Cənnət gülünü həyat yoldaşı cənnətə yola salır

Hz. Fatimə’nin (ə.s) vəfatı:

Hz. Fatimə (ə.s) vəfat edən anda yanında nə yoldaşı Hz. Əli (ə.s), nə də uşaqları var idi, yalnız Əsma binti Ümeys onun yanında idi. İbni Sad “Təbəqat” adlı əsərində bu anı belə qələmə almışdır:

“Əbu Rafi yoluyla Əsmadan gələn rəvayətə görə, Fatimə (ə.s) yatağına uzandıqdan sonra Əsmaya ölümünün yaxın olduğunu və çölə çıxıb qapıda üç dəfə səslənməsini, əgər cavab gəlməsə ölmüş olduğunu bilməsini söylədi. Əsma bir müddət sonra Fatimə’nin (ə.s) otaqdan çıxmadığını və səsinin gəlmədiyini görəndə səslənərək otağa daxil oldu. O, Fatimə’nin (ə.s) ruhunu təslim etdiyini gördü.” (Muhammed Füzuli. Kerbala Şehitleri, Hilyetü’l-Evliya, c. 2)

Bəzi əsərlərdə Hz. Fatimə’nin (ə.s) ölüm anında gördüyü bir yuxudan bəhs olunur:

“Fatimə (ə.s) bunları söyləyir:

“Atamın vəfatından bir neçə gün sonra yuxuda onu gördüm. Mənə yaxınlaşanda özümü saxlaya bilmədim və qışqıraraq dedim: ‘Ata, atacan! Sənin ölümünlə göyün bizimlə əlaqəsi kəsildi… Bu bulaq, Allahu-Təala’nın mənə vəd etdiyi Kövsərdir. Atam haradadır?’ Dedilər ki, ‘İndi sənin yanına gələcək.’ Bu sırada digərlərindən daha ağ, yaraşıqlı və gözəl örtüklərə bürünmüş bir saray göründü. Gördüm ki, saraydakı taxtların birində oturmuşam. Atamı da orada bir dəstə adamla oturmuş vəziyyətdə gördüm. O Məni qucaqladı, alnımdan öpdü və ‘xoş gəldin, qızım’ dedikdən sonra yanında oturtdu və belə buyurdu: ‘Yeganə əziz balam! Allah’ın sənin üçün hazırladığının və sənin daha əvvəl Allah’ın razılığı üçün etdiklərinin qarşılığını görmədinmi?’ Sonra mənə içində dəyərli əşyalar, gözəl zinətlər və çoxlu otaqları olan yüksək saraylar göstərərək buyurdu: ‘Bu saray sənin, ərinin, övladlarınızın və sizi sevənlərin olacaqdır. Qızım, sevin! Çünki çox keçmədən yanıma gələcəksən.’

Başqa rəvayətə görə, öləcəyini anladığı zaman özünü toplayaraq qalxmış və uşaqlarına qarşı son analıq vəzifələrini yerinə yetirmişdir. Uşaqlarının paltarlarını və başlarını yumuş, sonra Hz. Məhəmməd`in (s.ə.v) qəbrini ziyarətə göndərmiş, qızlarını isə evdən uzaqlaşdırmışdır.

Məhəmməd Füzuli onun son anlarıyla bağlı məlumat verir:

“Hz. Peyğəmbərin (s.ə.v) ölümündən üç ay (başqa rəvayətə görə altı ay) sonra (belə bir hadisə baş vermişdir). Bir gün Hz. Əli (ə.s) evinə gələndə gördü ki, Fatimə (ə.s) bir az xəmir açmış, bir az gül suyu ilə uşaqlarının saçlarını yumuş və onların paltarlarını yumaq üçün biraz su hazırlayıb. Hz. Əli (ə.s) bu hala təəccüblənərək dedi: ‘Ey zamanın ən böyük insanının qızı, ey cahanın iffətli qadını! Dünya işinə heç vaxt bu qədər aludə olmamışdın. Görəsən nə oldu ki, bu gün üç işi birdən yerinə yetirdin?’

Hz. Fatimə (ə.s) dedi:

‘Ey Əli! Dünən gecə Allah Rəsulu’nu yuxumda gördüm. Yastığımın üstünə söykənərək ətrafa baxırdı. Mən hıçqıraraq dedim: ‘Ey Ata! Ey Allah’ın Elçisi! Ayrılığından əridim, bitdim. Sən haralardasan?’ Hz. Rəsul (s.ə.v) dedi: ‘Ey Fatimə! Sənə müjdə verməyə gəldim. Bu müvəqqəti həyatın ipini kəsib fani dünyanın dar keçidindən axirət səmasına ayaq açmağının vaxtı gəldi. Ey Fatimə! Sən oraya gəlməyincə, Mən buradan getmərəm. Mənə qovuşmaq səadətini istəsən, tələs! Sabah gecə Mənə qonaq gəlməyə çalış!’ (Hz. Fatime, Tevfik Ebu İlm, s. 154-155)

Mən oyandım və indi o ümidlə axirət aləminə hazırlaşıram. Ey Əli! Səndən ayrılmaq dərdinin odu ciyəri yandırır, qəmi artırır. Lakin atama qovuşmaq müjdəsi könlümü işıqlandırır. Yola tədarük etməyimin səbəbi odur ki, sabah sən gətirdiyim müsibətlə məşğul olarkən, övladlarım yemək barədə sıxıntı çəkməsinlər. Paltarlarını ona görə yudum ki, məndən sonra bu iş üçün yadlara ağız açmasınlar. Saçlarını yudum ki, məndən sonra onların dərdinə dərman kim olacaq?”

Əsmadan belə rəvayət edilir:

Fatimə (ə.s) son nəfəsində Əsmaya belə dedi:

“Rəsulullah (s.ə.v) vəfat edərkən, Cəbrayıl cənnətdən kafur gətirmişdi. Rəsulullah (s.ə.v) bu kafuru üç hissəyə ayırdı. Bir hissəsini özü üçün, bir hissəsini Əli (ə.s) üçün və bir hissəsini də mənim üçün saxladı. Kafur qırx dirhəm ağırlığında idi.”

Sonra belə dedi:

“Ey Əsma! Atamın filan yerdə olan kafurunun geri qalanını gətir və başımın ucuna qoy!” Əsma kafuru gətirib başının ucuna qoydu. Sonra namaz qılmaq üçün dəstəmaz alarkən Əsmaya belə dedi: “Vurduğum ətri gətir! Namaz qılarkən geyindiyim paltarlarımı da gətir!” Sonra dəstəmaz aldı. Örtüyü üzərinə sərdi və belə dedi: “Bir az gözlə, sonra məni çağır! Cavab versəm, deməli hər şey qaydasındadır. Cavab verməsəm bil ki, atamın yanına getmişəm. Onda tez Əli’ni çağır!” Artıq ölüm anı yaxınlaşdı, pərdə qalxdı və Hz. Fatimə (ə.s) iti bir baxışla dedi: “Cəbrayıla salam olsun! Rəsulullah’a (s.ə.v) salam olsun! Allahım məni Rəsulu’nun (s.ə.v) yanına apar! Allahım, Məni səadətinə, öz qatına, yurduna, əmin-amanlıq yurduna götür!” Sonra belə dedi: “Bu göy xalqının karvanıdır. Bu Cəbrayıl, bu da Rəsulullah’dır (s.ə.v). Mənə səslənir: Qızım, gəl! Burada səni gözləyənlər sənin üçün daha xeyirlidır.” Gözlərini açaraq dedi: “Və əleykəs-salam, ey ruhları götürən! Tələs, Mənə əzab vermə!” Sonra belə dedi: “Gəlişim Sənə olsun Rəbbim, atəşə deyil!” Göz qapaqları yumuldu, əlləri yana düşdü və ayaqları boyunca uzandı.

Əsma onu səslədi və cavab ala bilmədi. Üzündəki örtüyü qaldıranda, Fatimə (ə.s) artıq həyatdan ayrılmışdı. Üzərinə qapanaraq bir yandan onu öpür, digər yandan da deyirdi: “Ey Fatimə! Atan Rəsulullah’ın (s.ə.v) yanına gedəndə, Əsma binti Ümeysdən salam söylə!”

Həsən (ə.s) və Hüseyn (ə.s) evə gələndə, analarının örtüldüyünü gördülər və dedilər: “Anamız bu vaxt niyə yatır?” Əsma dedi ki: “Ey Rəsulullah’ın oğulları! Ananız yatmır. O, bu dünyadan ayrıldı.”

Həsən (ə.s) anasının üstünə yıxılaraq onu öpməyə başladı və dedi:

“Anacan! Ruhum bədənimdən ayrılmadan bir daha mənimlə danış!” Hüseyn (ə.s) də anasının ayaqlarını öpərək deyirdi: “Mən oğlun Hüseyn, qəlbim çatlayıb ölmədən əvvəl danış mənimlə!” Əsma Həsən (ə.s) və Hüseyn’ə (ə.s) dedi ki: “Ey Rəsulullah’ın oğulları! Gedin atanıza ananızın öldüyünü xəbər verin!”.

Həsən (ə.s) və Hüseyn (ə.s) məscidə yaxınlaşanda özlərini saxlaya bilməyib yüksək səslə ağlamağa başladılar. Bu zaman bəzi səhabələr yanlarına gəlib niyə ağladıqlarını soruşdular. “Anamız Fatimə (ə.s) öldü.” dedilər. Bunu eşidən Hz. Əli (ə.s) üzü üstə yerə sərildi və dedi: “Kim mənə təsəlli verəcək, ey Məhəmməd’in qızı?!”. (Fuzuli, Kerbela Şehidleri, 176-177)

 

Prof. Heydər Baş – Hz. Fatimə əsərindən