Əbu Talibin ölüm tarixi dəqiq deyildir. Mühəddis-i Qumi Peyğəmbərliyin onuncu ilinin sonu rəcəb ayının 27-də, Zərqani ramazan ayının 12-də, Məqrizi zilqadə ayının əvvəlində, İbn-i Sa’d isə şəvval ayının ortasında, təqribən 80 yaşında vəfat etdiyini, Hz. Xədicənin də bundan 35 gün sonra 65 yaşında vəfat etdiyini qeyd edirlər. Rəsulullah (s.ə.v) beləcə həm Əbu Talibi, həm də Hz. Xədicəni itirdi. Buna görə də bu il “hüzn ili” adlandı. Əbu Talib “Hucun” deyilən yerdə dəfn edildi. Onun vəfatı Allah Rəsulu’nu çox üzdü. Çünki ən böyük himayədarını itirmişdi. Beləliklə, qüreyşlilər üçün Rəsulullah’a (s.ə.v) əziyyət vermək asanlaşdı. Rəsulullah (s.ə.v) bununla əlaqədar belə buyurur: “Əbu Talibin sağlığında qüreyşlilər Mənə əziyyət verə bilmirdilər.” İmam Sadiq (ə.s) belə buyurur: “Əbu Talib küfrü üzə çıxarıb imanı gizlətdi. O, vəfat edəndə Allah-u Təala Peyğəmbərinə Məkkədə himayədarının qalmadığını və buna görə hicrət etməsinin vacib olduğunu vəhy etdi. Beləcə, Rəsulullah (s.ə.v) Mədinəyə tərəf hicrət etdi.”
Əbu Talib vəfat edəndə Əmir’əl-möminin Əli (ə.s) Peyğəmbərin (s.ə.v) yanına gəlib atasının ölüm xəbərini çatdırdı. Rəsulullah (s.ə.v) çox üzüldü və Hz. Əli’yə (ə.s) belə buyurdu: “Get onu qüsl et və kəfənlə! Tabutun içinə qoyanda Mənə xəbər ver.” Hz. Əli (ə.s) deyilənləri yerinə yetirdikdən sonra Peyğəmbərə (s.ə.v) xəbər verdi. Rəsulullah (s.ə.v) Əbu Talibin cənazəsinin yanına gəlib kədər və qəm içində belə buyurdu: “Ey Əmi! Səninlə qohumluq əlaqəm vardır. Allah tərəfindən mükafatlandırılacaqsan. Məni uşaqlıqdan tərbiyə etdin. Böyüyəndə yardım etdin.” Sonra xalqa dönərək belə buyurdu: “Allah’a and olsun ki, əmimə elə bir şəfaət edəcəm ki, insan və cin aləmi heyrətlənəcəklər.” Daha sonra Hz. Əli (ə.s) atasının matəmində belə dedi: “Ey Əbu Talib! Ey sığınanların sığınacağı, ey rəhmət yağışı, ey qaranlıqların nuru, həqiqətən də sənin yoxluğun, çalışqan və böyük insanları kədərləndirdi. Sən Peyğəmbərə yaxşı əmi oldun.”
Prof. Dr. Haydar Baş, İmam Əli, s. 271.