Kainatın yaradılış sirri

Quranın 15 əsr əvvəl xəbər verdiklərini dünyəvi elmlər yeni-yeni kəşf etməyə başlayırlar. Sevindirici bir haldır ki, dünyəvi elmlər (alimlər) gec də olsa, sanki bir-biriləri ilə yarışan kimi Quranın daha əvvəl xəbər verdiklərini kəşf edir və Quranın hökmünə tabe olurlar.
Bu cür inkişaf “Elmlə Dinin (İslam) uzlaşıb uzlaşmaması” məsələsini gündən-günə tarixdə qoyur.
“Quranla həqiqi elm necə uzlaşa bilər ki?!” – sualının cavabını ayələrlə izah etməyə çalaşacağıq:
İlk öncə qeyd etmək lazımdır ki, Qurani Kərim elmin birbaşa qaynağıdır (mənbəyidir). Allah Təala (c.c) buyurur:
“Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik)” (Ənam, 6/38)
“Biz, sənə Quranı hər şeyi bəyan etmək üçün nazil etdik” (Nəhl, 16/44)
“(Kainatda) Yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Ənam, 6/59).
Qurana görə kainatın ana maddəsi (əsasını təşkil edən sütun) belədir: “Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur” (Hud, 11/7).
Başqa bir ayədə isə belə buyrulur:
“Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, Yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdü” (Ənbiya, 21/30). Ayrılan parçalar kütlə halında birləşərək dumanlıqların, qalaktikaların, ulduzların və bizim Günəş sistemimizin əmələ gəlməsinə səbəb olmuşdur.
“(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü? Ki, (Allah) onu yaratdı; Qübbəsini ucaltdı, düzəldib mükəmməl nizama saldı” (Naziat, 79/27-28).
Qurani Kərim bizə kainatın hər an genişlənməkdə olduğunu da xəbər verir: “Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik)” (Zəriyət, 51/47).
Yuxarıda qeyd olunan ayələri təhlil edərkən başa düşmək olar ki, əsl elmi, iqtisadi inkişafa və sosial rifaha ancaq Quranın bizə təqdim etdiyi həqiqətləri öyrənərək və tətbiq edərək nail ola bilərik. Çox təəssüf ki, bir çox elm adamları Quranın həqiqətlərini görməzdən gələrək yanlış fikirləri ilə insanları və insanlığı uçuruma doğru aparmaqdadırlar. Hərçənd ki, 15 əsr əvvəl kainatın sirləri bizə Quran və Hz. Muhamməd (s.ə.v) vasitəsilə açıq şəkildə bəyan edilmişdir və dünyəvi elmlər ancaq yüz illər keçdikdən sonra bu həqiqətləri kəşf edə bilib.