HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Ammar b. Yasir #4

Hz. Ammarın Siffin və Cəməl döyüşlərində rolu:

O, Cəməl və Siffin döyüşlərində böyük qəhrəmanlıq etdi. Cəməl döyüşündə Hz. Aişənin dəvəsinin yüyənini tutan cəngavər döyüşçü Amr b. Yəsribi öldürdü və Malik Əştər ilə birlikdə böyük şücaətlər göstərdi. O, hamıdan çox Hz. Əli’ni fitnə atəşinin alovlanmadan söndürülməsi üçün Siffin döyüşünə təhrik etdi və bu döyüşdə sərkərdələrdən biri oldu. Kəşşi və digər tarixçilər Əbu’l Bəxtariyə istinad edərək yazırlar: “Siffin döyüşündə Ammar b. Yasirə bir kasa süd gətirdilər. O gülümsəyərək südü aldı və belə dedi: ‘Rəsulullah belə buyurmuşdu ki, dünyada ən son içəcəyin bir kasa süd olacaqdır.’ Ammar bu hədisi söyləyəndən sonra döyüş meydanına getdi və burada Muaviyənin ordusu tərəfindən hicri 38-ci ildə 94 yaşında şəhid edildi.”
Onun şəhid olmasından sonra Hz. Əli’nin haqlı olduğuna şübhə edənlər dərhal döyüşə girişdilər. Huzəymə b. Sabitin oğlu Amarə həmişə belə deyirdi: “Bu döyüşdə Ammar b. Yasir şəhid olanadək əlimə qılınc almayacam. Ammarın şəhadəti ilə hansı dəstənin haqlı olduğu bilinəcək və dəlil (hüccət) tamamlanacaqdır. Çünki Hz. Peyğəmbərdən (s.ə.v) Ammarın azğın və zalım bir dəstə tərəfindən öldürüləcəyini eşitdim.” Huzəymə, Ammarın şəhadətindən sonra belə dedi: “İndi haqqı və batili çox yaxşı tanıdım.” Huzəymə qılıncını əlinə alaraq döyüş meydanına getdi və böyük cəsarətlə döyüşərək şəhid oldu.

Ammarın şəhid olduğunu eşidən Hz. Əli (ə.s), döyüş meydanında onun cəsədini axtarmağa başladı. Onun cəsədini yerdə görəndə oturub ağlamağa başladı və kədərini bu şeirlə dilə gətirdi: “Ey ölüm! Məni tərk etməyəcəksən. Məni rahat et! Bütün dostlarımı Məndən aldın. Elə bil ki, sən dostlarıma zərər vermək üçün yaradıldın.” Hz. Əli vəsiyyətinə uyğun olaraq Ammarı qanlı paltarlarıyla namazını qıldıqdan sonra dəfn etdi.

 

  Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 232-233