Muhamməd (s.ə.v.) ümməti və Müsəlman Türk Milləti olaraq əvvəlkindən daha çox birliyə, həmrəyliyə, qardaşlığa ehtiyacımız var. Həm xaricdən gələn, həm də içəridə olan fitnələr iki milyardlıq İslam dünyası olaraq bizi parçalayır və bir-birimizlə qarşı- qarşıya qoyur.
Allah Qurani-Kərimdəki Bəqərə surəsinin 191 və 217-ci ayələrində bunları buyurur: “Fitnə (zülm və təzyiq, fəsad, dindən döndərməyə çalışmaq) bir insanı öldürməkdən daha ağırdır / daha böyükdür”.
Allah Rəsulunun (s.ə.v) bu günümüzü tam olaraq təsvir edən hədisi-şərifləri vardır ki, bunları sizinlə bölüşmək istəyirəm: “Gecənin zülmət qaranlığına bənzəyən fitnə-fəsadlar üzə çıxmadan əvvəl saleh əməllərə tələsin! O gün insan mömin olaraq səhər oyanacaq, axşam isə kafir olaraq evinə dönəcək və ya axşam mömin, səhər isə kafir olacaq. İnsan dinini əhəmiyyətsiz dünyəvi maraqlara satacaq ” (Müslim, İman, 186).
Bu hədisi – şərif qulağımızda sırğa olmalı və bizi daima ayıq tutaraq yolumuzu aydınlatmalıdır.
Yenə Allah Rəsulu (s.ə.v) belə buyurur: “Yeddi şey gəlmədən əvvəl saleh əməllərə tələsin! Nə gözləyirsiniz?
– Hər şeyi unutduran yoxsulluğumu, azdırıb yoldan çıxaran zənginliyimi?
– Sağlamlığı pozan xəstəliyimi, ağlı başdan aparan yaşlılığımı?
– Anidən gələn ölümümü, yoxsa gözlənilənlərin ən şərlisi olan Dəccalımı?
– Yoxsa qiyamət gününümü? O qiyamət hamısından daha şiddətli və acıdır” (Tirmizi, Zühd, 3.)
Bəli, bu hədislərdən anladığımız kimi fitnə və fəsadlardan uzaq olmağın ən etibarlı, ən zəmanətli yolu saleh əməllərə yapışmaqdır. Allah Təala nemət verdiklərini bizə bildirərkən salehləri də / saleh əməl sahiblərini də sadalayır: “Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər, şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (Nisa-69)
Nə üçün Allah başqa bir surə deyil, hər namazın hər rükətində Fatiha surəsini oxumağımızı əmr edir? Bu barədə heç düşündünüzmü? Mömin olaraq Fatihə surəsini gündə ən azı 40 dəfə oxuyuruq və gündəlik 5 dəfə namazda ümumilikdə 40 rükət qılırıq. Buna işrak, əvvabin və təhəccüd kimi nafilə namazları da əlavə etsək, say daha da artacaq.
Fatiha surəsi demək olar ki, Quranın bir xülasəsidir və bizim üçün bir yol xəritəsidir.
Allah bizə bu surədə həyat ölçüsünü verir: “ Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuş yəhudilərin və (haqdan) azmış xristianların yoluna yox! ” (Fatihə, 5-7)
Yuxarıdakı ayədən də anlaşıldığı kimi, bu nemət verilənlərdən biri də salehlərdir. Mömin olaraq fitnədən qorunmaq və fitnələrə vasitə olmamaq istəyiriksə, saleh əməllərdən yapışıb salehlərlə bir yerdə olmalıyıq. Beləliklə, o vəhdəti, birliyi, o qardaşlığı əldə etmiş, yaşamış olarıq.
Prof. Dr. Heydər Başın bir duası ilə yekunlaşdıraq: “Allah bizləri qəlblərində Allahı iqtidar edənlərdən eləsin”.
Salam və dualarla …
Məqalənin müəllifi: Heydər Bektaş.
Tərcümə edən: Anar Salayev.