Hz. İbrahimin (ə.s) soyu, dünyaya gəlişi və yaşadığı cəmiyyət #2

…Hz. İbrahim, göylərin və yerlərin varlığını düşünüb araş­dı­rar­kən, məntiqi metodlara məharətlə istinad etməsi, onu peyğəm­bərlər arasında daha uca bir məqama yetişdirir. O, ilahiləşdirilən ulduz, ay və günəşi tədqiq edir, «doğub batanları sevmərəm» deyir və bütün saxta tanrıları rədd edirdi.

Artıq qarşıdurma kəskinləşmişdi. Rəsmi bir bayram mərasimində, bütxanaya salınan Hz. İbrahim öncə orada olan bütlərə istehza etmiş, sonra isə onların hamısını baltayla bir-bir sındırmışdır. Axıra ən böyük bütü saxlamış və baltanı onun boynundan asmışdır. Bu hadisəylə əlaqədar Qurani-Kərimdə olan dialoqa nəzər salaq:

«(Müşriklər İbrahimi tapıb gətirərək): «Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın? – deyə soruşdular. O, «Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilərlərsə, özlərindən soruşun!» – deyə cavab verdi. Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: «Siz doğrudan da zalımlarsınız» – dedilər. Sonra yenə öz küfrlərinə qayıdaraq: «Axı sən bilirsən ki, bunlar danışmırlar!» – dedilər. İbrahim dedi: «Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Sizə də, Allahı tərk edib, ibadət etdiklərinizə də yazıqlar olsun! Əcəba, başa düşmürsünüz?» (Ənbiya, 67).

Bu cavabdan hiddətlənən Nəmrud məclisi toplayaraq Hz. İbrahimin ölümünə qərar verdi. Onun adi bir ölüm cəzasıyla deyil, ibrətli bir atəşə atılması ilə cəzalandırılması planlaşdırıldı. Nəhay­ət, bü günkü Urfada, bir təpə üzərində mancanaq quruldu, aşağıda (bu gün balıqlı gölün olduğu yerdə) günlərcə odun daşınmaqla böyük bir atəş hazırlandı və xalq buraya toplandı. Hz. İbrahim mancanağa yerləşdirildi. Dəhşətli bir atışla o Allah dostu atəşin ortasına atıldı. Həmin anda Hz. Cəbrail yetişərək yardım etmək təklifini bildirdi. Hz. İbrahim isə «Rəbbim mənim bu halımı bildiyinə görə o mənə kifayətdir» dedi. Onun bu güclü təvəkkül və təslimiyyəti, bütün səbəbləri aşaraq Allaha qəti bağlılığı bir möcüzə şəklində aşkar oldu və atəş onu yandırmadı. Çünki, atəş bir əmr qulu kimi Haqq olan Allahdan yandırma» əmrini aldığına görə yandıra bilməzdi. Bu böyük möcüzə ayə ilə təsdiq olunur: «Biz – ey atəş!» İbrahimə qarşı sərin və xətərsiz ol, dedik» (Ənbiya, 69)…

Mənbə: Prof. Heydər Baş “Rəhmətən lil Aləmin” cild 1, səh 31-32