Hz. Zeynəb

    Kərbəla deyilincə Hz. İmam Hüseyndən (ə.s.) sonra ilk ağıla gələn ad, heç şübhəsiz ki Hz. Zeynəbdir. Əlbəttə, bu Zəhra və Əli yadigarının Kərbəladakı bənzərsiz rolu, həyatının digər sahələrini kölgə altında buraxdığı üçün həyatının Kərbəla faciəsindən əvvəli çox gündəmə gəlməməkdədir. Halbuki onu Zeynəb edən və Kərbəladakı müstəsna roluna hazırlayan faktorlar və qısacası daşıdığı fəzilətlər də fövqəladə əhəmiyyətlidir və bizlər üçün, xüsusilə də qadınlarımız üçün hər anı bir dərs xüsusiyyəti daşımaqdadır.

    Məşhur rəvayətə görə Hicrətin 5-ci ilində, 5 Cəmaziləvvəldə Mədinədə dünyaya gəldi. Hz. Zeynəb, öz həyatını əmi oğlusu Abdullah b. Cəfər (Cəfəri Təyyarın oğlu) ilə birləşdirdi və ondan Məhəmməd, Avn, Əli və Ümmü Gülsüm adlarında dörd uşaq dünyaya gətirdi.

    Məhəmməd və Avn, Kərbəla faciəsində İmam Hüseynlə birlikdə şəhid edildilər. Həyat yoldaşı Abdullah b. Cəfərin o sıralar 72 yaşlarında olduğu və yaşlılığı və narahatlığına görə Hüseynilərə qatıla bilmədiyi rəvayət edilmişdir.

    Hz. Zeynəb, evlənmədən əvvəl nikah əhdində “İmam Hüseyndən ayrı qalmağa dözə bilmədiyi üçün o harada olsa özünün də onunla olması lazım olduğuna dair Abdullaha bir şərt qoymuş, o da bu şərti qəbul etdikdən sonra onunla evlənmişdi.

    Qardaşları İmam Həsən və İmam Hüseynə inanılmaz dərəcədə məhəbbət və sevgi bəsləyirdi. Hətta Abdullah ilə olan evliliyi onlara olan bu sevgi və məhəbbəti bir zərrə belə azaltmamışdı. Hər gün onların ziyarətinə gedər, qucaqlaşar, söhbət edər, sağ-sağlam olduqlarını görüb sevinər, Allaha şükr edərək evinə geri dönərdi. Cəddi Rəsuli Əkrəmin, atası İmam Əlinin, anası Hz. Fatimənin və qardaşı İmam Həsənin şəhadətlərinin ardından geriyə tək təsəllisi İmam Hüseyn qalmışdı.

    Kərbəlada onun da acısını sinəsinə çəkərək əsirlər karvanıyla Küfəyə gətirildi. Burada qardaşı oğlu İmam Səccad ilə birlikdə əsir olmalarına baxmayaraq Kərbəlanın xəbərini qorxusuzca insanlara təbliğ etdi.

    Şamdakı sözləriylə Əhli Beyti tanımayan xalqı nurlandırdı. Mədinəyə qədər çatan əsarət altındakı səfərləri əsnasında keçdikləri hər yerdə fövqəladə xitabıyla Kərbəla qıyamını, İmam Hüseynin məzlumiyyətini, Yezid və yezidilərin zülmünü çəkinmədən insanlara çatdırdı. Bu söhbətləriylə Əhli Beytin haqqını gözlər önünə sərdi. Yezid və yandaşlarının gerçək üzlərini aşkara çıxarmağı bacardı.

    O, Kərbəla faciəsinin ardından ölənə qədər gözyaşı tökdü. Babası Rəsuli Əkrəmin (S.Ə.S.) ardından səbir gözyaşları tökən anası Fatimə (ə.s.) kimi, o da “Səbirli Qəhrəman” olaraq tarixin ən baş ucunda müstəsna yerini tutdu. Nəticə olaraq hicrətin 62 və ya 64-cü ilində həyata gözlərini yumdu. Zeynəbiyyə adı verilən türbəsi, bu günki Suriyanın paytaxtı Şamdadır.

    İnşaallah ki hamımız üçün bir ibrət vəsiləsi olar və bizləri məhşəri-Kübrada onun və anası Zəhrayi-Mərziyyənin (ə.s.) şəfaətinə nail olanlardan edər.

     

    Prof.Dr. Haydar Baş