İslam terrorizmi rədd edir #2

Bizim etiqad əsaslarımızda fironun yeri məlumdur. O, Allaha üsyan edənlərin ən başında olan bir insandır. Ancaq Cənabı – Haqq, Hz. Musanı İslamı təbliğ etmək üçün göndərərkən “Ya Musa, Fironla yumşaq şəkildə danış(Taha, 44) buyurmuşdur. Ayənin incəliyinə fikir verin; yəni Fironla nəzakətlə, gözəl şəkildə danışın. Cənabı – Haqq Fironun müsəlman olmayacağını bilmirdimi? Əlbəttə ki, bilirdi. Bu ayədəki əsas məqsəd bir müsəlmanın bir insana (kafir belə olsa) verdiyi dəyəri ortaya qoymaqdır. Nəticədə çox maraqlı hadisələr baş vermişdir. Firon müsəlman olmadı, amma Hz. Musanın göstərdiyi kamillik, alicənablıq nümunəsi sehrbazları sanki  ovsunlamış və onlar İslamı qəbul etmişdilər. Buna qəzəblənən Firon, “Siz Musanın Allahına necə inana bilərsiniz?” – deyib, sehrbazların əllərini və qollarını kəsdirmişdir.

Rəsulullahın (s.ə.v) və əshabının istər Məkkə, istərsə də Mədinə dövründəki yaşayış tərzini təhlil etsək, İslamın terrorla heç bir əlaqəsinin olmadığını görərik.

Bilirsiniz ki, İslamda Məkkə və Mədinə dövrləri vardır. Hər iki dövrdə də müşriklər tərəfindən Rəsulullaha (s.ə.v) və tərəftarlarına güclü təzyiq göstərilmişdir. Müşriklər müsəlmanlara iftira atsalar da, onları döysələr də, ac-susuz qalmağa məcbur etsələr də  müsəlmanlardan heç biri müşriklərə əl qaldırmamışdır. Halbuki onların da əli və nəfsi var idi.

Bəs  səhabələr bu zülmün qarşılığında nə edirdilər? Səhabə onlara qarşı bu zülmü edənlərin hidayət olmaları üçün “Ya Rəbbi, bu insanlara Sən hidayət nəsib et” deyə dua edirdilər… Baxın, İslam məhz budur.

Peyğəmbər (s.ə.v) Əfəndimiz Taifə hicrət etdiyi zaman müşriklər onu daş yağışına tutmuşdular. Amma Peyğəmbərimiz (s.ə.v) onlara bəd dua belə etməmişdir. Hz. Cəbrayıl Onun (s.ə.v) yanına gələrək: “Ya Muhamməd, dua et, Cənabı – Haqq bu iki dağı qovuşdursun və Taifi yox etsin”. Peyğəmbər Əfəndimiz (s.ə.v) cavabında: “Ya Cəbrayıl! Özünə gəl!.. Mən aləmlərə rəhmət olaraq göndərildim. Necə olur ki,  bu insanların həlak olmasını istəyə bilirsən?” – demişdir. Sonra əllərini açaraq Allaha dua etmişdir: “Ya Rəbbi, bu qövm Səni və məni tanımırlar və bu səbəbdən üsyan edirlər. Bunlara Sən hidayət nəsib et”.

Əgər elə olmamış olsaydı, müsəlman olan insan o din üçün canını sevə-sevə verərdimi? Mömin sadəcə iki günlük dünya üçün yaşayan insan deyil. Mömin olanın sonsuz bir həyat anlayışı var. O sonsuz aləmə özünü hazırlayır. Səmimi olaraq iman etsək, üzümüzün rəngində də fəqlilik olar. Belə ki, Cənabı-Haqq “Onların üzlərində səcdə izi vardır” (Fəth 48/29) buyurur. Allah bizi onlardan eyləsin…

 

İslam terrorizmi rədd edir #1