Hz. İbrahim Mesopotamiyada, daha dəqiq desək Babil və Nineva şəhərləri ətrafında yaşamış və öz mübarizəsini orada davam etdirmişdir. Babillərin paytaxtı olan Babil şəhərinin qədim əhalisi, süryani dilində danışan naxt qövmü idi. Sonralar, Babildə xaldey tayfası qüvvətlənmiş və naxt qövmünə varis olmuşdur. Eyni bölgədə Babillərdən sonra zühur edən Aşşurlar, Nineva şəhərini paytaxt edib, Babili oraya təhkim etdilər. Ulduzlara sitayiş edən babillilər kahinlərə inanırdılar. Onların məşhur hökmdarı, ilk qanun yaradıcısı kimi tanınan Hammurapi, zülm və despotizmə əsaslanan bir hakimiyyətə malik idi. Hz. İbrahimin atası Azər (başqa bir rəvayəə görə əmisi), burada büt düzəldib, onlara qulluq etməklə məşğul idi.
Kahinlərin falına əsasən öz siyasi aqibətindən qorxan Nəmrud, bir il ərzində doğulan körpə oğlan uşaqlarının öldürülməsini əmr etdi. O zaman Hz. İbrahimdən hamilə olan anası öz hamiləliyini gizləmiş, bir rəvayətə görə doğum anı yetişəndə Kufədə, başqa bir rəvayətə görə isə Mesopotamiyanın bu günkü Urfa şəhərində bir mağaraya yerləşərək, Hz. İbrahimi dünyaya gətirmişdir. Oğlan uşaqlarının qətlinə son qoyulduğu zaman yenidən Babilə qayıtmışdır. Cənabi-Haqqın hikməti olan Hz. İbrahim sürətlə həddi-buluğa çataraq öz analitik təfəkkürü və kəskin zəkasıyla hamının diqqətini özünə cəlb etmişdir. O, atası Azərə və anasına «Rəbbim kimdir, bu aləmi kim yaratdı?» kimi suallar verir, tez-tez atasıyla bu məsələləri müzakirə edir, atası isə onun sualları qarşısında çarəsiz qalıb hiddətlənirdi. Bu barədə Qurani-Kərimdə belə deyilir:
«Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: «Sən bütləri tanrı kimi qəbul edirsən?» – Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm» (Ənam, 74).
«Atası dedi: «Sən mənim tapındığım tanrılardan üzünü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!» (Məryəm, 46).
Hz. İbrahim, Azərlə mücadiləsini belə davam etdirirdi. Evləri bütxananın yaxınlığında yerləşməsinə baxmayaraq, Hz. İbrahim heç vaxt bütlərə sitayiş etməmişdir. Çünki, peyğəmbərlər Allah’ın qoruduğu məhfuz varlıqlardır.
Mənbə: Prof. Heydər Baş “Rəhmətən lil Aləmin” cild 1, səh 30-31