«Sonra ey Muhamməd sənə: «Batildən haqqa tapınaraq müşriklərdən olmayan İbrahimin dininə tabe ol!» deyə vəhy etdik» (Nəhl, 123).
Xəlilullah-Xəlilurrəhman kimi tanınan Hz. İbrahim (ə.s) Allahın dostudur. Allah-Təalanın seçimi ilə əldə edilən peyğəmbərlik nə qədər böyük bir nemətdirsə, «Allahın dostu» sifətini qazanmaq, bəzi gözəl sifətləri mənliyində toplamaqla əldə olunan açıq bir həqiqətdir. Hz. İbrahimin qazandığı «xəlil» sifətindəki hikmətin sirri, onun Allaha olan qeyd-şərtsiz təslimiyyətindədir. Bunu aşağıdakı ayələr də təsdiq edir:
«Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən İbrahimin hənif dininə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi özünə dost tutmuşdur!» (Nisə, 125).
«Bu, Bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldirik. Şübhəsiz ki, Rəbbin Hakimdir, elm sahibidir» (Ənam, 83).
«Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb yaxaran və özünü tamamilə Allaha təslim etmiş bir zat idi» (Hud, 75).
Hər peyğəmbər Allaha təslimiyyət göstərmişdir. Sidq, sədaqət və təslimiyyət peyğəmbərlərin hakim sifətlərindəndir. Ancaq Hz. İbrahim xüsusilə bu yönüylə seçilmiş və zirvəyə ucalmışdır. O, təslimiyyətin təzahürü olan imtahan dolu bir həyat yaşamış və qazandıqlarını bu yolda qazanmışdır:
«Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona: «Səni insanlara imam təyin edəcəyəm» – dedi. İbrahim isə: «Nəslimdən necə?» – deyə soruşdu. Allah – «zalimlər mənim imamlığıma nail olmazlar» – buyurdu» (Bəqərə, 124).
Onun imtahanlar qarşısındakı vəziyyətini, həyat tarixçəsində görəcəyik.
Mənbə: Prof. Heydər Baş “Rəhmətən lil Aləmin” 1-ci cild., səh 30.