Əbu Əyyub Nəhrivan döyüşündə
Hz. Əli’nin xaricilərlə etdiyi Nəhrivan döyüşü hicrətin 38-ci ilində Hərvəra adlanan yerdə baş vermişdir. Əbu Əyyub bu döyüşdə böyük rol oynadı. Bəzən danışıqlarıyla xariciləri sülhə və tövbəyə dəvət etmişdir. O, xaricilərə belə dedi:
“Ey Allah’ın qulları! Dünən sizinlə bir cərgədə idik. Aramızda heç bir ayrılıq yox idi. Bəs indi niyə döyüşürük? Gəlin azğınlıqdan əl çəkin!”. (27.c.6.s.286)
Əbu Əyyubun vəfatı
Muaviyənin xilafəti dövründə yaşı yetmişi keçmişdi. Romalıların İslam’a zərbə endirmək üçün fürsət axtardıqlarını və əlverişli vaxtda hücum edəcəklərini xəbər aldı. Muaviyə İslam xilafətini qəsb etmişdir. Lakin İslam təhlükə altında olduğu üçün Əbu Əyyub İslam ordusuyla birlikdə Romaya doğru hərəkət etdi. Ancaq indiki İstanbul ərazisində (Konstantinopol) xəstələnərək vəfat etdi. Son nəfəsində yoldaşları onun istəyinin olub olmadığını soruşdular. O belə dedi:
“Dünyaya aid heç bir istəyim yoxdur. Ancaq cənazəmi götürüb düşmən torpaqlarında ən son nöqtəyədək irəliyə gedin və o son nöqtədə məni dəfn edin. Çünki mən Allah Rəsulu’nun belə buyurduğunu eşitdim: ‘Konstantiniyyə divarları yaxınlığında əshabımdan olan saleh bir qul dəfn ediləcəkdir.’ Həmin adam mən olmaq istəyirəm.”
Bu sözlərdən sonra Əbu Əyyub vəfat etdi. Yoldaşları onun cənazəsini İstanbul yaxınlığında dəfn edib, məzarını təyin etdilər. (49.c.22.s.113)