“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir, Qarabağ Azərbaycandır! Bu münasibətlə bütün Azərbaycan xalqını və bütün Şuşalıları ürəkdən təbrik edirəm.”
8 noyabr, 2020-ci il…
44 gün davam edən şanlı Vətən müharibəsi, Ali baş komandanımızın Şuşanın azad edilmə xəbərini verməsi ilə bitdi. Bu, 30 ilə yaxın düşmən tapdağı altında olan tarixi Qarabağ torpaqlarının azad olması demək idi.
Bu gün Azərbaycan Respublikasında Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamına əsasən ikinci Qarabağ müharibəsindəki qələbə şərəfinə qeyd edilən Zəfər günüdür.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu ərazilərimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində ölkəmizdə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda isə qismən səfərbərlik elan edildi.
Müharibə zamanı, qısa müddətdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri işğaldan azad edildi.
Ermənistan rəhbərliyi sonda müqavilə ilə digər torpaqları qaytarmağa məcbur oldu. Moskvada imzalanan müqaviləyə görə, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması elan edildi.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları azad edildi.
Torpaqlarımızın işğaldan azad olunmasına baxmayaraq, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd rayonlarında bəzi separatçı qüvvələrin fəaliyyəti davam edirdi. Bu səbəblə 19-20 sentyabr tarixində uğurlu lokal xarakterli antiterror əməliyyatı keçirilmiş və Azərbaycan Respublikası öz suverenliyini tam şəkildə bərpa etmişdir.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqqında prezidentin ilk fərmanı dekabrın 2-də verildi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Dövlətimizi, ordumuzu qorusun!
Şair Abdulla