allah qorxusunun yaşanaraq bir həyat tərzi halına gəldiyinin yalnız sözdə deyil, real həyatda əks olunan bir gerçəyidir.
Hz. Peyğəmbərin əbası altındakı Əhli-Beytinə Hz. Fatimə, Allahın aslanı Hz. Əli, cənnət gənclərinin əfəndiləri Hz. Həsən və Hz. Hüseyn daxildir.
Əhli-Beytdə Hz. Fatimənin (ə.s.) də xüsusi yeri vardır. O, ölçü və iman abidəsidir.
Rəsulullahın (s.ə.v) buyurduğu kimi “Fatimə atasının anasıdır”.
Onları tərif etmək üçün artıq sözə əslində ehtiyac yoxdur, çünki onlar aləmlərin Rəbbinin tərifinə nail olmuşlar. Onlar Aləmlərə rəhmət Hz. Muhammədin (s.ə.v) sülbü və ailəsidirlər.
Əhli-Beyti yalnız kəlmələrlə izah etmək, kitablarla tərif etmək mümkün deyildir, çünki ağaclar qələm və dənizlər mürəkkəb olsa belə Hz. Fatiməni (ə) tam izah etməyə bəşəriyyətin gücü çatmaz.
Möminlər yalnız Əhli-Beyti sevmək, onlara salam və salavat göndərmək yoluyla Haqq qatında məqbul və istiqamət üzrə olar, ucalar, yüksələr və şərəfli olarlar.
Belə ki, bu uca və mübarək ailə Uca Allah tərəfindən seçilmiş, sevilmiş və insanlığa müjdələnmişdir:
“… Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (Əhzab surəsi, 33).
“(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-Beytə sevgidən) başqa bir şey istəmirəm.” (Şura surəsi, 23).
Həqiqət budur ki, Əhli-Beyt imandır, Əhli-Beyt itaətdir, Əhli-Beyt təslimiyyətdir, vüsaldır, haqdır və həqiqətdir. Əgər Əhli-Beyt Qurani-Kərimin yaşanan “canlı peyğəmbər” örnəyidirsə, deməli Əhli-Beyt səbrdir, qənaətdir, təvəkküldür, qulluqdur, cəhddir, səy göstərməkdir, hümmətdir, şəfaətdir.
Əhli-Beyt ədəbdir, həyadır, təvazökarlıqdır, yıxılana əl tutmaqdır, küsülüləri barışdırmaqdır, çalışıb yüksəlməkdir; alan əl deyil, verən əldir, nurlanmaqdır və nurlandırmaqdır…
Qısaca, Əhli-Beyt səadətdir, xoşbəxtlikdir, rahatlıqdır, vəcdə gəlməkdir.
Beləliklə, Əhli-Beyt İslamın kamil insan örnəyidir.
Bu iman və insanlıq keyfiyyətlərinin bənzərsiz örnəyi əvvəlcə Rəhmətən-lil-Aləmin olan Hz. Peyğəmbərdir (s.ə.v). Ondan sonra isə Hz. Əlidir (ə.s), Hz. Fatimədir (ə.s), Hz. Həsən (ə.s) və Hz. Hüseyndir (ə.s). Bunlar şəxsən Rəsulullahın “Mənim Əhli-Beytim” deyərək əbasının altına aldığı uca insanlardır.
Onların pak sülbündən gələn İmam Zeynəl Abidin, İmam Muhamməd Baqir, İmam Cəfər əs-Sadiq, İmam Musa Kazım, İmam Əliyür-Rza, İmam Muhamməd Təqi, İmam Əli ən-Nəqi, İmam Həsən əl-Əsgəri və İmam Muhamməd Mehdi (Allah onların hamısından razı olsun), sevildikləri təqdirdə bizə cənnəti qazandıran pak və məsum olan şəxslərdir. Bu təmiz və pak sülbün övladları Haqq yolunda qiyamətə qədər mövcud olacaqlar.
Rəsuli-Əkrəmin (s.ə.v) buyurduğu kimi, Əhli-Beyt qurtuluşun yeganə ünvanı və Nuhun gəmisidir:
“Mənim Əhli-Beytim Hz. Nuhun gəmisi kimidir. Gəmiyə minən qurtular, minməyən isə həlak olar” (Bax: Suyuti, Təfsiri-Xülafə, s. 573; Tabərani, Mucəmül-Kəbir, s. 78).
İslamın fərdi, ailə və cəmiyyət həyatı Əhli-Beyt ilə formalaşmışdır. İslam mədəniyyəti bütün dünyanı bu günəşlə nurlandırmış, İslamın təbliği və irşadı bu yolun nuru ilə gerçəkləşmişdir. Bu yol olmadan nə təbliğat, nə də irşad ola bilər.
Bu yol elə bir həqiqi yoldur ki, bu yola və bu ailəyə bağlı olmaqla Hz. Muhammədin (s.ə.v) nuru hər bir insanın könlündə taxt qurar və bir mədəniyyət inşa edər. Beləcə mis qızıla çevrilər və bütün aləm rəhmətə qərq olar.
Bizim tariximiz Əhli-Beytdən ilham alaraq kamilləşən insanların həyat örnəkləri ilə doludur.
Uca Allah Əhli-Beytin hümmət və şəfaətinə bizləri nail etsin.

Amin

Prof. Dr. Haydar Baş