İslam hüququnda malların növləri və miras məsələsi

İslam hüququnda malların növləri və miras məsələsi

İslam hüququnda mallar şəxsiyyətə və dövlətə aid olmaqla iki növə ayrılır. İslamdakı miras qanunlarına görə Peyğəmbərimizin (s.ə.v) özünə aid olan şəxsi mal­lar, O’nun vəfatından sonra mirasçılarına keçməli idi. Yəni miras ayələrində Peyğəmbərin (s.ə.v) mirasçıları ilə digər şəxslərin mirasçıları arasında bir fərq yoxdur.
Peyğəmbərin (s.ə.v) dövlət rəhbəri kimi idarə etdiyi mal və əmlak, İslam dövlətinə aiddir. Rəsul-i Əkrəm (s.ə.v) bu gəlirləri İslam dövləti və müsəlmanlar üçün xərcləyər, bəzən bu malları səhabələr arasında bölüşdürər və bağışlayardı.
İslam dövlətçilik tarixində bu cür ərazilərdən faydalanan səhabələrə Əli (ə.s), Əbu Bəkr, Əbdürrəhman ibn-i Afv, mühacirlərdən Bilal, Əbu Dücanə, Səhl ibn-i Hanif və ənsardan olan Haris ibn-i Səmmə kimilərini misal göstərmək olar. Bəlazuri yazır: “Rəsulullah (s.ə.v) Bən-i Nazir ərazilərindən bir parçasını içində­ki xurmalıqlarla birlikdə Zübeyr b. Avvama verdi.” “Rəsulullah (s.ə.v) içində dağ və mədən olan bir ərazini Bilala verdi.”, “Rəsulullah (s.ə.v) dörd parça yeri Əli b. Əbu Talib’ə verdi.”
Əksər Əhl-i Beyt alimi və bir qrup sünni alimi Fədək ərazisinin də dövlət malı kateqoriyasına aid olduğunu təsdiq etmişlər. Peyğəmbərin (s.ə.v) bu malları bağışlamaq səlahiyyəti vardır. Buna görə də bu ərazinin Hz. Fatimə’yə (ə.s) verilməsinin də bir problemi yox idi.
Başqa bir yanaşmada bildirilir ki, Fədək bölgəsi döyüşsüz ələ keçirildiyinə görə dövlət malıdır. Lakin onun dövlət malı olmasına baxmayaraq, Peyğəmbərə (s.ə.v) məxsus olan mallardandır. Peyğəmbər (s.ə.v) onu sərbəst şəkildə istifadə edə bilərdi.” Yəni bu ərazi Peyğəmbərin (s.ə.v) şəxsi mülkiyyəti olduğu üçün onu istədiyi şəkildə istifadə etmək və ya ondan gələn gəliri istədiyi adama vermək səlahiyyəti vardır. Allah-u Təala Quran-i Kərim’də (Həşr, 6-7) bu məsələyə münasibətini bildirmişdir.

Mənbə: İmam Əli”, səh.155-156, prof. Heydər Baş.