Şiddətlənən atəşi maraqla izləyən xalq, nəhayət Hz. İbrahimi (ə.s) atəşin ortasında yamyaşıl bir baxçada oturduğunu gördü. Bu, Haqqın aşkar olan qüdrəti və ədalətinin qələbəsi idi. Xalqın bir qismi bu hadisədən təsirlənərək iman etdi və beləliklə, Nəmrudun siyasi nüfuzu sarsıldı.
Bundan hiddətlənən Nəmrud, Hz. İbrahimə qarşı daha da sərtləşdi və onu məğlub etmək məqsədiylə yanına çağıraraq: «Bizə Rəbbini tanıt» deyə, bu kimi bir çox suallar atəşinə tutdu. Bu barədə Qurani-Kərimdə belə deyilir: «Allahın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? İbrahim: Mənim tanrım həm dirildir, həm də öldürür» – dediyi zaman o (Nəmrud): «Mən də həm dirildir, həm də öldürürəm» – demişdi. İbrahim ona: «Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!» – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah özünə zülmedənləri düz yola yönəltməz!» (Bəqərə, 258).
Bu mübarizədə Nəmrudun aciz qaldığını görürük. Hər dövrdə olduğu kimi, o dövrdə də küfr məntiqinə və riyakarlığa əsaslanan Nəmrud, iki əsiri öldürüb, ikisini də sərbəst buraxmaqla «öldürmə» və «diriltmə» hadisəsinin məntiqini başqa istiqamətə yönəltməyə çalışmış, lakin günəş məsələsində öz acizliyini duyub, heç bir hiylə və azğınlığa əl ata bilməmişdir.
Nəmrud, amansız davam edən mücadilə nəticəsində nəhayət, bir yaralı ağcaqanadın onun burun nəfəs borusuna girməsiylə öldü. Beləliklə, tanrılıq eşqində olan bir despotun nə qədər zəif bir məxluqla heç edildiyini Allah Təala, bütün aləmə bir ibrət kimi göstərdi. Bax, böyüklük eşqində olanların sonu belə olacaqdır.
Nəhayət, Hz. İbrahimin təbliği cəmiyyətdə mənimsənildikdən sonra tamamlandı və Allah Təala ona köçməyi əmr etdi. O, öz tərəfdarlarıyla Harran ərazisindən Fələstinə köçərək, orada Səmudlulara peyğəmbər kimi göndərilən və bu ilahi vəzifəni boynuna düşən bir məsuliyyət kimi yerinə yetirən qardaşı oğlu Lut Peyğəmbəri (ə.s) ziyarət etdikdən sonra xanımı Sara Xatunla birgə Misirə köçdü. O dövrdə, Misir hökmdarı xalq arasında gözəllikləriylə nəzərə çarpan qadınlar haqqında xəbər çatdıranlara mükafat verirdi. Onlardan biri Sara xatun barədə hökmdara məlumat vermişdir. Onun adamları Sara xatunu aparmaq üçün gələndə, Hz. İbrahimdən soruşdular: «Bu sizin nəyinizdir?» Hz. İbrahim, onların pis niyyətlərini anlayaraq, «bu mənim bacımdır» dedi. O dövrdə Misir qanunlarına görə, heç kimin bacısı əlindən alına bilməzdi. Hz. İbrahim ilahi bir fərasətlə həm onların pis niyyətlərinin qarşısını almış, həm də din qardaşlığını nəzərdə tutaraq yalan söyləməkdən azad olmuşdur.
Mənbə: Prof. Heydər Baş “Rəhmətən lil Aləmin” cild 1, səh 32-34