Allah’ın xəlifətullah kimi yaratdığı və yer üzərinə göndərdiyi insan maddi və mənəvi bir varlıqdır. Maddi yönünü təşkil edən bədən onun zahiri formasıdırsa, mənəvi yönünü təşkil edən və xəlifətullah sifətini almasına səbəb olan nəfs, ruh, qəlb isə batini yönüdür.
Tarix boyunca bəşəriyyətin əmin-amanlığı və səadətini təmin etmək iddiasında olan bir çox iddiaçılar ortaya çıxaraq müxtəlif görüşlər ortaya qoymuşlar. Filosoflar, yazıçılar, müxtəlif fikir istiqamətlərini təmsil edənlər, ideoloqlar və bir sıra din qurucularından ibarət olan bu iddiaçılardan bəziləri insanın sadəcə maddi tərəfini, bəziləri isə sırf məna yönünə üstünlük verməklə, insanları səadətə qovuşdurmağa çalışmış, lakin uğur əldə edə bilməmişlər. Ağlın bütün problemləri həll etmək iqtidarında olması fikrini müdafiə edən filosoflar, insanın batini yönünü inkar etmişlər. Ancaq duyğu orqanlarının nəzarətində olan ağıl, bu gün bir çox məsələnin həlli yollarını göstərə bilmədiyi kimi, beş duyğu sahəsi də kifayət qədər inkişaf etməmişdir. Məsələn, qulaq müəyyən frekansların altında və üstündə olan səsləri duya bilmədiyi kimi, göz də su ilə dolmuş bir qabın içindəki qələmi sınıq formada qəbul edir. Buna bir çox misallar göstərmək olar. Deməli, insanda mövcud olan dərin və böyük bir sirri dərk etmək və onu tam səadətə qovuşdurmaq yolunda, ağlın tək başına yetərli olduğu iddiası məntiqli deyildir.
Hökmdarlar və dövlət adamları, ədalətin və ədalətlə hökm etməyin zəruriliyindən çıxış edərək cəmiyyətdə asayişi qoruyub saxlamağın əsas şərti olan insanın insani yönünü, hiss və duyğularını nəzərə almırlar. Lakin bunun nəticəsi kimi, onların nəzərində hərtərəfli kamil bir varlıq olan insana yenə birtərəfli yanaşılmış və bu istiqamətdə onu xoşbəxt etməyə səy göstərilmişdir.
İnsanı sırf mənəvi bir varlıq kimi tanıyan və onun maddi ehtiyaclarını, həqiqi səadətə qovuşmaq yolunda bir maneə hesab edən Uzaq Şərq dinlərindən biri olan Buddizm və onun rahibləri, günlərlə yemək, içmək, yatmaq və evlənməkdən əl çəkməyi, insanlardan uzaq bir tərkidünya həyatı sürməyi mütləq həqiqətə qovuşmaq üçün əsas şərt hesab etmişlər.
Bütün bu birtərəfli fəaliyyətlər, mikrokosmos adlandırdığımız insanı xoşbəxt etməmiş və edə də bilməz. İnsana axtardığını verə bilən yeganə dərman, ancaq Allahın ilahi bir nizamla göndərdiyi Hz. Muhamməd (s.ə.v) və onun gətirdiyi qayda və qanunlardır.
Çünki Rəsulullah (s.ə.v) insanın həm maddi, həm də mənəvi yönünü nəzərə almaqla onu tam varlığına qovuşdurmuşdur. Yaxud Peyğəmbərimiz insanın həm mələk və həm də bəşəri yönünü ələ alaraq onu kamilləşdirmişdir. Bu baxımdan onun həyatından nümunə götürmək, insanlar üçün yeganə səadət və qurtuluş yoludur.
Bəşəriyyət böhran və çətinliklərdən qurtulmaq istəyirsə Peyğəmbərimiz Hz. Muhamməd’i (s.ə.v) və onun gətirdiyi İslamı həyata keçirməli yəni risaləti tam mənada bilməli və onu həyatında gerçəkləşdirib rəhbər tutmalıdır. Bunu zəruri edən səbəbləri qısa formada belə deyə bilərik:
Tarixdə həyatı Peyğəmbərimiz qədər açıq və aydın şəkildə bilinən və tarixi sənədlərlə təsdiq olunan ikinci belə bir adam yoxdur. Yalnız onun həyatının hər səhifəsi ən incə detallara qədər insanların önünə çıxarılmışdır. Onun gətirdiyi ilahi prinsipləri qəbul etməyənlər belə, onun tarixi bir şəxsiyyət olduğunu təsdiq etməyə məcbur olmuşdur. Əslində nümunəvi insanın həyatının hər yönü və səhifəsinin bilinməsi zərüridir. Buna görə də Peyğəmbərimiz bu yönü ilə bəşəriyyətə məlum olan yeganə şəxsiyyətdir.
Tarixin hansı dönəmində olursa olsun, hər hansı bir nəzəriyyəni irəli sürən insanlar təmsil etdikləri mübarizəni tam mənada öz həyatlarında yaşamamışdılar. Peyğəmbərimiz isə təbliğ etdiyi və müjdələdiyi İslamın ən kiçik məsələsindən tutmuş ən böyüyünə qədər onu öz həyatında yaşamışdır. «Edin» deyə əmr etdiyi zaman onu əvvəlcə qətiyyətlə öz nəfsində gerçəkləşdirmiş, «Etməyin» deyə qadağan etdiklərini də heç bir zaman etməmişdir. Bu baxımdan peyğəmbərimiz canlı Qurandır. Yəni o, mücərrəd həqiqətlərin mücəssiməsinə çevrilmişdir. Buna görə də bu mənaya işarət edən Cənabi-Haqq «O istədiyini danışmaz. Söylədiyi şey ona vəhy ediləndən başqa bir şey deyildir» deyə buyurur. Buna görə də onun sözləri mütləq hökm, inkari isə mütləq küfrdür. O, kamalıyla mütləq kamil insandır. Başqa sözlə, mütləq kamil insandan murad, Hz. Fəxri Aləmdir.
Zübdeyi-Aləm olan Fəxri Aləmin kamalı heç bir insanın kamalı ilə müqayisə edilmədiyinə görə kainat onun dönəmində ən mükəmməl dövrünü yaşamışdır. Bunun üçün bu dövr Səadət Əsri və ya Nur Əsri adlanır. Yenə bu dövrü yaşayan əshabın nümunəvi həyatı heç bir dövrdə yaşanmamış, tarix əshab kimi nümunəvi bir nəsil tanımamışdır. Bir mübarizənin kamalı onu gerçəkləşdirən kadrların kamalıyla eynidir. Buna görə də sadəcə peyğəmbərimiz deyil, onun əshabı da bəşərin çatması mümkün olmayan məqamlara çatmışdır.
O, digər peyğəmbərlər kimi müəyyən bir qəbiləyə və ya millətə deyil, qiyamətə qədər gələcək insanların hamısına göndərilən bir peyğəmbərdir. Bu baxımdan dünyanın harasında olursa olsun onun haqqında eşidənlər qaçıb yanına gəlmiş və bu ilahi dini qəbul etmişlər. Həbəşdən Bilal, İrandan Səlman Farisi, öz qövmünə mənsub olanlar və hətta cinlər onun dəvətinə tələsmişlər.
Müxtəlif ərazi, rəng, dil və irqlərə mənsub olan insanların İslama dəstə-dəstə axışmaları, onun bütün aləmə gəldiyini, yəni müraciətinin universal olduğunu göstərir. Bu yönüylə o, Rəhmətən lil Aləmindir. Xülasə, sifətlərini saymaqla bitirə bilmədiyimiz bu uca insanın həyatının hər zaman olduğundan daha çox bilinməsi və tətbiq olunması zəruridir. Sədəcə millətimiz deyil, bütün bəşəriyyətin içində olduğu böhranlardan qurtulmasının tək yolu, peyğəmbərimiz Hz. Muhamməd’i, həyatının hər səhifəsinə hakim etməsindən keçər.
Allah müvəffəq edib, feyz və bərəkət ihsan etsin.
Amin.
Prof. Dr. Haydar Baş