Şaban ayının 3-cü günü Hz. Hüseyn (ə.s.) mövlüdudur

Əhli-Beyt imamlarının üçüncüsü, şəhidlərin əfəndisi Hz. Hüseyn-dir (ə.s.).

Hz. Peyğəmbərin (s.ə.v.) “əti mənim ətimdəndir” dediyi mübarək insan…

Cənnət gənclərinin böyüklərindən olan Hz. Hüseyn, xəlifəyə qarşı silahlı qiyama başlayan ilk imamdır.

Hz. Peyğəmbər (s.ə.v), Hz. Hüseynin (ə.s) anadan olmasından etibarən şəhid ediləcəyini bir çox hədisdə xəbər vermiş, hətta harada və kimin tərəfindən şəhid ediləcəyini də bildirmişdir.

Buna baxmayaraq, Hz. Hüseyn bir an belə qorxu hiss etmədən şəhid ediləcəyi torpaqlara doğru yoluna davam etmişdir. Sanki bildiyi və gözlədiyi ölümə getməkdə idi.

Kərbəla hadisəsində əsas məqsədi isə Haqqı hakim qılmaqdır. Hz. Hüseyn, İlahi-Kəlimətullah üçün ölümü belə əvvəlcədən nəzərə almışdır.

Öləcəyindən xəbərdar olması, yaşayacağı qədəri bilərək ona boyun əyməsi misli görülməmiş bir təslimiyyətdir. Öldürüləcəyini bildiyi halda çəkinmədiyi bu qətiyyətli qiyam, xəlifənin çirkinliklərinin ortaya çıxması, ümmətin oyanması və Quran əhkamına geri dönüşün başlanğıcıdır. Qiyamla başlayan bu proses qaranlıqların səhəridir ki, İmam canını bu yolda əsirgəməmişdir.

Burada Əhli-Beyt imamlarının bir imamdan digərinə keçən vəsiyyətindən bəhs etmək yerinə düşər:

“Allah, Nəbisinə (s.ə.v) vəfatından əvvəl bir yazı endirdi və dedi: ‘Ey Muhəmməd! Bu, sənin soyundan seçilmişlərə ediləcək vəsiyyətdir’.

Peyğəmbərimiz: ‘Seçilmişlər kimlərdir, ey Cəbrayıl?’ – deyə soruşdu.

‘Əli ibn Talib və onun soyu’.

Yazının üzərində qızıldan möhürlər var idi.

Rəsulullah (s.ə.v) bu vəsiyyəti Əmirəlmömininə verdi. Bir möhürü açmasını və içərisində yazılı olanlara görə hərəkət etməsini əmr etdi. Əmirəlmöminin bir möhürü açdı və içində yazılı olan tövsiyyələrə uyğun olaraq yaşadı.

Sonra vəsiyyəti oğlu Həsənə (ə.s) verdi. Həsən (ə.s) möhürlərdən birini açdı və içində yazılı olan vəsiyyətə görə əməl etdi. Sonra vəsiyyət Hüseynə (ə.s) keçdi. Hüseyn möhürlərdən birini açdı və orada bunların yazılı olduğunu gördü: “Bir dəstə ilə bərabər şəhadətə çatmaq üçün hərəkətə keç! Onlar ancaq səninlə birlikdə olsa şəhadətə çata bilərlər. Özünü Allaha həsr et!”.

Hz. Hüseyn (ə.s), bu yazılı vəsiyyətə görə əməl etmişdir. Kufəyə doğru irəliləyərkən, yanına gələn adamlara belə buyurmuşdur:

“Fəryadımızı eşitməməyiniz, süqutumuzu görməməyiniz üçün bu bölgədən uzaqlaşın. Çünki kim fəryadımızı eşidib və ya süqutumuzu görüb bizə yardım etməzsə, Allahu-Təalanın onu üzü üstə cəhənnəmə atmasına layiq olmuşdur”.

75 nəfərlik nur karvanı, Yezidin sərkərdəsi İbn Ziyadın başçılığı altında olan 30 min nəfərlik ordu ilə Kərbəla deyilən yerdə qarşılaşdı.

Bu ordudan ilk oxu heç kim ata bilmədi. Yaşanan qorxu, iman qarşısında küfrün əzilməsi idi. Nəticədə Allah Rəsulunun (s.ə.v) “oğlum” dediyi İmam Hüseyn Əfəndimiz (ə.s), Allah rizasını umanlar tərəfindən şəhid edildi.

Humeyd ibn Müslim belə rəvayət etməkdədir: Bugünə qədər vücudunun müxtəlif yerlərindən yaralandığı, uşağı, ailəsi və yoldaşları gözünün önündə öldürüldüyü halda, onun kimi cəsarətini itirməyən, zərrə qədər bir qorxu əlaməti göstərməyən başqa birini heç görmədim. Piyada dəstələri ona hücum etdikləri zaman o da qılıncı ilə həmlə edir, qurdun keçi sürüsünə hücum edib sürünü iki yerə bölməsi kimi, sağından və solundan onları iki yerə yarırdı” (Əlamul Vera, c.1, səh. 67).

İmam Hüseyn (ə.s), apardığı misilsiz mübarizənin ardından Cümə günü günortadan sonra şəhid edildi. Şəhid edildiyi zaman 57 yaşında idi.

“Şəhadət anında vücudunda 33 nizə və 34 qılınc yarası var idi”.

Sakifə kölgəliyində yaşananlar ilə dəyişməyə başlayan İslam nizamı xalqın arasında zamanla xoş qarşılanmış, xalq “Xəlifə belə edir, doğrudur” deyə danışmağa başlamışdır.

Allah, Quran və Sünnətdən yolunu azan xalqı düzəltmək üçün qanını və canını fəda edən İmam Hüseynin (ə.s) şəfaətindən ayırmasın.

 

PROF. DR. HAYDAR  BAŞ