1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəri (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.
1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.
Müstəqilliyimiz, azadlığımız daim olsun, Bayramınız mübarək olsun!