Məscidül-Əqsa və Qüds İslam dünyasının müqəddəs məkanı və inanc yeridir. 2017-ci ilin dekabr ayında ABŞ-ın keçmiş prezidenti Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi bütün İslam dünyasına qarşı mənfur bir davranış və təhqir olmaqla yanaşı, bölgədə gərginliyin ciddi şəkildə artmasına, münaqişənin alovlanmasına, günahsız insan ölümlərinin davam etdirilməsinə rəvac verdi. Trampın basdığı “düymə” Yaxın Şərqdə enerji və ərazi müharibələri kimi başlayan müharibəni “dinlər müharibəsinə” də çevirmişdir.
Təəssüf ki, təhrif olunmuş yəhudi və xristian inancı Qüds məsələsində birləşir. Çünki xristianlara görə İsa Peyğəmbərin Yerə enəcəyi yer Qüds torpağıdır. Bu səbəbdən də hər bir xristianın yəhudilərə xidməti bir etiqadi zərurət hesab edilməkdədir. Yəhudilər isə Böyük İsrail Dövlətinin qurula bilməsi üçün Süleyman Məbədini tikməyə çalışırlar. Bunun üçün isə Məscidül-Əqsa dağıdılmalı və Məsihin yer üzünə enməsi üçün yerində Süleyman məbədi tikilməlidir.
Qeyd edək ki, Məscidül – Əqsa, Hz. Peyğəmbərimizin (s.ə.v) Merac möcüzəsi ilə göyə qalxmasından əvvəl peyğəmbərlərə namaz qıldırdığı məkan olaraq müqəddəs sayılır və Qüdsdə yerləşir. Bir hədisi – şərifdə Hz. Peyğəmbər (s.ə.v) bu yerin əhəmiyyətinə işarə edərək “(İbadət üçün) bu üç məsciddən başqasına səfərə çıxılmaz: Məkkədəki Məscidül-Harama, Mədinədəki Məscidül-Rəsula və Qüdsdəki Məscidül-Əqsaya”- deyə buyurmuşdur. Müsəlmanların ilk qibləsi olan bu məscid və Qüds şəhəri əsrlər boyu İslam dünyası üçün müqəddəs və əziz məkan olmuşdur və belə də qalacaqdır. Ona görə də bütün İslam ümməti bütöv bir vücud olaraq törədilən cinayətin əleyhinə çıxmalı və Qüds şəhərini bütövlükdə müsəlmanların paytaxtı elan etməlidir.