İmam Cəfər Sadiq (ə), Müfəddəl ibn Ömərlə etdiyi söhbətlərin birində ilk dəfə olaraq bədəndəki qan dövranını da izah etmişdir. Beləliklə, o, qan dövranını kəşf edən alim kimi tanınan Vilyam Harveydən əvvəl bu faktı açıqlamışdır.
İmam belə buyurur:
“Ey Müfəddəl! Qidanın bədənə necə çatdığını və bu hadisənin arxasında duran ağılları çaşdıran plan haqqında düşün. Yemək mədəyə çatar, mədə isə onu bişirərək həzm edər. Sonra isə yemək hörük kimi bir-birinə sarılmış damarlar vasitəsilə qaraciyərə çatar. Artıq yemək süzülmüş və həzm edilmiş vəziyyətdədir. Qaraciyərə isə yeməyin özündən heç bir şey çatmamalıdır, əks halda qaraciyər zədələnər.
Çünki qaraciyər zərif orqandır, sərt şeylərə tab gətirə bilməz. Qaraciyər də bunları ən incə plana uyğun olaraq qəbul edər, qana çevirər və bu qanı da bütün bədənə yayar. Bu prosesi də qan dövranı üçün hazırlanmış kanallar vasitəsilə həyata keçirər. Eynilə suyun axması üçün hazırlanan kanallar kimi… Necə ki, su bu kanallarla yerdə axır. Sonra isə qan, bədəndə olan artıq maddələri bu məqsədlə hazırlanmış dəliklərdən xaric edər. Ona görə də öd kimi acı maddə öd kisəsinə, qara hissəsi dalağa, yaş və nəmli hissə isə sidik kisəsinə gedər. İndi isə bədən quruluşunun təməlində yatan hikmət haqqında düşün, bədənin hər bir orqanı bu plana uyğun olaraq lazım olan yerə yerləşdirilmişdir. Həmin qablar bədənin uyğun yerlərinə ona görə qoyulmuşdur ki, bu tullantılar orada yığılsın, bütün bədənə yayılmasın, vücudun xəstələnməsinə və öz işini görə bilməməyinə səbəb olmasın. Ən gözəl təqdirin və ən sağlam planın sahibi olan Allahın şanı çox ucadır”.