Azərbaycanda Əhli-Beyt izləri – Bibiheybət Məscidi

İslam dini qısa vaxt ərzində coğrafi nüfuz dairəsini genişləndirmiş və yayıldığı ərazilərdə həyatın müxtəlif sahələrinə əsaslı surətdə təsir göstərmişdir.

Azərbaycan da tezliklə ümumislam mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Azərbaycanda İslam dininin yayılması xalqın taleyində dönüş yaratmış və onun mənəvi-mədəni inkişafına təkan vermişdir.

Azərbaycan nəinki müsəlmanlaşaraq ümumislam mədəniyyətinin tərkib hissəsinə çevrilmiş, hətta sonralar Peyğəmbər (s.ə.v) nəslindən olan insanların pənah gətirdikləri və sığınacaq tapdıqları mübarək məkana çevrilmişdir.

Xilafətin başında duran şəxslərin Əhli – Beytə olan xüsusi düşmənçiliyi, etdikləri təqib və təzyiqlər bu insanları (Peyğəmbər nəslini sakit, təhlükəsiz həyat arxasınca xilafətin ucqarlarına üz tutmağa, daha doğrusu, könüllü sürgün həyatı yaşamağa məcbur etmişdir.

Azərbaycan bu müqəddəs insanların bir qismi üçün könüllü sığınacaq yeri, Azərbaycan xalqı isə onların himayədarı olmuşdur.

Bu baxımdan Bakıya, Gəncəyə və Azərbaycanın digər şəhərlərinə İmam Hüseyn (ə.s) şəhəri, burada yaşayan insanlara isə İmam Hüseyn (ə.s) aşiqləri deyilməsi də təsadüfi deyildir. Xalqımızın Əhli-Beyt sevgisinin ən gözəl nümunəsi Bibiheybət, İmamzadə və sair ziyarətgahların varlığı və bu müqəddəs məkanlara əsrlər boyu göstərilmiş qayğıkeş münasibətdir.

Bibiheybət qəsəbəsində yerləşən ziyarətgahda yeddinci İmam Museyi-Kazımın (ə.s) qızı, səkkizinci İmam Əli ibn Musa ər-Rzanın (ə.s) bacısı Həzrət Həkimənin (xalq arasında Hökümə xanım da deyilir) və İmam Museyi-Kazımın (ə.s) üç nəvəsinin (2 oğlan, 1 qız) məzarları yerləşir. İmam Museyi-Kazımın (ə.s) digər qızları Həzrət Leyla xanım Bilgəh qəsəbəsində, Həzrət Rəhimə xanım isə Nardaran kəndində yaşamış və Allahın rəhmətinə qovuşduqdan sonra buradaca dəfn edilmişlər. Onların Azərbaycana gəlişi əsasən İmam Rzanın (ə.s) şəhadətindən sonra baş vermişdir.

Mənbə: Azərbaycan və Əhi-Beyt İrsi (Məqalələr toplusu)
“Elm və təhsil” BAKI – 2013 səh. 90 Nahid Məmmədov